Qonşusunu qətlə yetirən Sumqayıt sakinlərinə hökm oxundu

838

Oktyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qonşusunu qətlə yetirən Sumqayıt şəhəri sakinlərinə hökm oxunub. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməlin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən Nicat Paşayev 13 il, Kamil Fərəcov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2008-ci ilin noyabrında Sumqayıt şəhər sakinləri N.Paşayev və K.Fərəcov qonşuları Habil Novruzovu xüsusi amansızlıqla qətlə yetiriblər. Habil Novruzovun meyiti 2008-ci ilin noyabrın 23-də Abşeron rayonunun Saray qəsəbəsində tapılıb. Torpağa basdırılmış mərhumun əlləri yapışqanlı lentlə bağlı olub. Həmçinin onun burnunun və qabırğalarının sındığı müəyyənləşib. Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktla əlaqədar noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev şübhəli şəxs qismində saxlanılıblar. Onlar Abşeron RPİ-də dindirilərkən H.Novruzovu öldürdüklərini etiraf ediblər. Xatırladaq ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Habil Müslüm oğlu Novruzovun idarə etdiyi “Mercedes” markalı, “AZ 50 BB 018” dövlət nömrə nişanlı avtomobillə itkin düşməsi barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olub. Onun itkin düşməsindən 16 gün sonra isə “Merdeces”i yanmış halda Saray bağlarında tapılıb. Bundan sonra Abşeron RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində H.Novruzovun basdırılmış meyiti həmin ərazidə aşkarlanıb. Fərid Əkbərov /LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər