Qara çərçivəli gün

835

Bayaqdan təqvimə baxıram… Qara çərçivəli günlərimiz nə çoxmuş bizim?! Bu gün də qara çərçivəyə alınıb və bu gün yenə də 20 yanvardı. Artıq 22-ci ildi yaşayırıq bu günü. Kimi bu günü dünəni kimi xatırlayır, kimisi göz yaşlarına boğulur, kimisi də danışılan xatirələrdən gözündə canlandırır. Günlər, aylar, illər keçdikcə üstü qaysaqlanmış yaramız hər dəfə ilin bu günü bir az daha qoparaq,  qanayır. Gecənin soyuq və şiddətli küləyi öz vahiməli səsi ilə hələ də elə bil həmin günə fəryad edir, nalə çəkir… Gecə saat 12-dən keçən kimi televiziya kanalları ekranın bir küncündən 2 qərənfil qoymaqla və ya Şəhidlər Xiyabanından canlı reportaj verməklə, illərdir baxıb az qala hər epizodunu əzbərlədiyimiz filmləri verməklə, özlərini borclarından çıxmış sayırlar. Hələ mən Xiyabanda şərflərinin altında gizlənən qulağı nauşnikli gəncləri, həmin günü efirdə izləməyə maraqlı  bir şey yoxdu deyə disk qoyub doyunca əylənən adamları, ad günlərini qeyd edənləri, “Əşi onsuz gör neçə il keçib Allah rəhmət eləsin”- deyib badələri vuranları, iş yerlərindən Xiyabana göndərilmiş insanların üzündəki narazılığı, “Yaxşı ki, sabah 20 yanvardı, iş yoxdu” deyənləri, hələ özlərini kosmopolit sayıb Moskvada erməni və ya rus druziyaları ilə kef çəkənləri demirəm… Bunları saymaqla qutarmaz…

Amma o müdhiş gecənin vahiməsini, qorxusunu hələ də canından çıxara bilməyənlər də var. Səhərin gözü açılan kimi mən də hamı kimi Şəhidlər Xiyabanına yollandım. Bura gəldiyimdə isə, bütün gecəni məni rahat buraxmayan fikirlərim bir az da olsun dağıldı. Bakının şaxtalı, sazaqlı, yağışlı bir sözlə, qan ağlayan havasına baxmayaraq insanların axını sel kimi idi. Uyduqları məkanlarının çox soyuq olmasına baxmayaraq məni çox isti və mehribanlıqla qarşıladılar. Sıra ilə məzarların yanından astaca addımlayır əlimdə olan qərənfilləri bir-bir  düzürdüm. Hər məzardan boylanan donuq baxışlar sanki insanı sualları ilə atəşə tuturdu. İrəlilədikcə şəkillərə daha diqqətlə fikir verirəm…Sanki hər bir simanı hafizəmə həkk elətdirmək istəyirəm… Deyirəm bəlkə nə vaxtsa yolum cənnətə düşsə, onları bir-bir axtarım, tapım qarşılarında baş əyim… Bəlkə də, bu şəkillər nə vaxtsa onların ən xoşbəxt anlarının əksləri olub, amma indi məzarlarını bəzəyir. Yolumun sonuna yaxınlaşdıqca içimdə qəribə bir hüzür və rahatlıq yaranır. Yenidən arxaya boylanıb qürur yerimizi, and yerimizi  seyr edirəm və izdihamın arasında yavaş-yavaş uzaqlaşıram…

Bu gün  bir daha bunu anladım onlar öz uyuduqları  Xiyabanından bizlərə qürurla boylanırlar, amma mən nə yalan deyim, hər dəfə onları ziyarət edərkən utanıram. Çünki hələ də qanları yerdə qalıb. Allah bizi Şəhidlərimizin yanında üzüqara eləməsin! Amin!

Səbinə DƏNİZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər