QHT təmsilçilərindən humanist addım: Çempiona dəstək olaq!

714
Bu günlərdə Potensial Sumqayıt Mütəxəssislər Birliyi Resurs Mərkəzinin əlaqələndiricisi Feyruz Şivəxanov QHT sektoruna müraciət edərək 17 yaşlı Respublika çempionu Ceyhun Babakişiyevə dəstək olmağa çağırdı.
F.Şivəxanov qhtxeber.az-a bildirdi ki, Xoşgül Pənahova adlı bir soydaşımız təşkilata müraciət edərək 17 yaşlı 11-ci sinif şagirdi olan oğlunun sambo ilə məşğul olduğunu, bu yaxınlarda Respublika çempionu olduğunu və aprelin 4-də Rumıniyada keçiriləcək Avropa çempionatına getməli olduğunu, lakin səfərə getmək üçün maddi imkanının olmadığını dedi: “O, oğlunun səfər xərci üçün maliyyə axtarışına kömək etməyimizi xahiş etdi”.
F.Şivəxanov bildirdi ki, X.Pənahovanın əri 2004-cü ildə dünyasını dəyişib, o çox çətinliklə 3 övladını təkbaşına böyüdüb. Oğlu Ceyhunun hələ uşaq vaxtlarından idmana böyük marağını görüb nə qədər çətin də olsa, onun “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında sambo ilə məşğul olmasına şərait yaradıb. Ceyhun da idmana sonsuz maraq və həvəsi, məşqçisinin zəhməti sayəsində ümidləri doğruldur. Belə ki, təkcə 2008-ci ildən indiyədək 14 şəhər və Respublika birinciliyində sambo və cüdo üzrə turnirlərdə qalib olub. Sonuncu iştirak etdiyi 5 fevral 2012-ci il tarixli cüdo üzrə Sumqayıt birinciliyində və 18 fevral 2012-ci ildə sambo üzrə yeniyetmələr arasında Respublika birinciliyində 81 kq çəki dərəcəsində I yeri tutub. Bu qələbələrdən sonra məşqçisi onun aprelin 5-də Rumıniyada yeniyetmələr arasında keçirilən Avropa çempionatında iştirak etməsini vacib hesab edir və onun layiqli yer tutacağına inanır. Ceyhun özü də çox əzmkarlıqla bu yarışa hazırlaşır və Azərbaycanın bayrağını belə mötəbər yarışda ucaldacağına əmindir.
Çempionun anası deyib ki, lazımi qurumlara müraciət etsələr də, Ceyhunun səfər xərcinə kömək edən olmadı. Onun bütün sənədləşmə işi hazırdı, yalnız 1200 manat səfər xərci tələb olunur.
F.Şivəxanov da QHT sektorundakı həmkarlarına səslənərək, kiçik yaşında atasını itirmiş və respublika çempionu olan gənc Ceyhun Babakişiyevin aprelin 4-də Buxarestə, Avropa çemionatına səfər xərcinin toplanmasına kömək etməyi xahiş etdi. “Əgər hər aktiv QHT öz üzvlərinin köməyi ilə heç olmasa, 30-40 manat toplaya bilsə, Ceyhunun çempionatda iştirakına böyük töhfə olar. Gəlin, Vətəndaş Cəmiyyətinin birliyini və gücünü nümayiş etdirək!” – deyə o, həmkarlarına çağırış etdi.
Həmkarının çağırışına ilk cavab verən Ilqar Qasımov ‎oldu. Ardınca Nazir Quliyev və Mehriban Zeynalova da “bəlkə gələcəkdə Olimpiya çempionumuz elə bu gənc olacaq” deyə Ceyhun Babakişiyevə dəstək verdiklərini bəyan etdilər.
qhtxeber.az ümid edir ki, QHT təmsilçiləri humanistlik nümayiş etdirib Ceyhunun Avropa çempionatında iştirakını təmin etmək üçün lazımi dəstəyi verəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər