"Pulu götürən kimi yazıb qoydum ki, borcum var" - SUMQAYITDA STP-DƏN 450 MİN OĞURLAYAN ŞƏXS

1861

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən R.Nəbiyev özünü qismən təqsirli bilib. O, sərbəst ifadə verərək qeyd edib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib.

 Onun sözlərinə görə, hadisə gecə saat 01:00-da baş verib:

“Gördüm ki, seyfdə pul çoxdur, onu oğurlamaq qərarına gəldim. Mən seyfdən 20 min manat pul götürmək istəyirdim. Ancaq gördüm ki, orda pul çoxdur. Seyfi açdığım üçün pulun hamısını götürdüm, qalan pulu qaytaracaqdım. Əgər 20 min manat götürüb, qalanını orda saxlasaydım, digər şəxslər pulu götürəcəkdilər.

Pulu götürən kimi yazıb qoydum ki, 20 min manat pul götürmüşəm, borcum var, qalanını qaytaracam. Səhər idarəyə zəng edib dedim ki, pulun qalan hissəsi məndədir, gəlin, götürün. Götürdüyüm pullarla kredit borcumu ödədim. İdarənin əməkdaşları səhər gələndə polis əməkdaşları da gəldi və məni orda həbs etdilər”.

Məhkəmədə məlum olub ki, Sumqayıt Texnologiyalar Parkı tərəfindən təqsirləndirilən şəxsə qarşı 22 min 750 manatlıq iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 min 250 manat geri qaytarılıb.

Məhkəmə iclası fevralın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin, içində nə qədər pul olması barədə məlumatlı olub.

R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər