Paşinyanın atmacası və Putinin ağır cavabı – İsti

2134

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşünün gözlənildiyi kimi gərgin ab-havada keçdiyi hiss olunurdu. Biz bu gərginliyi, xüsusilə, Nikol Paşinyanın çıxışlarında müşahidə edə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ehtiram Aşırlı bu gün Putinlə Paşinyan arasında baş tutan görüşü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan baş naziri Rusiya və Ermənistanın münasibətlərini dəyərləndirərkən, diqqətçəkən ifadələr işlədib:

“Paşinyan münasibətlərin “iki ölkənin maraqlarına hörmət və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına ümid etdiyini” vurğuladı. Bununla da Paşinyan Putinə onun ölkəsinin daxili işlərinə qarışmamaq barədə mesaj verdi. Xüsusilə qeyd edək ki, Ermənistan baş naziri Rusiyanın Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan barədə axtarışları ləğv etməsini və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılması tələbini irəli sürməsini Rusiyanın ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirir. Həmçinin, Paşinyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlamalarını da ölkənin daxili işlərinə müdaxilə sayır”.

Politoloqun fikrinə görə, Ermənistan baş nazirinin bu şəkildə bəyanatla çıxış etməsinin əsas səbəbi ölkənin növbədənkənar parlament seçkilərinə getmək istədiyi bir zamanda Rusiyanın Robert Köçəryanı dəstəkləməsi barədə erməni KİV-də çıxan yazılardan irəli gələn narahatlıqdır.

E.Aşırlı bildirib ki, Vladimir Putin Rusiyanın Ermənistanda əsas investor olduğunu, bu ölkəyə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, habelə atom və istilik enerjisi sahəsində dəstəklədiyini xatırlatdı:

“Putin bu açıqlamasıyla Ermənistan iqtisadiyyatının 75%-ni Rusiya kapitalının təşkil etdiyinə eyham vurdu. Qazın ucuz qiymətə satıldığının bildirilməsi isə Paşinyana xəbərdarlıq idi. Belə ki, münasibətlərdə gərginlik davam edəcəyi təqdirdə Rusiyanın satdığı qazın qiymətini qaldırması ehtimalı yüksəkdir. Xüsusilə, nəzərə almaq lazımdır ki, İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddəti bitmək üzrədir. Putinin atom və istilik enerjisi sahəsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirməsi də ondan xəbər verir ki, münasibətlərdə gərginlik davam edəcəyi təqdirdə Metsamor AES məsələsində Rusiya öz dəstəyini çəkə bilər.

Beləliklə, gərgin atmosferdə başlayan görüş tərəflərin bir-birilərinə sətiraltı mənalar ifadə edən bəyanatları ilə başa çatdı”.

Politoloq Rusiya prezidentinin bu görüşdən heç də məmnun qalmadığını ehtimal edir:

“Xüsusilə, Ermənistan baş nazirinin və Rusiya prezidentinin açıqlamaları ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlərdə soyuqluq davam edəcək. Həmçinin bu görüş bir daha onu göstərdi ki, tərəflər bir-birilərinə inanmır. Başqa sözlə, Putin Paşinyana etibar etmir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər