Pərdis Fərcad Azad: “Portuqaliya ilə heç-heçə eləsək belə, bunu yaxşı nəticə saymaq olar” (MÜSAHİBƏ)

72
“Sumqayıt” klubunun və milli komandamızın üzvü Pərdis Fərcad Azad “Sportal.az” saytına müsahibəsində həm dünən Topaz Premyer-Liqası çərçivəsində keçirilən “Sumqayıt”-“Turan” qarşılaşmasına dair fikirlərini açıqlayıb, həm də Azərbaycan milli komandasının rəsmi matçları ərəfəsində şanslarını dəyərləndirib.
– Oyun haqqında təəssüratların bilmək istərdik.
– Çox sevinirəm ki, bugünkü oyunda qələbə qazandıq. Komandama öz qollarımla kömək edə bildim.
– Bu, sənin Azərbaycanda ilk pokerindi. Son oyunlarda əsas heyətdə meydana çıxmırdın. Bu oyunda isə əsas heyətdə meydana çıxdın və poker etdin. 
– Zədəli olduğum üçün oyunlara çıxmırdım. Milli komandaya getmişdim. Ondan qabaq məşq edə bilməmişdim. Hər kəsin hazırlığı var idi. Hamı təlim-məşq toplanışına getmişdi. Mən isə keçmədiyimə görə ola bilər ki, formada deyildim. Artıq 2-3 həftədən sonra formamı yığdım. Bu şəkildə oynamağım gözlənilən bir şey idi. İndi çox xoşbəxtəm ki, əvvəlki formamı yığmışam.
– Düşünürsən ki, belə çıxış etməklə səni çempionatın digər iddialı klubları öz heyətində görmək istəyəcək?
– Onu deyə bilmərəm. Onlarla danışmamışam, söhbət eləməmişəm. Əgər onlar məni istəsə, əlbəttə, sevinərəm. Hər bir futbolçu sevinər ki, onu güclü klublar istəyir.
– Millinin heyətinə dəvət almısan. Qarşıda Lüksemburq və Portuqaliya ilə oyunlar var. Bununla bağlı nə deyə bilərsən?
– Lüksemburqla oyunda biz qələbə qazana bilərik. Elə məqsədimiz də qalib gəlməkdi. Portuqaliya ilə oyun, əlbəttə ki, çətin olacaq. Təbii ki, fərqli oyun olacaq. Heç-heçə eləsək belə, bunu yaxşı nəticə saymaq olar.
– Düşünürsən ki, nə vaxtsa Azərbaycan millisində də poker edəcəksən?
– İndi deyə bilmərəm. Əgər millinin əsas heyətində meydana çıxsam, çalışacam ki, qola imza atım.
Raifə İBRAHİMOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər