Putinin səfəri öncəsi “5 rayon” iddiası

680

Danışıqlar masasında Ermənistanın işğalı altındakı ətraf rayonların azad olunması ilə bağlı təklifin olacağı deyilir; politoloq: “Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə…”

Sentyabrın 25-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevlə konkret hansı məsələləri müzakirə edəcəyi hələ tam açıqlanmayıb. Qeyd edək ki, bu, cari il ərzində iki qonşu ölkənin birinci şəxsləri arasındakı sayca dördüncü görüş olacaq.

Yüksək səviyyədə baş tutan Soçi görüşündə də qeyd olunduğu kimi, Bakı və Moskva arasında əlaqələr inkişaf edir və dövlət başçılarının şəxsi münasibətləri bu əlaqələrin perspektivinə müsbət təsir göstərməkdədir. Ancaq Putinin Bakı səfərinin hansı zərurətdən irəli gəldiyi də haqlı olaraq sual edilir. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov bir neçə gün əvvəl demişdi ki, sentyabrın 25-də liderlər Bakıda sentyabrın 1-də Soçidə razılığa gəldikləri və ya razılaşmadıqları məsələləri müzakirə edəcəklər. Hər halda maraqlıdır, hansı məsələlərdə razılaşma əldə olunmayıb?

Xatırladaq ki, son ayda daha çox müzakirə olunan məsələ Azərbaycanın KTMT-yə üzv olub-olmaması məsələsidir. Bəzi müşahidəçi və təhlilçilər hesab edir ki, Rusiya prezidenti Azərbaycanın bu quruma müşahidəçi, yaxud üzv olması halında işğal altındakı 5 rayonun geri qaytarılması məsələsini Bakıda müzakirə edə bilər.

Bu ərəfədə Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub. Axar.az xəbər verir ki, Paşinyan “danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb” deyib. Sitat: “Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın 5 rayonu azad etmək istəyi barədə müzakirələr səslənərkən hətta Putinə yaxın siyasi xadimlərdən biri bunu “tələ” adlandırmışdı.

Похожее изображение

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Putinin Azərbaycana səfəri çərçivəsində hansı məsələlərin müzakirə oluna biləcəyi ilə bağlı fikir söyləmək hələ tezdir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi kompleks yanaşma tələb edir. Bununla bağlı rəsmi Bakının mövqeyi aydındır. Səfərin önəmli olacağı qənaətindəyəm. Lakin bununla yanaşı konkret fikir səsləndirməyi doğru hesab etmirəm”.

Картинки по запросу Politoloq Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə isə şübhə etmir ki, rayonların işğaldan azad edilməsi ilə bağlı danışıqlar mütləq olacaq: “Bunu Putin istəməsə belə, İlham Əliyev bu barədə məsələ qaldıracaq. Ancaq Rusiya yenə də öz şərtlərini ortaya qoyacaq, deyəcək ki, ermənilər qorxur, onlar “etibarlılıq qarantiyaları” istəyir. Belə qarantiyanı isə ancaq Rusiya sülhməramlı qüvvələri verə bilər. Belə ki, rus ordusu Azərbaycana qaytarılmalıdır və cəbhədə, təmas xəttində yerləşdirilməlidir”. Ekspert dedi ki, hələlik bütün danışıqlar bu problemə ilişib qalir: “Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə bunu qəti şəkildə istəmir. Vəziyyət belədir”.

Картинки по запросу Politoloq Arzu Nağıyev

Politoloq Arzu Nağıyev danışıqlarda 5 rayon müzakirəsinin olacağına şübhə etmir: “Təhlillər göstərir ki, Soçi görüşündən sonra Ermənistan rəhbərliyi çox böyük təlaş keçirir və narahatdır. Bunun səbəbi Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu müqabilində işğal olunmuş beş rayonun qaytarılması məsələsi haqqında yayılan məlumatlardır. Paşinyanın təcili surətdə Rusiyaya səfəri də bu səbəblərdən biri ola bilər. Buna görə də Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə işğal olunan rayonları da ”DQR”-in tərkib hissəsi olduğunu iddia etdir. Bu haqda təbii ki, Azərbaycan rəhbərliyi ATƏT-in Baş katibi Qremingerə mövqeyini bildirdi. Məlumdur ki, Paşinyan danışıqlara getmək istəmir. Yəni beş rayon məsələsi həll edilsə və bunun “səbəbkar”ı Paşinyan olsa, ermənilər onu hətta fiziki məhv edərlər. Buna görə o, separatçıları tərəf kimi göstərməyə çalışır. Yəni o, bu gün özünü çox çətin bir duruma salıb. Putinin səfəri də Paşinyanı qorxuya salan məqamdır və problemin həllini ona zərbə kimi görür”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər