Menu
Geri İrəli

Vergi ödəməkdən yayınmağa görə cinayət məsuliyyəti barədə – ANAR QASIMLI YAZIR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncamda qarşıya qoyulmuş əsas məqsədlərdən biri də cəza siyasətinin humanistləşdirilməsidir. Bu məqsədlə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyələr edilmiş, Ədliyyə Nazirliyinə isə, tapşırılmışdır ki, bir sıra istiqamətlərdə, o cümlədən, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması (yəni cinayət sayılmaması) istiqamətində qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
Qüvvədə olan Cinayət Məcəlləsinin 24-cü fəsli (190-213-3 maddələri) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyət müəyyən edir. Belə əməllərdən biri də vergi ödəməkdən yayınmadır.
Cinayət Məcəlləsinin 213-cü maddəsi xeyli miqdarda, yəni 20 min manatdan 100 min manatdək məbləğdə vergini və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Külli miqdarda, yəni 100 min manatdan artıq məbləğdə vergidən və ya məcburi dövlət sosial sığorta haqqından yayınmaya və mütəşəkkil dəsə tərəfindən vergidn yayınmaya isə, daha sərt formada – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməlin dekriminallaşdırılması təxirəsalınmaz sosial tələbat olmaqla demokratik cəmiyyətdə zəruridir. Vergi öhdəliyini yerinə yetirə bilməyən şəxs cinayət cəzası ilə təhdid olunmamalıdır. Bu fikir qətiyyən vergini ödəməyin kimi başa düşülməməlidir. Vergiləri vaxtlı-vaxtında ödəmək hər kəsin borcudur
“Cəza təhdidi olmazsa vergidən yayınma halları daha da artar” fikrinin yaşam haqqı da yox dərəcəsindədir. Əgər şəxs qəsdən vergini ödəməkdən yayınırsa, demək onun vergi ödəmək üçün maddi imkanı, tutma yönələ bilən hansısa əmlakı vardır. Bu halda həmin şəxsin vergi ödəməsini stimullaşdırmaq, vergilərin məcburi tutulmasını təmin etmək və s. bu kimi tədbirlər görmək lazımdır.
Ola bilər ki, şəxs vergini hər hansı obyektiv səbəbdən ödəyə bilmir. Buna görə onu həm də cərimə etmək, yaxud müəyyən müddətə azadlıqdan məhrum etmək dövlətə hansı fayda verir? Vergini ödəyə bilməyən şəxs cərimə cəzasını da ödəyə bilməyəcək, daha sonra cərimə cəzası azadlıqdan məhrum etmə ilə əvəzlənəcək. Şəxs bir müddət cəza çəkib azadlığa çıxacaq. Bundan sonra nə baş verəcək? Vergini ödəyəcəkmi? Ödəməyəcəksə nə olacaq? Yenidən cinayət məsuliyyətinə cəlb olunacaq? Yox! Çünki, bir əmələ görə bir dəfə məsuliyyət prinsipi var.
Bəs, vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini stimullaşdırmaq üçün hansı tədbirlər görülə bilər? İntizamlı vergi ödəyicilərini əgər onlar 11 ay ərzində vergiləri tam və vaxtlı-vaxtında ödəyiblərsə ilin sonuncu ayının vergi və rüsumlarını ödəməkdən azad etmək, yığılıb qalmış vergi borclarının 70 faizini birdəfəyə ödəyən vergi ödəyicisinin qalan 30 faiz borcunu bağışlamaq və s.

Vergi ödəyə bilməyəni azadlıqdan məhrum etməklə dövlət büdcəsinə əlavə ziyan vurulur. Məhkəmə xərcləri, həbsdə saxlama xərcləri bəzən vergi borcundan artıq ola bilər. Dəyərmi? Dəyməz!
Vəkil Anar Qasımlı
Facebook Şərhləndirmə:

Şərhinizi yazın