“Ölü şəhər”in “Ağ şəhərə” çevrilməsi

534

Və ya Azərbaycanın müasir sənaye mərkəzi olan Sumqayıt
Bir vaxtlar bu şəhər  havasının həddindən artıq çirkli olmasına görə, “ölü şəhər” kimi xatırlanırdı. Söhbət əhalisinin sayına görə Azərbaycanın ikinci, sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhəri olan Sumqayıtdan gedir. Təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 39-40-cı illərdə burada sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. 1941-ci ildə istilik elektrik stansiyası işə salınır. 1944-cü ildə kimya və metallurgiya zavodları tikilir. 1949-cu ildə isə Sumqayıta şəhər statusu verilir. Bununla da müasir Sumqayıtın şəhər kimi tarixi başlayır.

Sovetlər zamanında kimya sənayesi mərkəzinə çevrilmiş şəhərin həm torpaq qatı, həm də atmosferi kifayət qədər çirkləndirildiyindən Sumqayıt “ölü şəhər” statusu qazanıb… Amerikanın “Ekoloji Blacksmith Institute” Fondunun 2014-cü ildə dünyanın ən çirkli şəhərləri ilə bağlı hazırladığı siyahının ilk onluğuna Xəzər sahilində yerləşən Sumqayıtın da adı salınmışdı. Kimya sənayesinin 60-cı illər qurucularından, Azərbaycanda ən böyük tikinti təşkilatlarından birinin – “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin yaradıcısı Akif Həsənoğlu Sumqayıta həsr etdiyi ilk filmini hələ 1994-cü ildə “Mənim Ağ şəhərim” adlandırmışdı.
Böyük əziyyət hesabına başa gələn film tamaşaçı sevgisi qazanıb. Həmin illərdə Sumqayıtda keçirilən rəsmi tədbirə qatılan Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi Paoolo Lembonu “Mən bu şəhərə gələndə ilk olaraq Sumqayıta həsr olunan “Mənim ağ şəhərim” kinofilminə baxdım. Yəqin ki 20 ildən sonra mən artıq təqaüddə olacağam. Ancaq arzu edərdim ki, təqaüdə çıxandan sonra bu şəhərə gələndə müəllifin arzu etdiyi o “Ağ şəhər”i görüm”.
“Bu işlər ürəkdən, şəhəri sevərək edilir”
2018-ci ildə əminliklə demək olar ki, ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı siyasətinin bir hissəsi olaraq, Sumqayıt artıq müəllifin arzuladığı “Ağ şəhər”ə çevrilib. Şəhərin infrastrukturu dəyişdirilib, yeni sənaye müəssisələri, yaşayış massivləri, parklar salınıb, uşaq bağçaları, məktəblər tikilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtı təmsil edən deputat Tahir Mirkişili bildirib ki, şəhərdəki yüksək inkişaf qarşıya qoyulan tapşırıqların məsuliyyətlə icra olunmasıdır: “Qoyulan tapşırıqların məsuliyyətlə icra olunması, Sumqayıta yeni icra hakimiyyətinin başçısı Zakir Fərəcov təyin olunandan bütün sahələrdə hiss olunmağa başlayıb. Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı çıxışında işlətdiyi mühüm fikir var: “Sumqayıtda görülən işlər sübut edir ki, bu işlər ürəkdən, şəhəri sevərək və böyük məsuliyyətlə icra olunub. Təbii ki, bu sözlər Sumqayıtda çalışan hər kəsin, xüsusilə birbaşa Zakir Fərəcovun qarşısına qoyulan tapşırıqların böyük məsuliyyətlə yerinə yetirməsini göstərir”.
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu istiqamətdə inamla irəliləyir: “Ona görə, əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir.
Son 10 ildə gücü 525 MVt olan elektrik stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtgü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları, “Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu, “SOCAR Polimer” layihəsi çərçivəsində polipropilen zavodu istifadəyə verilib”.
2018-ci il noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında Prezident İlham Əliyev Sumqayıtın sənaye şəhəri kimi bundan sonra da uğurla inkişaf edəcəyini bildirib: “Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik”.
Təsadüfi deyil ki, şəhərdə ümumi daxili məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2017-ci ildə 9,5 dəfə, sənaye məhsulunun həcmi 9,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 20 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 20 dəfə artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində isə ÜDM buraxılışı 1,6 milyard manat, sənaye müəssisələrində məhsul istehsalı 1,1 milyard manat təşkil edib. Onu da qeyd edim ki, yeni müəssisələrin yaradılması nəticəsində Sumqayıtda 2003-2017-ci illər ərzində 61880-i daimi olmaqla, 78620 yeni iş yeri açılıb.
Sumqayıt məcburi köçkünlərimizi unutmur
Ölkənin sosial-iqtisadi islahatları çərçivəsində 1 milyon 200 minlik məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, yaşayış şəraitinin normalara uyğunlaşdırılmasının təmini prioritet sahələrdəndir. Bu işlər çərçivəsində Sumqayıtda məskunlaşan məcburi köçkünlər də unudulmayıb.
Hazırda Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 ailənin və Sumqayıt stansiyası yaxınlığında 1000 ailənin köçürülməsi üçün yeni yaşayış binaları inşa edilir.
Bununla yanaşı, şəhər sakinlərinin təhlükəsizliyinin və rahatlığının təmini üçün son illərdə istismar müddəti ötmüş 305 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb. 82 ədəd lift onlayn rejimdə işləyən intellektual idarəetmə sisteminə – mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərin də bu xidmətə qoşulması istiqamətində işlər aparılır.
Son səfərindən sonra Prezident İlham Əliyevin Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat, avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı ilkin olaraq 1,5 milyon manat ayırıb.
Azərbaycan ən çox investisiya cəlb edən ölkələr sırasında
Azərbaycanın regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb. Bu da Davos Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxıb. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın həyata keçirildiyi ötən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir. Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb. Azərbaycanda neft və təbii qaz hasilatı, neft məhsulları istehsalı nəzərə alınmasa, regionlar ümumi məhsul buraxılışında 42 faiz, sənaye istehsalında isə 40 faiz paya malikdir. 2003-cü ildə regionlar dövlət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə, hazırda bu rəqəm təqribən 600 milyon manatdır. Sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və ixracın artması regionların iqtisadi inkişafda rolunu daha da artırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu keçib. 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur. Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34,0 faiz artaraq 1 milyard 81 milyon manat təşkil edib. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olub.
Deputatın sözlərinə görə, şəhərdə içməli su ilə təminat 94%-ə, qazlaşma 100%-ə çatıb: “Elektrik enerjisi sahəsində isə problemlər yoxdur, yeni yollar salınır, binaların dam örtükləri vurulur, binalara yeni liftlər quraşdırılır. Sumqayıt məktəbliləri ali məktəblərə qəbul imtahanlarına ən yüksək nəticə göstərirlər, Sumqayıt idmançıları ölkəmizi beynəlxalq olimpiadalarda layiqincə təmsil edirlər. Sumqayıt son illərdə sürətlə inkişaf edərək həm sənaye, həm də turizm şəhərinə çevrilməkdədir. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb ediləcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib”.
Azərbaycanın MDB və Şərqi Avropa ölkələri arasında ən çox investisiya cəlb edən ölkələr sırasında olduğunu vurğulayan deputat qeyd edib ki, ümumilikdə adambaşına düşən investisiyaların həcminə görə, Azərbaycan dünya miqyasında lider dövlətlərdən biridir.
Gülşən RAUFQIZI
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər