Şamaxıda qış turizm mövsümünə start verilib – VİDEO

351

Şimal-qərb bölgəsində qış turizm mövsümünə start verilib. Hər il olduğu kimi, bu il də Şamaxı turistlərin diqqət mərkəzindədir.

Oxu.Az xəbər verir ki, qonaqların ən çox gəzib-görmək istədiyi məkanlardan biri də rayonun Pirqulu qəsəbəsidir.

Buranın iqlimi, bitki örtüyü, heyvanat aləmi və ən əsası, tarixi abidələri gələn qonaqları valeh edir. Yağan qar rayona gələn turistlərin sayına xeyli təsir edib.

Şəhər mərkəzindən 14 km şimalda yerləşən Pirqulu qış aylarında daha da cəlbedici olur. Bölgənin ən böyük eko-parkı olan Safari turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Park dağ-meşə sahəsində 620 hektar ərazini əhatə edir. Burada nəcib maral, lan, muflon və başqa heyvanlar saxlanılır.

Turistlərin diqqətini çəkən daha bir məkan isə dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Astrofizika Rəsədxanasıdır.

Rayona yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələnlər də az deyil. Əsasən, ərəb ölkələri və qonşu Rusiya, o cümlədən, Avropanın bir sıra ölkələrindən turistlər gəlir.

Şamaxıda fəaliyyət göstərən hotellər də qış mövsümünə hazırdır. Burada turistlər üçün fərqli əyləncələr təqdim edilir.

Pirquluda fəaliyyət göstərən hotel və mehmanxanalarda bir gecə üçün qiymətlər 40 manatdan başlayaraq 120 manata qədər dəyişir. Son bir ildə rayona 19 min yerli və xarici turist gəlib. Bu rəqəmin qış aylarında daha da artacağı gözlənilir.

 Rəşad Aydın, Hüseyn Qasımov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər