Prezident Sumqayıtda sənayenin inkişafından danışdı : "Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir"

1271

SUMQAYİTXEBER.COM-un xəbərinə görə bunu Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində deyib.
Prezident deyib ki, tərəvəzçilik Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: “Yəqin, siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər