Rafael Ağayev: “Artıq o yaşım deyil ki...” - MÜSAHİBƏ

555

Əminəm ki, bu hissləri Yer kürəsinin hansısa bir nöqtəsində öz vətəni olan, yaxud getdiyi hər yerdə vətənini ürəyində, bişirdiyi yeməklərdə, övladına danışdığı xatirələrində, verdiyi öyüdlərində yaşadan hər bir insan, vətən anlayışını dərk edə bilən hər bir şəxs yaşayıb. Bayrağını ucalarda və himnini bütün dünyanın eşitdiyini görməyin verdiyi ürpərmək hissini deyirəm.

Təqvimin hər ayında bir hüznlü günümüz mütləq var. Ancaq indi öz ailəsi ilə yanaşı, ailə qədər dəyər verdiyi xalqının sevincini, məsuliyyətini, gələcəyini öz çiyinlərində daşıyan gənclərin sayəsində bayram etdiyimiz günlərin sayı çoxalıb, çoxalmaqdadır. Bu bayramlardan bir neçəsi də Sumqayıtın və Azərbaycanın döyüşkən oğlu, 5 qat dünya, 13 qat Avropa çempionumuz, ilk Avropa Oyunlarının qızıl medalçısı Rafael Ağayevin adı ilə bağlıdır.

Publika.az beynəlxalq arenalarda dəfələrlə Azərbaycan bayrağını ali fəxri kürsüyə qaldıran, dünya şöhrətli karate ustası, ayrı-ayrı ölkələrdə müxtəlif ləqəblərlə tanınan, bizimsə “Brilyant oğlan” kimi qəbul etdiyimiz Rafael Ağayevlə müsahibəni təqdim edir.

– Rafael bəy, idmana gəlişinizdə kimin əməyi var?

– İdmana gəlişimdə ilk növbədə ailəmin əməyi var.

– Uşaqlıqda karate ilə yanaşı, futbola da həvəsiniz olub. Bəs niyə futbol yox, məhz karate?

– Karateyə də, futbola da həvəsim çox olub. Sadəcə uşaq vaxtı dava-dalaşa meyilli, dəcəl olmuşam deyə karateni seçmişəm.

– 5 qat dünya, 13 qat Avropa çempionu olmağın məsuliyyəti nələrdir? Nəzərə alsaq ki, dünyada kifayət qədər tanınırsınız. Hətta karatenin vətənində belə sizi daha böyük idmançı kimi qəbul edirlər.

– Ümumilikdə, böyüklər arasında 5 dəfə dünya, 13 dəfə Avropa çempionu olmuşam. Bunlardan 10 qızılı böyüklərdə, 3 çempionluğu isə yeniyetmələrdə qazanmışam. İnsan bir dəfə, iki dəfə çempion ola bilir. Amma daim çempion olmaq üçün hər şey lazımdır: güc, iradə, ağıl. Həmişə formada qalmaq zəruridir. Zədələrdən özünü qorumaq lazımdır. Böyük bir işdir, sözlə deyiləsi deyil. Məsuliyyətli olmaq çox önəmlidir.

– Az hallarda gümüş və bürünc medal qazanmanıza şahid olmuşuq. Sizi fəxri kürsüdən bir addımlıq kənarda saxlayan səbəblər hansılar olur?

– İdmançı robot deyil, uduzmağı da, udmağı da bacarmalıdır. Mənim sevdiyim kürsünün birinci pilləsidir. Amma arada ikinci, üçüncü də olur. Necə ki, həyatda insanın enib-qalxma dövrləri olur, idmanda da həmçinin elədir.

– Biz sizi ilk pillədə görməyəndə qəribə hisslər keçiririk. Siz bu zaman hansı duyğular keçirirsiniz?

– Mənim üçün idman karyerasında ən çətin anlar məğlub olduğum zamanlardır. Bəzi idmançılardan fərqli olaraq uduzduqdan iki saat sonra gülüb-zarafatlaşmıram. Uduzduqdan bir neçə gün sonra belə özümə gələ bilmirəm. Çünki mən ancaq qələbə üçün tatamiyə çıxıram.

– Döyüşdə saniyənin belə əhəmiyyəti çox böyükdür. Bəs zamanın şəxsi həyatınızda nə kimi önəmi var? Məsələn, Parisdəki son görüşdə 1 saniyə sizi qızıl medaldan ayırdı. Həyatda necə, zamana görə itirdiyiniz nələrsə olub?

– İdman karyeramda son saniyələr çox rol oynayır, həyata qalanda… Sualın özünə baxın: həyatda… Həyat elə bir şeydir ki, zaman bizi gözləmir. Nə olacağı bəlli deyil.

– Həyatda, yoxsa tatamidə daha çox zərbələr almısınız?

– Həyatda alınan zərbələr daha ağır olur, sevdiyin insanları itirirsən və s. Tatamidə aldığın zərbələr isə idmanla bağlıdır. Əlbəttə ki, yarışlarda da ağır zərbələr olur. Məsələn, dünya çempionatının finalında məğlub olursan.

– İdmançı olmasaydı, Rafael indi hansı peşədə olardı?

– Özümü idmandan başqa hansısa peşədə görmürəm və görməmişəm. Bəlkə karateçi olmasaydım, futbolçu olardım.

– Brüs Li deyir ki, insan su kimi olmalıdır, getdiyi yolun, olduğu yerin şəraitinə uyğunlaşmalıdır. Bu fikir sizdə hansı təəssüratlar oyadır?

– Məncə, insan elə insan kimi olmalıdır.

– Professional bir idmançı üçün karyerasının zirvəsi olimpiya oyunlarında iştirak etməkdir. Lakin bəzi idmançılar Olimpiya Oyunlarında nəticə əldə etdikdən sonra karyeralarına son qoyurlar. Kifayət qədər yaşınız və təcrübəniz var. Gələcəkdə olimpiadada iştirak etsəniz, siz də sözügedən idmançıların yolunu tutacaqsınız, yoxsa idmana davam?

– İnşallah, ilk növbədə Olimpiadaya lisenziya qazanaq, medalımız olsun. Artıq o yaşım deyil ki, hansısa bir idmançının yolunu tutum. Mənim öz yolum var.

– Övladlarınızın sizin kimi idmançı olmasına necə, razısınız?

– Oğlumun peşəkar idmançı olmasını istəyərdim.

– İstər ölkəmizdə, istərsə dünyada elə bir karateçi varmı onu məğlub edəndən sonra fikirləşmisiniz ki, bəli, məndən güclü yoxdur…

– Bunu deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

– Son olaraq Dubayda fəxri kürsünün ilk pilləsinə qalxmağı bacardınız. Çətin yarış idi?

– Bəli çox ağır oldu. İdmanda yüngül yarış olmur.

– Növbəti böyük hədəf yəqin ki, olimpiya oyunlarına qatılmaqdır. Bəs karyeranızı bitirdikdən sonra nə işlə məşğul olmağı planlaşdırırsınız?

– Hələ ki, növbəti hədəf olimpiadada iştirak etmək deyil. Bu il keçirilən yarışlarda qalib gəlmək lazımdır. Məhz bu yarışlar məni olimpiadaya aparacaq. Karyeradan sonra isə yəqin ki, karate federasiyasında qalacam. Doğrusu, bu barədə hələ fikirləşməmişəm.

– Rafaeli insanlara sevdirən nədir?

– Rafael öz sadəliyi, insanlığı və təmiz qəlbi ilə sevilir.

– Sizə təşəkkür edir və vurduğunuz zərbələr qədər şanslar arzu edirik.

– Mən də sizə təşəkkür edirəm. Biz idmançıları hər zaman diqqətinizə saxlayırsınız.

Zümrüd Kərimova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər