Problemlər nə vaxt bitəcək?

980

Ucaboylu Marius Pena “Sumqayıt”la oyunun 29-cu dəqiqəsində hesabı bərabərləşdirəndə çoxları kimi “Bakı”nın tezliklə qələbəni qolunu da vuracağına ürəkdən inanırdım. Üstəlik, Feliks Almeyda və Batistanın gedişindən sonra nəhayət ki, “Bakı”nın səviyyəli hücumçu trasferini gerçəkləşdirdiyini düşündüm. Amma oyunun sonrakı axarı hamımızın yanıldığını isbatladı. Doğrudur, Bandoviç kimi xal itkisinə meydan sahiblərinin oyunu azlıqda bitirməsini səbəb kimi göstərmək də olar. Bəhanələri bir tərəf qoyub, soyuq başla düşünsək, görərik ki, Aqilin meydandan qovulması belə məsələnin mahiyyətini dəyişdirə bilməz. Qapıda makedoniyalı Nuredinovski, müdafiənin mərkəzində Aqil Nəbiyev, yarımmüdafiədə və hücumda Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən sayılan Elvin Məmmədovla Rauf Əliyev, üstəlik xarici görkəmi taran tipli forvardları xatırladan rumın Pena! Bəh-bəh! “Zolaqlılar”ın start heyətini oxuyandan sonra xəyalında möhtəşəm bir komandanın surəti canlanır. Yaxşı ki, “Sumqayıt”lı gənclər bu böyük adların qarşısında özlərini itirmədilər. Onlar bir daha isbatladırlar ki, Antalyanın beşulduzlu otellərində toplanış keçirmək, transfer qiymətləri yüzminləlrə ifadə olunan futbolçuları transfer etmək heç də böyük komanda olmaq anlamına gəlmir. Şəxsən mənim üçün hər dəfə “Bakı”nın problemlərini təkrarlamaq heç də xoş məşğuliyyət deyil. Siz, Karqbo meydana daxil olarkən, onu formasındakı nömrəyə diqqət elədiz? Dünyanın nəhəng futbol klublarıyla müqavilə bağlayan, 20 milyon avroya “Atletiko”nun formasına reklam yazdıran bir klub necə olur ki, öz futbolçularını normal futbol geyimləriylə təmin edə bilmir? Bir dəfə sosial şəbəkədə bu haqda sual ünvanladığım hörmətli Nəriman Mehdiyev həmin məsələnin texniki problem olduğunu bildirmişdi. Üstündən 3 aya yaxın vaxt keçib, bu xırda texniki problemi həll etməksə mümkün olmayıb. Əlbəttə, “Bakı”da bütün işlər ideal səviyyədə həll olunsaydı, bu cür “texniki problemlərə” göz yummaq olardı. Di gəl ki, hadisələrin gedişatı, hər ay, hər mövsüm oxşaq yanlışlıqların təkrarlanması paytaxt klubunda ciddi idarəetmə probleminin olmasını düşünməyə əsas verir. Hərdən mənə elə gəlir ki, klub transfer həyata keçirərkən meydandan kənar amillərə daha çox önəm verir, rəqib klubların zəiflətmək, zənginliyini ortaya qoyub, lovğalanmaq siyasətəini tutur. Konkret Cavid Hüseynovun transferinin Bojidar Banoviçin iradəsindən baş tutduğunu təxmin etmək çətin deyil. Əgər, Bandoviç Cavidin transferində maraqlı olsaydı, bunu daha öncədən açıqlayar, futbolçu da “Bakı”nın Antalyadakı təlim-məşq toplanışına qatılardı. Bir də ki, axı “Adna Dəmirspor”da heç düz əməlli meydana çıxmayan Cavidi əcnəbi məşqçi harda görüb-bəyəndi axı? Yeri gəlmişkən, bizim futbolçular Türkiynin səviyyəcə ikinci liqasında belə özlərini göstərə bilmir, sonra da min cür bəhanəylə bizi aldatmağa çalışırlar. Müqayisə üçün bir məqama diqqət yetirin. Qazaxıstan yığmasının sabiq üzvləri Samat Smakovla David Loriya Adana təmsilçisindən daha da iddialı və səviyyəli komanda olan “Rizəspor”un əsas heyətinin daimi üzvləridir. Halbuki, iki il bundan əvvəl yığmamız qazaxlara məğlub olanda biz özümüzü təhqir olunmuş sayırdıq. İndi həmin Cavid Hüseynov Avrokubokların qrup mərhələsinə düşməyə iddialı olan “Bakı”ya necə kömək edə bilər? Gülməli sual verdiyim üçün sizdən üzr istəyirəm. Təxminən Rauf Əliyevin keçidi haqqında da oxşar ehtimallar irəli sürmək mümkündür. 8 aydı qol vura bilməyən hücumçunun da keçidi “Bakı”nın dərdlərinə əlac olmayacaq. İddia olunurdu ki, Rauf “Qarabağ”dan getməklə ab-havasını dəyişib, gərginlikdən qurtulacaq, meydanda daha inamlı görünəcək. Nə oldu? Rauf klubunu, maaşını, formasının rəngini dəyişdi. Lakin onun meydandakı oyunu dəyişmədi. Söhbət təkcə onun qol vura bilməməsindən getmir. Əlievin meydandakı görüntüsü bacarıqlı forvarddan daha çox topun arxasıyca boşuna ora-bura vurnuxan həvəskar uşağı xatırladır. Raufun əvvəlki mövsümlərdə “Qarabağ”da sərgilədiyi oyunu, eləcə də millimizin heyətində Belçika və Qazaxıstanın qapısına başla vurduğu qolları xatırlayanda təəccüblənməmək olmur. Onun bir hücumçu kimi istedadlı olmasını hamımız bilirik. Təəssüf ki, şəxsi həyatındakı müsbət dəyişikliklər, daha doğrusu zəngin klubların başdöndürən transfer təklifləri sözün həqiqi mənasında Əliyevin başını döndürdü, onu bir futbolçu kimi xeyli geri saldı. Bəd gətirmək istəmirəm. Səmimi qəlbdən Raufla birlikdə “Bakı”nın da problemlərinin son qoyulmasını arzulayıram. Onsuz da ayağı doğru-düzgün top tutan azərbaycanlıların sayı elə də çox deyil. “Bakı”nın infrastrukturu və maddi imkanları isə ölkə futbolunun inkişafına töhvə vermək üçün yetərlidir. Qalır həmin resurslardan faydalı istifadə etmək, arzuları reallaşdırmaq. Artıq “Bakı” haqda belə ruhlu yazılar yazmaq da çox yorucudu. Sözüm sizədi, hörmətli klub başbilənləri. Bu problemlər nə vaxt bitəcək?!

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər