Menu
Geri İrəli

YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar zona müşavirəsi keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2015 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur

144038767636218501_1000x669

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə zona müşavirəsi keçirib.

AZƏRTAC xəbər verir ki, YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhəri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib. Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib.

Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi uğurlu gələcəyə aparır. Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirib. Nəticədə son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoyub. Onların həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırıb. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb.

Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.

Sonda Əli Əhmədov əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanacağına əminliyini ifadə edərək, seçkilərin mütəşəkkil keçməsi üçün YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri üzvlərinə tapşırıq və tövsiyyələrini verdi.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın