Postmünaqişə dövründə şərtləri Azərbaycan diktə edir

559

Dünyanın aparıcı ölkələri və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edir. Bu gün bütövlükdə regionda postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Dağlıq Qarabağ münaqişəsini öz gücü ilə həll etdi. Siyasi və iqtisadi müstəqilliyini gücləndirərək bu münaqişəyə son qoydu. Bu gün Azərbaycan sabitlik və təhlükəsizlik ölkəsi kimi dünyada qəbul olunur. Azərbacyan ötən dövr ərzində müstəqilliyini möhkəmləndirə bilməsəydi erməni işğalına son qoya bilməzdi. Çünki bu işğalı şərtləndirən bir çox xarici amillər olub.

Prezident İlham Əliyev 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı bu məsələlərə toxunaraq bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub və Minsk qrupu öz fəaliyyətini başa vurub. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.

Ölkə başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik.

28 May Müstəqillik günü ərəfəsində baş tutan açılış zamanı Prezident İlham Əliyev qeyd etdi ki, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur.

Ölkə başçısı tarixə nəzər salaraq vurğuladı ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

Ermənilərin müxtəlif illərdə Azərbaycanın tarixi torpaqlarına köçürülməsinə diqqət çəkən Prezident İlham Əliyev əlavə etdi ki, Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün yenidənqurulan Zəngilandan bəyan etdi ki, bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amilibundan sonra da dünyada hakim olacaq. -Azərbaycanın hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır.

Ölkə başçısı Zəngilandan revanjist qüvvələrə mühüm mesajlar verdi və sülh müqaviləsinin imzalanmasının vacibliyi vurğuladı. Prezident bildirdi ki, Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.

Zəngəzur dəhlizinin açılmasının önəmli məsələ olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub.

30 il ərzində Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədiyi kimi, bundan sonra da heç bir qüvvə Azərbaycanı öz hədəflərindən yayındıra bilməyəcək. Vətən müharibəsində  Azərbaycan xalqı güclü iradə göstərdi, misli görünməmiş həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər