Partiya sədrinin qardaşının adı Sumqayıtda sünni-şiə qalmaqalında hallanır

671

Son günlər mətbuatda Sumqayıt şəhərində əhli sünnə camaatının şiələr tərəfindən şəhərin Cümə məscidinə buraxılmaması barədə məlumatlar yayılmışdı. Hətta sözügedən məsciddə yaranan gərginliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlər nəticəsində aradan qaldırılmışdı. 

Lakin tədbirlərin görülməsinə baxmayaraq orada insidentlərin davam etməsi ilə bağlı “Qafqazinfo”ya informasiya daxil olub. Hadisə şahidlərinin sözlərinə görə, əhli sünnə məzhəbinə məxsus camaat Sumqayıt Cümə məscidinə namaza gəlsələr də məscidin rəhbərliyi tərəfindən onlara burada ibadət etməyə imkan vermirlər. Sonuncu dəfə əraziyə çoxlu sayda polis qüvvələri çağırılsa da əhli sünnə camaatına məxsus ibadətə gələnlər çaxnaşmaya getməyərək, itəatkarlıq göstərərək əmrə tabe olublar. Məscidin imamı Hacı Rauf və tərəfdarları bu məscidin Şiə məscidi olduğunu bildiriblər və ibadətlə məşğul olmağa gələn əhli sünnə camaatına burada namaz qılmaları üşün imkan verməyəcəklərini söyləyiblər.

Hadisələrin mərkəzində KXCP sədri Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyaz adlı şəxsin durduğu bildirilir. Əhli sünnə camaatının əsas narazılığı isə ondan ibarətdir ki, 500 mindən artıq əhalisi olan Sumqayıt şəhərində bir ədəd də olsun əhli sünnə məscidi yoxdur. Mövcud olan 2 şiə məscidinə isə əhli sünnə məzhəbinə malik olan insanlar buraxılmır.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli bildirib ki, hal-hazırda məsciddə heç bir problem yoxdur: “Həftənin birinci günündən etibarən orada hər şey öz qaydasındadır. Heç bir insident baş verməyib”.

O. Əli onu da əlavə edib ki, ötən dəfə yaranmış problemin həllində də inzibatı güc amilindən istifadə edilməsinə yol verilmədi, məsələnin həllinə yalnız izahat və maarifləndirmə işinin aparılması yolu ilə nail olduq.

Hadisələrin başında M. Mirəlioğlunun qardaşının durduğu iddia olunduğu üçün KXCP sədri ilə də əlaqə saxladıq. M. Mirəlioğlu saytımıza açıqlamasında bildirib ki, o, Sumqayıt Cümə məscidində baş verən hadisələrdən kifayət qədər məlumatlıdır: “Ola bilər ki, qardaşımın bununla bağlı informasiyası olsun, amma onun məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu sırf siyası məsələdir”.

Gülnar

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər