Menu
Geri İrəli

Sumqayıtlıların tibbi müayinədən keçirilməsi üçün xüsusi komissiya yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 795 dəfə • Şərh yoxdur

tibbi muayineSumqayıtlılar yekdilliklə Azərbaycan Prezidenti İlham Əliyevin “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinə olunmalıdır” çağırışına qoşulublar
Fevralın 17-dən başlayaraq şəhərin tibb müəssisələrində sakinlərin məcburi prafilaktik müayinəsi aparılır.

AzərTAc xəbər verir ki, vətəndaşların müayinə olunduqları tibb müəssisələri arasında müasir avadanlıqla təchis edilmiş 2 nömrəli şəhər xəstəxanası da vardır. Ötən ilin oktyabrında əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxananın həkim briqadaları hər gün saat 9-dan 17-dək idarə, müəssisə və təşkilatların əməkdaşlarını qəbul edirlər. İnsanlar mütəşəkkil şəkildə, sakitliyə riayət edərək, bir-birinin ardınca həkimlərin kabinetlərinə daxil olur, müayinədən keçirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev bildirib ki, əhalinin ümumi dispanserləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Bununla əlaqədar olaraq bir neçə gün əvvəl şəhər icra hakimiyyəti başçısının yanında şuranın iclasında tədbirlər planı təsdiq edilib, cədvəl hazırlanmış, məsul şəxslər müəyyən olunmuş, dövlətimizin başçısının tapşırığının icrası üzrə xüsusi komissiya yaradılıb.

E.Həbibullayev demişdir ki, bu il ölkə vətəndaşları ilk dəfə məcburi qaydada dispanserləşdirmədən keçəcəklər. Dispanserləşdirmə pulsuzdur. Risk faktorlarının erkən mərhələdə aşkar edilməsi və müalicənin vaxtında aparılması xəstəliklərin inkişafının qarşısını almağa, ölüm və əlillik hallarını azaltmağa imkan verəcək.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyevin sözlərinə görə, şəhərin tibb müəssisələrində əhalinin məcburi prafilaktik müayinəsinin operativ aparılması üçün zəruri olan bütün tədbirlər görülüb. Hər kəs profilaktik müayinədən keçməlidir. Hətta insan özünü sağlam hiss etsə, heç bir şikayəti olmasa da, çox vaxt dispanserləşdirmə zamanı onda müalicəsi erkən mərhələdə daha səmərəli olan xroniki xəstəliklər aşkar edilir.

Ə. Tağıyev onu da bildirmişdir ki, əhalinin tibbi müayinəsi iki mərhələdə aparılacaqdır. Birinci mərhələ (skrininq) xəstəliklərin erkən aşkara çıxarılması və xəstəliyi olduğu ehtimal edilən vətəndaşların seçilməsi məqsədilə aparılır. İkinci mərhələ xəstəliyin təkrar müayinəsini və diaqnozun dəqiqləşdirilməsini, mütəxəssislər arasında ciddi profilaktik məsləhətləşmələrin aparılmasını əhatə edir. Müayinə əsasında pasiyent barədə bütün məlumatların toplandığı ambulator kartlar yaradılır.

Ə.Tağıyev demişdir ki, dispanserləşdirmənin ilk günündə 3700 Sumqayıt sakini, ikinci günündə isə 3943 nəfər müayinədən keçmişdir. Onlar üçün funksional diaqnostika xətti ilə 4100-dən çox müxtəlif müayinə aparılır.

“Regional Nəqliyyat” MMC-nin aparıcı mütəxəssisi Ədalət Ağayev müayinədən sonra yaradılmış şəraitdən razı qaldığını bildirərək demişdir: “Hər bir insanın sağlamlğına diqqət göstərən dövlətimizin başçısı çox sağ olsun. Bu bir daha təsdiq edir ki, İlham Əliyev həqiqətən ölkənin hər bir vətəndaşının Prezidentidir”.

Şəhərin gənc sakini Gözəl Bəhrami həkimlərin pasiyentlərə diqqətlə və məsuliyyətlə yanaşdıqlarını vurğulayaraq demişdir: “Müayinə zamanı həkimlər sağlamlığımda bəzi problemlərin olduğunu bildirdilər. Mütəxəssisə müraciət etməyi sonraya saxlamaq istədim, lakin həkimlər israrla müayinəni davam etdirdilər. Mən onlara minnətdaram. Dövlətin öz vətəndaşlarına belə qayğı göstərməsi çox yaxşı haldır”. AzərTac, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın