Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclər qəhrəmanlıq nümayiş etdirdi

910

Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il ötür. 2003 -cü il prezident seçkiləri Azərbaycan Respublikasının prezidentliyinə beşinci rəsmi seçki olmuşdur. Demokratik şəraitdə keçən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev 76.84%  faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident İlham Əliyev ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir.Azərbaycanın inkişafına yönəlmiş strategiyasını uğurla reallaşdırır.

Ulu Öndər Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İlham Əliyevin ümumilikdə xarakterini, onun potensialını, böyük qabiliyyət və bacarıqlarını ifadə edərək: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdir.

Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, etibarlı bünövrə olmuşdur.

Ötən müddət ərzində Azərbaycan regionun aparıcı dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirərək enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib tərəfdaşına çevrilmişdir. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilmiş, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmlənmişdir.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirən ictimai siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

18 illik prezidentliyi dövründə İlham Əliyev gənclər siyasətini yüksələn xətt üzrə inkişaf etdirdi, bu sahədə uğurların əldə olunmasını xüsusi dövlət Proqramları ilə diqqət mərkəzində saxladı.

Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Ölkə başçısının gənclər siyasətinin əsas istiqamətlərindən birini də bu sahə ilə bağlı infrastrukturun yaradılması təşkil etmişdir. Gənclər üçün təhsil, idman, əyləncə və digər infrastruktur layihələri reallaşdırılmışdır. Bu layihələr içərisində paytaxtda və regionlarda tikilən Gənclər evi və Mərkəzləri xüsusilə diqqəti cəlb edir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.Prezident İlham Əliyevin gənclərə dəstək və onların elm, incəsənət, ictimai fəallıq və digər sahələrdə potensialını üzə çıxarmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək siyasəti çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən də hər il xüsusi fərqlənən bir qrup gəncə mükafatların verilməsi ənənəsi formalaşmışdır.

Son 18 il ərzində görülmüş tədbirlər gənclərin məşğulluq və dövlət idarəçiliyi işində təmsilçiliyində də özünü göstərdi. Statistik məlumatlara görə, dünya gənclərinin 25-30%-ə qədərinin işsizliyi fonunda Azərbaycanda  gənclərin işlə təminatı məsələsində ciddi proqramlar və fəaliyyətlər həyata keçirilir ki, bu da gənclərin məşğulluq problemlərini həll edir.

Prezident İlham Əliyevin gənclərə dəstəyi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirməsinin, bu istiqamətdə apardığı islahatların və verdiyi qərarların nəticəsi olaraq dövlət qulluqçuları arasında gənclərin sayı da artmağa başladı. Son illərdə dövlət qulluğuna qəbul üçün müraciət edənlərin əksəriyyətini gənclər təşkil edir, habelə dövlət qulluğuna qəbul edilənlərin 80 faizə yaxını məhz gənc kadrlardan ibarətdir.

Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.

Qarabağdakı möhtəşəm qələbə isə Azərbaycana başucalığı gətirib. Bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk olunub. Sözsüz ki, bu böyük səadəti bizə müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş etmişdir. Bu zəfər, həmçinin, Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində mümkün olmuşdur. Xalqımız Qarabağın azad olunması zamanı göstərdiyi sarsılmaz birliyini düşməndən azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi prosesində də nümayiş etdirəcək. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gəncləri günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Prezident İlham Əliyev gənclərin rolunu yüksək qiymətləndirərək demişdir: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından dərhal bir neçə ay sonra azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıbdır. Bu gün Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Əminik ki, dövlət başçısının rəhbərliyi ilə qısa bir zamanda işğaldan azad olunmuş kənd və şəhərlərimiz yeni görkəmdə bütün dünyaya təqdim olunacaqdır.

İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq. Bütün Qarabağ torpağımız dirçələcək, cənnətə çevriləcəkdir.

Nəzrin İmanzadə, Sumqayıt Dövlət Texniki Kollecin Tələbə Gənclər Təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər