Menu
Geri İrəli

Üçgünlük müharibədən Azərbaycan nə qazandı?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2016 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

Aprelin 1-dən 2-nə keçən gecə son 23 illik hərbi tariximizin Azərbaycan üçün ən yadda qalan gününə çevrildi.

“Qafqazinfo” xəbər verir ki, həmin gün nəinki xalqın, hətta aparıcı dünya dövlətlərinin, beynəlxlaq nüfuzlu təşkilatların diqqəti də Qarabağ cəbhəsində baş verən döyüşlərə yönəlmişdi. Azərbaycan dövləti gözlənildiyindən də artıq şəkildə dünya dövlətlərinin onun haqlı mövqeyini müdafiə etdiyinin şahidi oldu. Başda Türkiyə olmaqla, digər dövlətlər də Azərbaycan prezidentinə zəng edərək yanımızda olduqlarını bəyan etdilər. Hətta İranın da prosesə aktiv şəkildə qoşulduğunu gördük. Belə ki, Azərbaycan, Rusiya, İran XİN nazirləri Bakıda keçirdiyi üçtərəfli görüşlərdə Dağlıq Qarabağ mövzusuna da toxundular.

Bu sülh müvəqqəti xarakter daşıyır

İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman da Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslandığını qeyd edərək ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə apardığını vurğuladı. Qeyd edək ki, İsrail tərəfindən Azərbaycanı dəstəkləyən bir mövqenin bəyan edilməsi bizim üçün mühüm uğurdur.

ATƏT-nin Minsk qrupunun həmsədrləri təcili Bakıya gələrək ölkə başçısı ilə görüşdülər. Ardınca Rusiyanın XİN naziri Sergey Lavrov gəldi, bu gün isə baş nazir Dmitri Medvedyev Bakıya gələcək.

Belə desək, Rusiyadan başqa əksər dövlətlər baş verən proseslərdə Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Bununla da Dağlıq Qarabağın Azərbaycanın torpağı olduğu bir daha dünyaya sübut edildi.

Bundan əlavə, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistanı sülhə çağırdılar. Azərbaycan birtərəfli qaydada atəşkəs elan etsə də, sonradan Ermənistan da bu qaydaya əməl edəcəyi ilə bağlı bəyanat verdi. Son iki gündə isə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyi göz önündədir.

Gedən proseslərdən, həm də siyasilərin çıxışından məlum olur ki, razılaşdırılmış bu sülh müvəqqəti xarakter daşıyır.

Problemin həll olunmasında maraqlı olan bütün qüvvələr məsələnin Azərbaycanın xeyrinə həll olunması üçün Ermənistanı sülh məcbur etdirərək işğal etmiş torpaqlardan çıxmasını israrla tələb etməlidirlər.

Eyni zamanda bu gün ictimaiyyət üçün aktual olan bir sual var. Azərbaycan əldə edilmiş bu qələbəni daha böyük zəfərlərlə sonlandırmaq üçün daha nələr etməlidir?

“Qafqazinfo” bu sualla Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən parlamentin Beynəlxaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və həmin komitənin üzvü Asim Mollazadəyə müraciət edib.

“Erməni ordusunun ətrafında yaranmış mif dağıdıldı”

Komitə sədri, millət vəkili Səməd Seyidov hesab edir ki, ölkə başçısının və xarici işlər nazirinin bəyanatları və çıxışları hamı üçün bir fəaliyyət planı kimi əsas olmalıdır: “Cənab prezidentin sülh və danışıqların aparılması istiqamətində atdığı çox cəsarətli addım bir daha ona dəlalət edir ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub. Sadəcə, ermənilər bu sülhün nəinki tərəfdarı olmayıblar, əksinə regionda sabitliyi ən ciddi şəkildə pozan faktor kimi mövcuddurlar. Ona görə də bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu yalnız cəbhədə hərbi qələbə və bir neçə yüksəkliklərin götürlməsi ilə bağlı məsələ deyil. Bu özü-özlüyündə çox vacib və əhəmiyyətli bir məsələdir. Ona görə ki ordumuz üstünlüyü əldə edib. Ruh yüksəkliyi göz qabağındadır. Ermənistan ordusunun nə dərəcədə zəif və müqavimət göstərmək imkanına malik olmadığını göstərdi. Erməni ordusunun ətrafında yaranmış mifi dağıtdı. Bu məsələnin hərbi tərəfidir.

Bunun ən böyük siyasi tərəfləri də var. Birincisi, torpaqlar mütləq qayıdacaq, ikincisi, ən əsası siyasi nöqteyi-nəzərdən dünyanın diqqəti Azərbaycan torpaqlarının işğalına yönəldi. Üçüncüsü, danışıqlar prosesində dekonstruktiv mövqe tutan, qaçan Ermənistan bu fürsətdən, imkanlardan istifadə edə bilməyəcək. Çünki qaçmağa yer artıq yoxdur. Sonuncu siyasi nəticə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin apardığı çox məntiqli, səbirli düzgün siyasət həm Azərbaycanın iqtisadiyyatını dünya səviyyəsində yüksəltdi, həm Azərbaycanın xalq sözünü dünyada eşitdirdi, Dağlıq Qarabağla, müharibə ilə bağlı mövqeyinin ədalətli olması haqqında dünyaya sübut etdirdi. Bir var ki, mövqe ədalətli olsun, ancaq onu eşitməsinlər. Bu hadisələrədək mövqeyimiz çox ədalətli, düzgün idi, ancaq əksər hallarda beynəlxalq təşkilatlar, dövlətlər bunu eşitməməzliyə vururdular. Xüsusilə ATƏT-nin Minsk qrupu. Ancaq indi həm eşitməyə, həm qulaq asmağa, həm də nəticə çıxarmağa məcburdurlar”.

“Yenə də cəbhədə vəziyyət gərgin olaraq qalır”

Millət vəkili Asim Mollazadə də qeyd edib ki, Azərbaycan uzun illərdir ki, beynəlxalq hüquq normalarının bərqərar olunmasını istəyir: “Azərbaycan həm beynəlxalq təşkilatların, həm də dövlətlərin qarşısında həmişə bir məsələni qaldırıb ki, bizə sülh lazımdır. Azərbaycan təcili sülh, beynəlxalq hüquq normalarının uyğun olaraq torpaqlarının işğaldan azad olunmasını istəyir. Ancaq təəssüf ki, bu istiqamətdə heç bir irəliləyiş olmadı. Hətta bəzi beynəlxalq təşkilatlara Minsk qrupunun həmsədrlərinin təsiri ilə təcavüzkarı cilovlamaq istəyən təşkilatlara da bu vasitəçi qrupu imkan vermir ki, təcavüzkara onun təcavüzkar olduğunu bir də diqqətinə çatdırsınlar. BMT-nin, digər təşkilatların qərarlarının icrasını yerinə yetirsinlər. Bunun nəticəsində daha da azğınlaşmış, özünü demək olar ki hüququn üstündə hesab edən Ermənistan öz cinayətlərini davam etdirir. Ermənistanın mülki əhaliyə qarşı artilleriya və bütün silahlardan atəş açır.

Azərbaycan da məcbur idi ki, bu istiqamətdə müvafiq addımlar atsın ki, mülki əhalini qorusun. Yenə də cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan bütün çağırışlara müsbət yanaşaraq atəşkəsi birtərəfli qaydada elan edib. Ermənistan nəinki sərhəd bölgələrinə, həmçinin ötən gün Naxçıvana da atəş açıb. Azərbaycanın bütün işi ondan ibarət olmalıdır ki, biz bütün bu vəziyyəti Minsk qrpunun üzvü olan ölkələrə, digər təşkilatların diqqətinə çatdırmalıyıq. Təcavüzkarıın yürütdüyü cinayətkar siyasətə göz yumanda belə bir ağır vəziyyət yaranır. Azərbaycana təcili sülh lazımdır. Azərbaycanın Silahlı Qüvvələrinin də apardığı əməliyyatlar da sülh əldə olunması, təcavüzkarı cilovlamaq istiqamətində aparılan addımlardır”.

Günel Türksoy

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın