Prezident Aşqabad zirvəsində bəyan etdi: Zəngəzur dəhlizi reallığa çevrilir!

774

28 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi region ölkələrinə məxsus resurslardan tam istifadəni təmin etməklə təşkilatın dünya iqtisadiyyatında payını artırmaqdır. İƏT həmçinin iqtisadiyyatı liberallaşdırmağa və üzv ölkələrlə digər ölkələr arasında ticarət maneələrini aradan qaldırmağa çalışır.Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən etmək, yeni əməkdaşlıq layihələrini reallaşdırmaq üçün mühüm əhəmiyyət daşıyırdı.

Azərbaycan Konstruktiv əməkdaşlıq platforması olan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə Azərbaycanın münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan İƏT-ə üzv ölkələrlə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından bir çox mühüm məqamlara toxunub, əhəmiyyətli mesajlar səsləndirib.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsi üçün səylərini əsirgəməyəcək

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəyini bəyan etdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.

Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi

Prezident İlham Əliyev digər beynəlxalq platformalarda olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Azərbaycanın əldə etdiyi tarixi qələbəyə, regionda yaratdığı yeni reallıqlara diqqət çəkdi. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu: “44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Ölkə başçısı çıxışında erməni vandalizminə diqqət çəkərək bildirdi ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”

Zəngəzur dəhlizi reallığa çevrilir

Prezident İlham Əliyev qeyd etdi ki, ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb: “Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər üçün mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin reallaşdırılmasına diqqət çəkən dövlətimizin başçısı bəyan etdi ki, Zəngəzur dəhlizi reallığa çevrilir: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Son 18 il ərzində  Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb

Prezident İlham Əliyev son 18 il ərzində Azərbaycanın iqtisadi sferada əldə etdiyi uğurlar haqqında da ətraflı məlumat verdi. Ölkə başçısı bildirdi ki, 18 il ərzində ümumi daxili məhsul üç dəfədən çox artıb. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan iqtisadiyyatına ümumilikdə 280 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici investisiyalardır.

Prezident İlham Əliyevin çıxışından məlum oldu ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcunu altı dəfə üstələyir. Azərbaycanın xarici borcu ölkə ÜDM-nin 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi gözlənilir. Son 18 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik səviyyəsi 6 faizə yaxındır.

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir

Davosda keçirilən Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyasına görə dünyada 10-cu, ölkənin islahatlara sadiqliyinə görə isə 5-ci yerdədir.

Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanı xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər etmək üçün mühüm addımlar atır

Prezident İlham Əliyev tədbir iştirakçılarına ölkəmizdə həyata keçirilən COVID-19-la mübarizə tədbirləri haqqında da məlumat verdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün də mühüm addımlar atır: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir”.

Beləliklə, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV zirvə sammiti bir çox əlamətdar hadisələrlə də yadda qaldı. Burada İrəvanı məyus edən bir çox məqamlar da oldu. Belə ki, quruma üzv ölkələr sammitin yekun Bəyannaməsində Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanladı. Bəyannamədə eyni zamanda İƏT-ə üzv dövlətlər Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilir

Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər