Orta və kiçik sahibkarlarımız çətində

859

Ekspert Kənan Aslanlı Türkiyə təcrübəsinə istinad etməyi məsləhət görür

Avropa Birliyində fəaliyyət göstərən 23 milyon kiçik və orta müəssisə bütün müəssisələrin 99 faizini təşkil edərək, 75 milyon iş yerini ehtiva edir. AB və ABŞ-da kiçik və orta sahibkarlar eyni dövriyyəyə malik olsalar da, AB iqtisadiyyatında, ÜDM-də onların rolu daha böyükdür. Beynəlxalq Maliyyə Korporasiyasının məlumat bazasına daxil edilmiş 106 ölkə arasında Azərbaycan əhalinin hər 1000 nəfərinə düşən bu kimi müəssisələrin sayına görə 81-ci yerdədir. Azərbaycan bu göstəriciyə görə AB-nin Mərkəzi Avropadan olan yeni üzvlərindən aşağı, Moldovadan isə yuxarı reytinqə malikdir.

ATİB Layihələr və Tədqiqatlar şöbəsinin müdiri, iqtisadçı ekspert Kənan Aslanlı deyir ki, təbii sərvətlərə malik olan Azərbaycan Çilinin bugünkü səviyyəsinə çatmaq üçün kiçik və orta müəssisələrin (KOM) sayını altı dəfə, Malayziyanın səviyyəsinə çatmaq üçün isə üç dəfə artırmağa səy göstərməlidir. Bu sahədəki problemləri dərindən tədqiq edən iqtisadçı ekspert gəldiyi qənaət barədə deyir:

– Beynəlxalq Maliyyə Korporasiyasının araşdırmaları göstərir ki, yerli sahibkarlar bizneslərini genişləndirmək üçün nadir hallarda investisiya qoyuluşu edirlər. Qoyulan investisiyaların da böyük hissəsi sahibkarların şəxsi vəsaiti hesabına maliyyələşdirilir. Sahibkarların yalnız kiçik hissəsi investisiyalar üçün maliyyə yardımı almaq məqsədilə maliyyə-kredit təşkilatlarına müraciət edir. Sahibkarların fikrincə, gəlirin sabit artması, bazarın inkişaf perspektivləri, habelə onların biznesdə təcrübəsi onlara lazımi dövriyyə əldə etməyə imkan verir.

– KOM-ların öz əsas vəsaitlərinə investisiyalarında bank kreditlərinin payı, sadəcə, 4 faiz olub. Deməli, sahibkarların kredit imkanları məhdud olaraq qalır…

– Əfsuslar olsun ki, kredit almaq üçün müraciət etmə prosesi və kredit şərtləri maliyyə vəsaitlərinə çıxışın təmin edilməsində əsas problem mənbələridir. İstehlak malları üçün kredit bazarı Azərbaycanda sürətlə inkişaf etməkdədir. İstehlak bazarında borc ödəmə tarixləri və faizlər KOM kreditləşməsi ilə müqayisədə banklar üçün daha cəlbedicidir. Ödənişlərin verilmədiyi hallarda bankların həmişə kreditlə alınmış malları geri almaq imkanı var. Çox vaxt bunlar yüksək tələbatlı və yardımçı bazarda asanlıqla satıla bilən mallar olur, məsələn, avtomobil.

Bizim sahibkarların yarıdan çoxu maliyyə resurslarına çıxış problemi ilə, yəni biznesin inkişafı məqsədilə maliyyə resursları çatışmazlığı ilə üzləşirlər. Vəsait alan müəssisələrin sayı maliyyə vəsaitlərinə çıxışda problemi olan müəssisələrin ancaq bir faizini təşkil edir. Sahibkarlığa Kömək Milli Fondu kreditlərinin orta məbləği fərdi sahibkarların orta illik dövriyyəsindən üç dəfə çox, hüquqi şəxs kimi qeydiyyatdan keçən KOM-ların orta illik dövriyyəsinin isə yarısı qədərdir.

Digər ölkələrin təcrübəsi göstərir ki, subsidiyalaşdırılan kreditlərin ayrılması ilə yanaşı, sahibkarlar üçün kredit götürmə şərtlərini yaxşılaşdırmaq məqsədi güdən mexanizmlər də mövcuddur.

Sahibkarlığın inkişafını dəstəkləyən banklar üçün riskləri minimallaşdırmaq məqsədilə digər variantlardan da istifadə edilib.

– Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kreditlərin ayrıca statistikasını açıqlamasa da, kreditlər verilir. Sizcə, milyonların xərclənməsi bu sahənin inkişafına niyə təkan vermir?

– Əvvəla, cari ilin birinci yarısında dövlət büdcəsindən sahibkarlığa dəstək və kredit proqramlarına 73,6 mln. manat xərclənib. Bu, 2010-cu ildə bu istiqamətə ayrılması nəzərdə tutulan maliyyə vəsaitindən çoxdur. Kənd təsərrüfatı texnikasının və aqrokimyəvi vasitələrin alınması üçün “Aqrolizinq” Dövlət ASC-yə 23,5 mln. manat ayrılıb.

Fikrimcə, Sahibkarlığa Kömək Milli Fondu vəsaitlərinin istifadə qaydalarında müvafiq dəyişiklik edərək kiçik və orta sahibkarlıqla bağlı müddəalar əlavə etmək lazımdır. Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi kiçik sahibkarlığın inkişafının infrastrukturunun formalaşdırılması, kömək proqramlarının hazırlanması, onlara maliyyə, maddi, elmi-texniki və informasiya resursları əldə etmələri üçün güzəştli şərait yaradılmasında və bir sıra başqa istiqamətlərdə həyata keçirilir.

Qanundakı müddəalardan bir çoxu öz tətbiqini tapsa da, bəziləri hələ də öz həllini gözləyir. Kiçik sahibkarlığa kömək tədbirləri sahibkarlığın dövlət, regional və sahə kömək proqramları çərçivəsində həyata keçirilir. Mən bu qənaətdəyəm ki, yerli özünüidarəetmə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, həmkarlar ittifaqları müstəqil qaydada kiçik sahibkarlığa kömək proqramları həyata keçirə bilərlər. Eləcə də ayrı-ayrı layihələrin və tədbirlərin kiçik sahibkarlığa kömək üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının proqramına daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər.

KOM sektorunun təhlili və onlarla aparılan müzakirələr ölkədə biznes mühitinin sürətlə inkişaf etdiyini göstərir. Lakin inzibati prosedurlarda ümumi problemlər qalmaqdadır. Yoxlamaların miqyası və tezliyi, icazə və lisenziyalar üçün yüksək tələblər, qeydiyyat prosedurları, icbari sertifikatlaşdırma ən ciddi inzibati prosedurlardır ki, bəzən kiçik və orta sahibkarlar bu sahələr üzrə çətinliklərlə qarşılaşırlar. Bu inzibati prosedurlar, kənar maliyyələşdirmənin əldə edilməsindəki çətinliklər, məhkəmə sistemindəki problemlər, yüksək icarə haqları və infrastruktur problemləri bu sektorun inkişafına maneələr yaradır.

– Son illər biznes və investisiya mühitini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib. Bu amilin təsiri varmı?

– Azərbaycan 2007-2008-ci illərdə “Doing Business 2009” hesabatında ən islahatçı ölkə adını qazanıb. Lakin bəzi hallarda qanunvericilik aktlarının həddən artıq intensiv dəyişməsi biznes mühitini praktikada yaxşılaşdırma məqsədi güdsə də, sürətli dəyişən qanunvericiliyi izləmək imkanı olmayan fərdi sahibkarlar və KOM-lar arasında anlaşılmazlıqlara da səbəb olur. Qanunvericilikdəki yenilikləri mütəmadi olaraq KOM-lara çatdırmaqda mərkəzi icra hakimiyyəti orqanlarından biri məsuliyyət daşımalıdır. Ümumiyyətlə, kiçik və orta sahibkarlığın maraqlarını müdafiə edən və siyasətdə dəyişiklikləri dəstəkləyən mərkəzi dövlət orqanının olması biznes mühitinin inkişafı və gücləndirilməsi üçün vacibdir.

Fikrimcə, kiçik və orta sahibkarlıqla bağlı qanunvericilik bütünlüklə AB və Türkiyə qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Azərbaycanda kiçik və orta sahibkarlıq üzrə ombudsman institutu yaratmağa zərurət var. Dövlət birinci növbədə sağlam rəqabəti və inhisarın məhdudlaşdırılmasına yönəlmiş tədbirləri dəstəkləyən hüquqi və institusional bazanın yaradılması sahəsində işləri genişləndirməli, rəqabət məcəlləsi qəbul etməli, bankların birləşmə prosesinə start verməli, xarici kapitalın yerli bazara daxilolma yollarındakı maneələri aradan qaldırmalıdır. Sahibkarlığa dövlət dəstəyi sahəsində yeni qanunlara, hüquqi islahatların dərinləşdirilməsinə ehtiyac var. Müstəqil məhkəmə sistemi formalaşdırılmalı, normativ aktlardan sui-istifadə hallarına qarşı mübarizə güclənməlidir.

– Dövlətin xarici ticarətin dəstəklənməsinə və liberallaşdırılmasına yönəlik səylərinə baxmayaraq, kiçik və orta müəssisələr və fərdi sahibkarların xarici ticarətdə iştirakı aşağı səviyyədə qalmaqdadır…

– Tamamilə doğrudur. KOM-ların və fərdi sahibkarların 98 faizi hər hansı ixrac, 92 faizi isə idxal əməliyyatı aparmayıb. Maraqlıdır ki, onların əksəriyyəti idxal-ixrac əməliyyatları ilə məşğul olmağı zəruri hesab etmir. Düşünürlər ki, daxili bazarda fəaliyyət göstərməklə idxal-ixrac əməliyyatlarından əldə edəcəyi qədər mənfəət götürə bilərlər. Lakin fərdi sahibkarların və KOM-ların kiçik bir qismi mürəkkəb idxal-ixrac və gömrük nəzarəti prosedurlarını xarici ticarət əməliyyatları ilə məşğul olmadıqlarının səbəbi kimi göstərib. İdxal-ixrac prosedurlarının mürəkkəbliyinin xarici ticarətlə məşğul olan sahibkarların xərclərini artıran əsas amil olduğunu nəzərə alsaq, bunu əksər sahibkarların xarici ticarətdə iştirak etməyi məqsədəmüvafiq hesab etmədiklərinin əsas səbəbi kimi qeyd etmək olar.

Yeri gəlmişkən, lisenziyalaşdırma qaydalarını qanunvericilik və prosedur nöqteyi-nəzərindən daha da kamilləşdirməyə ehtiyac duyulur. Lisenziyanın verilməsinə dair ərizənin rədd edilməsi üçün konkret əsaslar müəyyən edilməlidir. Lisenziya verən bütün orqanlar tərəfindən “sükut – razılıqdır” prinsipi tətbiq olunmalıdır. Yəni əgər 15 günlük sənədlərə baxılma müddəti başa çatdıqdan sonra əsaslandırılmış imtina qərarı qəbul edilməmişdirsə, lisenziya avtomatik olaraq verilməlidir. Bir lisenziya almaq üçün fərdi sahibkarlar orta hesabla 276 manat ($ 340), kiçik və orta müəssisələr isə 564 manat ($ 696) xərcləyirlər.

Şirkətlər bizneslərini inkişaf etdirdikcə standart vergitutma sisteminin yüksək vergi dərəcələri və vergilərin inzibatçılığının ağır prosedurları ilə üzləşir. Çoxsaylı vergi hesabatlarının hazırlanması, təqdim olunması, vergi ödənişlərinin edilməsi çoxlu vaxt və xərc tələb edir. Vergi yoxlamalarının həyata keçirilməsinin vergi qanunvericiliyi ilə kifayət qədər ətraflı tənzim olunmadığı vergi müfəttişlərinin tez-tez səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarır. Bu da öz növbəsində korrupsiya və qeyri-rəsmi münasibətlər üçün şərait yaradır.

Bundan əlavə, son illərdə vergi yoxlamaları və inzibati cərimələrin məbləği əhəmiyyətli dərəcədə artıb. Məsələn, ƏDV ödəyicilərindən qoşmalarla birlikdə aylıq hesabat təqdim etmək tələb olunur ki, bu da çətin və vaxt tələb edən işdir.

“Doing Business 2009” hesabatı göstərir ki, Azərbaycan sahibkarları Vergi Məcəlləsinə və sosial müdafiə haqqında qanunvericiliyə riayət etmək, vergi və sosial müdafiə orqanlarına müvafiq ödənişləri etmək üçün 376 saat vaxt sərf edirlər. Qazaxıstan sahibkarları isə vergi məsələlərinə orta hesabla 271 saat vaxt sərf edir.

– Fikrinizcə, önümüzdəki dönəmdə KOS-un ölkədə inkişafı üçün daha hansı vacib tədbirlər görülməlidir?

– Mən Türkiyə təcrübəsinə istinad edərdim. KOM-ların məhsuldarlığının, əlavə iqtisadi dəyərdəki payları və beynəlxalq rəqabət güclərinin dəyişiminin daim tədqiqi və monitorinqi mexanizmi formalaşdırılmalıdır. Onların kommersiya banklarının ümumi kredit portfelindəki payının artırılması məqsədilə bu kateqoriyaya yönəlik güzəştli kreditlərin həcminin genişləndirilməsi və zəmanət mexanizminin sadələşdirilməsi vacib məsələdir. Kiçik ölçülü sənaye obyektləri tikintisinin əlahiddə kreditləşdirilməsi və kreditlərin geri qaytarılma qaydalarının işlənməsinə ehtiyac böyükdür. Ənənəvi xalq sənətkarlığı sahəsində çalışan KOM-lar investisiya və marketinq sahəsində dəstəklənməlidir. Bu növ müəssisələrin daha çox ixracata yönəlmələri üçün məlumatlandırma fəaliyyəti gücləndirilməli və xarici şirkətlərlə əlaqələrinin genişləndirilməsi üçün vasitəçilik edilməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər