Qubadlının işğalından 18 il ötdü!

737

31 avqust 1993-cü il qubadlıların qan yaddaşına tünd qara hərflərlə yazılmışdır. Həmin gün torpaqlarımızın işğalı ilə yanaşı, bizim işıqlı dünyamızın iflası, mənəviyyatımızın viran olduğu gündür. Yaman olurmuş anlamaq dərdi. O gün gözlərim önündən getmir. Çalışıram yadımdan çıxaram, bir az yüngülləşim, bacarmıram. O vaxt gördüyüm bir epizod yadım düşdükcə alovlanıram. Atı ilə Daşburuna qədər gələn bir kişi ayrılmaq məcburiyyətində idi. Atını satmışdı, ancaq ayrıla bilmirdi. Atının boynunu qucaqlayıb hönkürə-hönkürə ağlayırdı. Sanki o hiss edirdi ki, atını yox, elə, obaya, evinə qayıtmağa olan axırıncı ümidini itirir. O günləri xatırladıqca özüm-özümə nifrət edirəm, yaşadığıma belə təəssüflənirəm. Ona görə ki, elə yaşlı kişiləri, ah-nalə içində fəryad qopara-qopara ayaqyalın, başı açıq çöllərə səpələnən qız-gəlinləri bizlər müdafiə etməli idik. O barədə danışmaq, o anları xatırlamaq, düşünmək belə istəmirəm. Nəyi danışasan qorxaqlığımızı, cəsarətsizliyimizi, qeyrətsizliyimizimi?…

Durub düşündükcə mənə o qədər gülünc gəlir ki… Necə yəni üstündə doğulub boya-başa çatdığın torpağı, yüz illərlə ata-babalarımızın tikib-qurduğu abidə kimi nəsildən-nəsilə ötürdüyü ev-eşiyi bir anın içində qorxaqcasına tərk edib, başını götürüb qaçasan. Daha düşünmədik ki, rayon ərazisindən bir addım kənara çıxan kimi alınımıza qaçqın-köçkün damğası vurulacaq, özünə ləqəb qazanasan, sənə qaçqın filankəs deyəcəklər. Düşündükcə adama ağır gəlir, sən gör neyləmisən – adını ləqəbli, dilini gödək, başını töhmətli eləmisən. Görəsən, bizi bu işə təhrik edən kim idi? Cılız ermənilərmi, yoxsa soyu özümüzdən olan kürsü davası aparan iyrənc siyasətçilərmi? Yoxsa bizə bir bəhanə lazımmış o yerləri tərk etməyə? Bu düşüncələr arasında Napoleon Bonapartın bir kəlamı yadıma düşür: “Siyasətçinin ürəyi olmaz, o, öz siyasətinin həyata keçməsi xatirinə milyonları qurban verməlidir”. Düşünürəm, bu bir milyon qaçqın-köçkünün başına gətirilən hansı murdar siyasətçinin oyunu idi…

Qorxaq adamlara quş ürəkli deyirlər. Deyirəm heç bizim quş qədər də ürəyimiz yoxmuş. Quşun yuvasını uçurdanda az qalır adamın gözünü töksün. Bəs biz nə etdik, kimin gözünü çıxartdıq. Atalar yaxşı deyib: “Vuran oğul atasına baxmaz”. Nə vaxt vurduq qoymadılar. Yaxşıca bəhanələr gətiririk, günahı başqalarında axtarırıq. Guya ki, bütün baş verənlər, məğlubiyyətimizin səbəbkarı döyüş taktikasını bilməyən hərbiçilər, idarəçilik mexanizmi olmayan təcrübəsiz rəhbərlərdir. Düzdür, onların da günahı az deyil. Belə ki, nəyə görə yerlərdə hücum batalyonları yox, məhz özünümüdafiə batalyonları yaradırdılar. Özünümüdafiə elə qorxaqlığın bir növüdür. Bunun üçün elə bizdə qorxaqlığı, yazıqlığı tərbiyə etmək demək deyilmi? Məntiqə bax sən, vurma, səni vursalar, özünü müdafiə et…

Adət şəkli alıb. Respublikamıza gələn xarici qonaqlara birinci növbədə aparıb xaraba qalmış, işğal altında olan torpaqlarımızı, şəhidlər qəbiristanlığını göstəririk. Görəsən, bunun əhəmiyyəti nədir? Bununla biz qorxaqlığımızı, yazıqlığımızı, bacarıqsızlığımızımı sübut etmək istəyirik?…

Bəli, 31 avqust 1993-cü il bizim ömür səlnaməmizə məcburi köçkün adının yazıldığı gündür. 1993-cü ilin axırları, 1994-95-ci illər də daxil olmaqla, Sumqayıt şəhərindəki N.Nərimanov adına klubun qarşısına minlərlə adam toplaşırdı. Hansı tanışını istəsən orda tapa bilərdin. Onların dərdi ortaq idi, iş yeri də, dərd yeri də, söhbət yeri də ora idi. Nimdaş geyimlərindən, solmuş çöhrələrindən, intizarlı gözlərindən qaçqın olduqları hiss olunurdu. Nə olmuşdu, nə idi bunların suçu, hansı günahın sahibi idilər? Onları görəndə içim göynəyirdi, ağlamaqdan özümü zorla saxlayırdım. Onların çoxunu yaxşı tanıyırdım. Rayonda qapısı-bacası, bağı-bağatı, sürüylə heyvanı, toyuq-cücəsi, top dağıtmaz ev-eşiyi vardı. O cür var-dövlət sahibləri gör nə günə düşmüşdülər. Kimisi məktəbdə, kimisi yataqxanada, kimisi uşaq baxçasında sığınacaq tapmışdı. Hansı ki, onlar xeyir-şər məclisini bazara-dükana getmədən, qapısının heyvanatı, məhsulu ilə yola verirdi…

Qaçqın-köçkünlük təkcə onların var-dövlətini, ev-eşiyini yox, həm də ürəklərinin dərinliyində bəslədikləri böyük arzularını darmadağın etdi. Kimisi təzə ev tikmişdi, bu payız oğlunu evləndirib içinə yığasıydı, kimisi cer-cehiz toplamışdı, qızını köçürəsiydi, kimisi sevə-sevə böyütdüyü ilk nübarı üçün məktəbli forması almışdı, səhəri əlindən tutub məktəbə aparası idi, kimisi özü üçün doğmalarının yanında dəfn olunmaq üçün yer seçmişdi…

Adını çəkmək istəmirəm, bizim kənddən bir kişi can verəndə son nəfəsində məndə orada idim, vəsiyyət elədi ki, məni dağdağan ağacının altından götürün.

Deyirlər, bir nəfər adamlara baxıb deyir, görəsən, qayıdası olsaq bir belə adamı aparmağa maşın tapılacaqmı? Baqi adlı bir kişi cavab verir ki, sən arxayın ol ki, nağdı qayıtmayassan. Baqi kişi görür ki, verdiyi cavabdan kişinin halı pozuldu. Deyir qorxma, bu cavab tək sənə aid deyil. Bu gördüyün adamlardan bir lafet qayıtsa yaxşıdır…

İndi N.Nərimanov klubunun qabağında bir nəfər də tapa bilməzsən. O tanış sifətlərin hamısını bu 18 ilin içində qara torpaq uddu. Fələk onların arzularını ürəklərində qoydu…

Şahverdi Ağakişiyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər