Menu
Geri İrəli

Xaricdəki azərbaycanlı iş adamı Cocuq Mərcanlıya 3 milyon manat ayırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2017 • Baxış sayı: 757 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu “Horadiz əməliyyatı” nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində – Cocuq Mərcanlı kəndində tezliklə əsaslı bərpa işləri başlayacaq.

Qeyd edək ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.

Hazırkı dünya iqtisadi böhranı və neft qiymətlərinin aşağı olduğu şəraitdə Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı iş adamlarının sərmayələrinə ehtiyac duyulur. Qeyd edək ki, Modern.az “Aprel döyüşləri”ndən sonra Azərbaycanın erməni işğalından zərər görmüş ərazilərinə və əhalisinə yardımlar etmək üçün xaricdəki azərbaycanlı iş adamlarına müraciət etmişdi. Bu müraciətdən sonra Amerikadakı həmvətənlərimiz məhz Modern.az vasitəsilə şəhid ailələrinə yardımlar edib.
Modern.az Vətənin bizə ehtiyacı olduğu bir məqamda diqqəti Cocuq Mərcanlıya yönəltməyə çalışır.

Azərbaycanı xaricdə təmsil edən tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri,  “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov Modern.az-a özəl açıqlamasında ehtiyac duyulduğu vaxtda xalqı ilə birgə olduğunu açıqlayıb.

İş adamı deyib ki, əsl vətənpərvərliyi və doğma Azərbaycana olan səmimi sevgimizi məhz bu gün  – köməyimizə ciddi ehtiyac duyulduğu məqamda göstərməliyik:

“Torpaq o zaman Vətən olur ki, orda yaşayan insanlar onun uğrunda canlarından keçməyə, öz güclərini və vəsaitlərini gizli mənafeləri olmadan onun çiçəklənməsinə səfərbər etməyə hazır olurlar. Nə zaman ki, insanlar ümummilli maraqlar barədə düşünmədən doğma vətənlərinə yalnız kommersiya münasibəti bəsləməyə başlayırlar, o zaman o, torpaq vətən olmaqdan çıxır və adi yaşayış yerinə çevrilir. Buna görə də doğma respublikaya yalnız şəxsi varlanma naminə sərmayə qoymaq – əsl vətənpərvərlik duyğusuna yaraşmayan davranışdır. İnfrastruktura və ölkə üçün strateji əhəmiyyət daşıyan obyektlərə qoyulan investisiyalar adətən gəlir gətirmir. Bu gün erməni işğalından azad olunmuş ərazilərdə və Azərbaycanın cəbhəboyu rayonlarında məhz bu cür sərmayələrə ehtiyac duyulur.

Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin 27 yanvar tarixində imzaladığı, erməni silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncamını həlledici addım hesab edirəm. Bizim hərəkətlərimiz ilk növbədə təmənnasız maddi yardım şəklində yalnız Cocuq Mərcanlı kəndinin yox, həmçinin Azərbaycanın digər cəbhəboyu rayonlarının bərpasında əks olunmalıdır”.

 

F.Məmmədov Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib:

 

“Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. “ünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.

Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq   Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər  şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş  etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın