Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA

1314

Milli Məclisin növbədənkənar iclasında İqtisadi siyasətsənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi barədə danışarkən bir sıra təkliflər irəli sürmüşdü.

 

Komitə sədrinin həmin təklifi iqtisadçılar tərəfindən hələ də müzakirə olunmaqdadır. Hesab edənlər var ki, Tahir Mirkişilinin təklifləri hazırkı dönəmdə qarşıya çıxan bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynaya bilər.

Mirkişili bildirmişdi ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin rəyi bundan ibarətdir ki, təklif edilən dəyişikliklər mövcud şəraitinin yaratdığı zərurətdən irəli gəlməklə, qarşıdakı çağırışlara cavab vermək baxımından da məqbul hesab edilə bilər.

 

“Bu dəyişikliklər böhran dövründə dövlət büdcəsinin çevikliyini daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımı maliyyə mənbələri ilə təmin edəcəkdir.

Bütün bunlarla yanaşı hesab edirik ki, bu böhran zamanı üzləşdiyimiz çətinliklər növbəti büdcənin qəbulu zamanı fərqli alətlərdən istifadəni və ya mövcud alətləri daha da təkmilləşdirməyi zəruru edəcəkdir.

– Büdcə xərclərinin tərkibində qorunan xərclərin həcminin böyük olması büdcə gəlirlərinin təmin olunmasında daha dayanıqlı mənbələrin tapılmasını zəruri etməkdədir. Bu məqsədlə DNF-nun vəsaitlərini funksiyalarını yenidən baxılmasını məqsədə uyğun hesab edirik.

 

– Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi daxili borclanma imkanlarına baxılmasını zəruri hesab edirik. Hazırda daxili borcun həcmi 1.4 mlrd. manat olmaqla ÜDM-in cəmi 2%-ni təşkil edir. Bu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər aşağı göstəricidir.

 

– Daxili dövlət borcunun aşağı səviyyəsi qlobal pandemiyadan qaynaqlanan beynəlxalq iqtisadi böhranın milli iqtisadiyyata təsirini yumşaltmaq üçün daxili borc alətlərindən istifadə etməyə şərait yaradır. Daxili borclanmanın artırılması büdcənin maliyyələşdirilmsi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafını da dəstəkləyə bilərdi.

 

– Büdcə qaydasının dayanması zərurətdən doğsa da, bu qaydaların təkmilləşməsinə və yenisinin qəbul olunmasına ciddi ehtiyac vardır. Büdcə xərclərinə nəzarətdə yeni innovativ və proaktiv üsullardan istifadə edilməsi günün zərurətinə çevrilməkdədir”.
 

İzafi xərclər azaldılır…

 

Təkliflərə ilk münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, koronavirus pandemiyası və onun ətrafında gedən prosesləri yaratdığı fəsadları aradan qaldırmaq və yeni çağırışlara cavab vermək, eləcə də büdcənin azalan gəlirləri və artan xərclərini tarazlaşdırlmaqdan ötrü 2020-ci ilin dövlət büdcəsində 2299 milyon manat maliyyə təminatının formalaşdırılmasına ehtiyac yaranıb:

 

“2020-ci il yenidən baxılmış dövlət büdcəsində həmin təminat, büdcənin qeyri-vergi və rüsum daxilolmalarının 880 milyon manat artırılması, bir sıra prioritet kəsb etməyən xərclərinin ixtisarı və bəzi xərclər üzrə gözlənilən qənaət nəticəsində 774 milyon manat məbləğində sərbəstləşən vəsait və dövlət büdcəsinin kəsrinin 645 milyon manat məbləğində əlavə genişləndirilməsi hesabına təmin olundu. Nəticədə dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azaldılaraq 24124 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608 milyon manat artırılaraq 3368,2 milyon manat təşkil etdi. 2020-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcək ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur. Büdcə gəlirlərinin 12,2 milyard manatı və ya 51faizə yaxının Dövlət Neft Fondundan (DNF) transfertlər təşkil edir. Xərclərin isə üçdə ikisindən çoxunu cari xərclər təşkil edir. DNF-dən transfertləri bir kənara qoyduqda, yerdə qalan 11924 milyon manat büdcənin 18 milyard manatı ötmüş cari xərcləri örtə bilmir.Ona görə də büdcə gəlirlərinin formalaşmasında ən təminatlı mənbə , DNF-dən transfetləri 2020-ci ilin təsdiq olunmuş büdcəsindəki 11350 milyon manatlıq transfertin məbləğini 850 milyon manat artırmaqla 12 200 milyon manata çatdırıldı. 2019-cu büdcə ilindən tətbiq edilən yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən edilir. Eyni zamanda, büdcə qaydası icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin də hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir”.

Vegilər artırılmır, borclanmaya gedilir…

 

Ə.Məsimli neftin1 barelinin 55 dollardan 35 dollara endirilməsilə bağlı da fikirlərini bölüşüb:

“Cari il üçün neftin bir barelinin orta illik qiymətinin proqnozunu 55 ABŞ dollardan 35 dollara endirməklə büdcə parametrlərini yenidən hesabladıqda büdcə qaydasından kənarlaşmamaq üçün icmal büdcə xərclərinin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat və ya müvafiq olaraq 8,4 faiz və 21,7 faiz azaldılmalıdır. Yaranmış vəziyyətdən çıxmaqdan ötrü Büdcə Qaydasının tətbiqinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Büdcə qaydasının tətbiqinin dayandırılması obyektiv zərurətdən ortaya çıxıb. Bununla belə məsələyə ölçülü-biçili yanaşılmasa, növbəti illərdə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərinin tarazlaşdırlması üçün 2020-ci ildə olduğu kimi 2299 milyon manat maliyyə təminatı yox, ondan 1,5-2 dəfə artıq maliyyə təminatnın formalaşdırılmasına ehtiyac yaranacaq. Ona görə də Büdcə Qaydasının tətbiqinin dayandırılmasının sonrakı nəticələri obyektiv təhlil edilməli və büdcənin tarazlaşdırılmasında Neft Fondunun vəsaiti ilə yanaşı, digər mənbələrdən də istifadə edilməsi yolları tapılmalııdr. Dövlətin mövcud maliyyə vasitəsi ilə onun xərcləri arasında müəyyən dövr ərzində mənfi yüklü fərq əmələ gələndə, ya vergilər artrılır ya da borclamaya gedilir.Hazırkı reallıqlar şəraitində vergilərin artırılması çox ciddi əlavə problemlər yarada bilər.Ona görə də borclamaya gedilməsinə üstünlük verilir”.

 

 

Borcalma mənbələri…

 

Parlamentarinin sözlərinə görə, ölkənin iqtisadi şəraitindən asılı olaraq müxtəlif mənbələrdən borclanma mümkündür:

 

“Büdcənin gəlir və xərcləri arasında tarazlığın saxlanılması üçün istifadə edilən mənbələrdən biri də daxili borclanmadır. Azərbaycanda bu mənbəədən çox az istifadə edilir. Ona görə də xarici borc ÜDM-in 22,4%-nə (8 960,3 mln. ABŞ dolları), daxili borc isə 2,1%-nə (1 450,1 mln. manat) bərabərdir. Halbuki, beynəlxalq praktikada iqtisadi təhlükəsizlik meyarları baxımından ÜDM-in 30 faizi səviyyəsində daxili borclanma təhlükəli hesab edilmir. Beynəlxalq praktikada daxili borclamadan geniş istifadə edilir və bir sıra ölkələrin əldə etdikləri yüksək iqtsadi və sosial nəticələrdə daxili borclanmadan çevik və səmərəli istifadə edilməsi aparıcı rol oynayır.

Azərbaycanın dövlət borcu hökumətin maliyyə-kredit institutlarından birbaşa cəlb etdiyi və dövlətin bilavasitə öhdəlikləri olan kreditlərdən, həmçinin daxili və beynəlxalq maliyyə bazarlarında dövlət qiymətli kağızları və istiqrazlarının emissiyasından və yerləşdirilməsindən əldə olunan vəsaitdən ibarətdir.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da 2025-ci ilədək olan dövrdə dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd gələcək illər üçün dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətinin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Sözügedən strateji çərçivə daxili borcalmanı təkcə alternativ maliyyələşmə mənbəyi kimi deyil, eyni zamanda, daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutur. Strategiyada qarşıya qoyulan birinci əsas məqsəd həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etməkdir. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olmasına çalışılacaq. İkinci strateji məqsəddə isə dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaq nəzərdə tutulur. Digər strateji məqsəd isə yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi ilə bağlıdır. Bu istiqamətdə Mərkəzi Bank təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanmasını təmin edəcək. Strategiyanın həyata keçirilməsi üçün 3 əsas hədəf müəyyən edilib: 1.Dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsi. 2.Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi. 3. Dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsi”.

 

Daxili borcalmanın təhlükəli həddi

 

Ə.Məsimli qeyd edib ki, son illərdə ölkəmizdə qiymətli kağızlar bazarının, o cümlədən, daxili bazarın inkişafı istiqamətində bir sıra tədbirlər görülməkdədir:

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilib. Bu Dövlət Proqramının başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları yaradan və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Strategiyaya görə, daxili dövlət borcunun 2025-ci ildə 2 milyard manata çatacağı proqnzlaşdırılıir. Bu, daxili dövlət borcunun ÜDM-ə nisbətinin 2,1 faizə çatacağı deməkdir.Halbuki iqtisadi təhlükəsizlik baxımından daxili borcun təhlükəli həddi qeyd etdiyimiz kimi, ÜDM-in 30 faizini keçdikdən sonra başlayır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və daxili maliyyə bazarının inkişaf etdirilməsi məqsədilə hər il dövlət büdcəsi haqqında qanunda dövlət qiymətli kağızlarının emissiyası nəzərdə tutulur. Sözügedən istiqrazları investorlar bazar prinsipləri əsasında alırlar. Mövcud daxili dövlət borcu üzrə dövlət istiqrazları və Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısındakı öhdəliklərin 2023-cü ilədək tamamilə ödəniləcəyi nəzərdə tutulur.Yeni daxili borclar üzrə Qiymətli kağızların təşviqi istiqamətində Dünya Bankı ilə 2015-ci ildən sıx əməkdaşlıq edilir. Belə ki, “Dövlət Borcu və Risklərin İdarə Edilməsi Proqramı” (Government Debt and Risk Management Program) çərçivəsində Dünya Bankının iştirakı ilə Azərbaycanda daxili dövlət qiymətli kağızları bazarının diaqnostikası aparılmış, gələcəkdə gəlirlilik əyrisinin formalaşdırılması, habelə Azərbaycan Respublikasının dövlət borcunun idarə edilməsində dövlət qiymətli kağızları üzrə daxili bazarın inkişaf etdirilməsi və ilkin və təkrar bazarların gücləndirilməsi üçün fəaliyyət planının tərtib olunması istiqamətində tədbirlər görülmüşdür. Hazırda qısamüddətli (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları buraxılır. 2018–2025-ci illərdə hər il mövcud dövlət istiqrazları üzrə xidmət xərclərini ödəyəcək məbləğdə və əlavə olaraq 100 milyon manat məbləğində əlavə dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.İllik büdcə paketlərində nəzərdə tutulan həcmdə daxili borclamaya gedilməsi və həmin vəsaitdən büdcə problemlərini həlli ilə yanaşı prioritet sahələrin inkişafında da səmərəli istifadə edilməsinin aktuallığı artıb”.

 

Həyata keçiriləcək tədbirlər…

 

Deputatın sözlərinə görə, Beynəlxalq Valyuta Fondu pandemiya şəraitində dövlətlərin iqtisadiyyata büdcə müdaxiləsini zəruri hesab edir:

“Fond bunu ilk növbədə baş verən pandemiyanın çox ağır fəsadları ilə əlaqələndirir. Bu böhranın digərlərindən tamamilə fərqləndiyini həmçinin, şəraitin daha çox “müharibə” kimi dəyərləndirildiyini qeyd edir. Hazırkı şəraitdəki mərhələdə tədbirlər həyata keçirilməlidir: BVF həyata keçiriləcək tədbirləri 3 istiqamət üzrə qruplaşdırıb:

Həyati əhəmiyyət kəsb edən sektorların fəaliyyətinin bərpası;

Böhrandan əziyyət çəkənlərə zəruri həcmdə resursların təqdim edilməsi;

İqtisadiyyatın daha dərin fəsadlarla üzləşməsinin qarşısının alınması. Bu tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaqdan ötrü digər şərtlərə yanaşı daxili borclamadan da istifadə olunması vacibdir. Daxili borclama zamanı yetərincə stimul və işlək mexanizm yartamaqla qiymətli kağızlar vasitəsilə həm hüquqi,həm də fiziki şəxslərdən indikindənqat-qat artıq vəsait cəlb etmək olar. Daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılmasına nail olmaq olar.Bununla belə, beynəlxalq təcrübədən çıxış edərək ölkənin idarə edə biləcək borc yükünün müəyyən edilməsi və imkan olan istiqamətlərdə və sahələrdə olkəyə həmin kəmiyyətlər dairəsində çox əlverişli şərtlərlə kredit cəlb edilməsi müasir dövrün borclama siyasətində aparıcı rol oynadığnı nəzərə almaqla hərəkət etməklə məhdudlaşmaq düzgün olmaz.Ölçülüb-biçilmədən, perspektivləri və səmərəliliyi yetərincə qiymətləndirilmədən, xüsusən də ildən-ilə dövlət zəmanəti ilə dövlət şirkərləri tərəfindən alınan xarici borcların qaytarılma imkanları yetərincə incələnmədən, belə səmərəsiz borcların altına girməkdənsə, daxili borclamanı artırmaqla yanaşı, həm də qabaqcıl texnika, texnologiya, yeni menecment və istehsal mədəniyyəti də gətirən birbaşa investisiya cəlb edilməsi üsuluna üstünlük verilməsi daha perspektivli yoldur.

 

Ekstremal hallara cavab verən yeni büdcə qaydaları qəbul olunmalıdır…

Müsahibizin fikrincə, büdcə xərclərinə nəzarətdə yeni innovativ və proaktiv üsullardan istifadə edilməsi günün zərurətinə çevrilməkdədir:

“Büdcə qaydasının dayandırılması zərurətdən doğsa da, bu qaydaların təkmilləşməsi və yenisinin qəbul olunması məsləsi böyük aktuallıq kəsb edir. Bu il istər qlobal, istərsə də ölkə miqyasında yaranmış gərgin vəziyyət diqtəsinə görə elə büdcə qaydası formalaşdırılmalıdır ki, ekstremal şəraitlərdə çevik şəkildə manevr etməyə imkan yaratsın. Eyni zamanda büdcə vəsaitindiən istifadənin səmərəlilyinin artırılması istiqamətində də təsirli tədbirlərin görülməsinə ehtiyac var. Bu, bir tərəfdən dövlət xərcləmələrinin səmərəliliyinin artırılmasına xidmət edən hüquqi bazanın möhkəmləndirilməsini ,Milli Məclisin büdcəyə nəzarət funksiyasından istifadənin səmərəliliyinin artırılmasını, digər tərəfdən isə bütövlükdə iqtsadiyyatın,o cümlədən maliyyə sektorunun rəqəmsallaşdırılması işinin genişləndirilməsi, büdcəyə nəzarət və həmin vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasının işlək mexanizminin qurulmasını, beynəlxalq praktikada özünü doğruldan effektiv normativ üsullardan çevik və dolğun istifadə etməklə sui-istifadələrin, şişirtmələrin qarşısının alınması, aşkarlıq, şəffaflıq, məsuliyyətin artırılması, israfçılığın aradan qaldırılması, xüsusən də dövlət şirkətlərinin büdcə vəsaitindən istifadəsinin səmərəlliliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin hazırlanması və sistemli şəkildə həyat keçirilməsini zəruri edir.Yəni büdcədən dövlət qurumları və publik hüquqi şəxslərə ayrılan vəsaitdən öz təyinatına görə və effektiv istifadə edilməsi üzrə səmərəli fəaliyyət göstərən işlək bir mexanizm hazırlanıb həyata keçirilməlidir. Büdcə vəsaitinə nəzarət işində Hesablama Palatası və digər qurumlarala yanaşı, ictimai nəzarətin gücündən də dolğun istifadəsi, eləcə də bu işə uyğun gələn QHT-lərin, ekspertlərin də cəlb edilməsi çox vacibdir. Bu üsullarla dövlət vəsaitindən sui-istifadə edənləri, mənimsəyənləri vaxtında aşkar edib, məhkəmə mexanizmi vasitəsilə daha çox vəsaitin büdcəyə bərpa olunmasını təmin mümkündür”.

 

Ən optimal çıxış yolu-daxili borcalma

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Vüqar Bayramov T. Mirkişinin təklifləri ilə bağlı danışarkən deyib ki, 2020-ci ilin dövlət büdcəsinin dəqiqləşdirilməsilə bağlı sənəd sadəcə büdcə gəlirlərinin azaldılması deyil, eyni zamanda büdcə xərclərinin artırılması baxımından da vacib idi:

 

“Pandemiya real sektora təsir göstərib, bu da 2020-ci ilin II yarısındakı gəlirlərimizdə özünü biruzə verəcək. Baxmayaraq ki, 2020-ci ilin I yarısında dövlət büdcəsinə daxilolmalar profisitlə yerinə yetirilib. Amma pandemiya davam etdiyindən ikinci yarımildə fiskal gəlirlərimizə birbaşa təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən, pandemiya iqtisadi baxımdan xərclər yaradır, sosia təminatla bağlı xərcləri artırır. Bütün bunların fonunda da xərclərə yenidən baxılması və artırılmasına ehtiyac vardı. Etiraf etmək lazımdır ki, pandmeiya dövründə gəlir mənbələri çox da diverfikasiya olunmur. Çünki pandemiya real sektordakı aktivliyi məhdudlaşdırır. Bu istiqamətdə 850 milyon manatın ayrılması, həm də mövcud mənbələrə müraciət baxımından qiymətləndirilməlidir. Dövlət Neft Fondunun aktivlərinin 40 milyard dollardan artıq olduğunu nəzərə alsaq, bu əslində rasional transferdir. Digər tərəfdən isə daxili borclanma və istiqrazların buraxılması büdcə kəsirlərinin örtülməsi yollarından biridir. Xüsusilə inkişaf etmiş ölkələrdə praktik olaraq istifadə edilir. Məqsədəuyğundur ki, Azərbaycan da növbəti dövlərdə daxili borcalmadan daha çox istifadə etsin. Bu, bir tərəfdən milli valyutada borclanma anlamına gəlir. Digər tərəfdən, xarici borclanma asılılıq yaradırsa, daxili borclanma bir öhdəlik yaradır. Daxili olduğu üçün xüsusilə də qiymətli kağızlar bazarını stimullaşdırır. Həmçinin Mərkəzi Bankın rezervlərini nəzərə alsaq, bu konteksdən həmin öhdəlikləri yerinə yetirmək xarici borclanma ilə müqayisədə daha asandır. Ona görə də Azərbaycanın daxili borclanma və qiymətli kağızlar bazarına müdaxilə edərək, borclanma imkanları var. Güman edirəm ki, növbəti dövrdə Azərbaycan bu imkanlardan daha çox istifadə etməyə çalışacaq. Çünki bu, məqsədəuyğun yollardan biri kimi qiymətləndirilir”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər