Şəhid anası: “Polad Həşimov şəhid olanda oğlum dedi ki, onun qisasını mütləq almalıyıq”

457

“General Polad Həşimovun qisasını mütləq almalıyıq. Anama deyin ki, ağlamasın, başını hər zaman dik tutsun”.

Bu ürəkdağlayan, eyni zamanda, qürurlandırıcı sözlərin müəllifi 44 günlük Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi qulluqçusu Səbuhi Həsənquliyevdir.

“Report”un əməkdaşları şəhidin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.

Şəhidin anası Mayisə Həsənquliyeva ilə söhbətə başlayanda artıq oğlunun istəyinə əməl etdiyi bəlli olur. Nə qədər kədərli olsa da, qarşımızda başı dik, gözünün yaşını silib, alnı açıq dayanıb. Çünki bilir ki, oğlu əsl igid kimi, qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

O bildirir ki, oğlu 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb: “Oğlum əvvəl Beyləqanda “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Müharibə başlayanda döyüş bölgəsinə göndərilib. Elə ilk gündən qəhrəmancasına vuruşub. Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azad olunmasında yaxından iştirak edib.

Səbuhi general Polad Həşimov şəhid olanda çox pis olmuşdu. Mənə dedi ki, bu qisas mütləq alınmalıdır. Oğlum sözünə əməl etdi. Noyabrın 8-nə qədər heç bir yarası, xəsarəti olmayıb. Oğlum Şuşa döyüşlərində çox sayda düşməni məhv etdikdən sonra ürəyindən vurularaq qəhrəmancasına şəhid olub”.

Anası nə qədər təmkinli dayansa da, şəhidin atası Əlixan Həsənquliyev oğlunun yoxluğu ilə barışa bilmir. Mayisə ananın hər cümləsində atanın gözündən yaş töküldüyünü müşahidə edirik.

Şəhidin atası deyir ki, Səbuhinin yoxluğu ilə hələ də barışa bilmir: “Elə bilirəm ki, sağdır, nə vaxtsa qayıdıb gələcək. O, çox zəhmətkeş, Vətənini sevən, torpağa bağlı bir oğul idi. Nə zaman danışanda söyləyirdi ki, hər şey qaydasındadır. Onun döyüşlərdə iştirak etdiyini sonradan öyrənmişdik. Sonuncu dəfə oktyabrın 31-də zəng etdi. Bilirdi ki, mən kövrək adamam, danışa bilmirəm. Ona görə mənimlə çox vaxt danışmırdı. Elə axırıncı dəfə də anası, qardaşı ilə danışdı. Noyabrın 1-də qardaşının doğum günü idi. Onu təbrik etmək üçün yığıbmış. Dedi ki, ola bilsin, bu, sizinlə sonuncu danışığımdır, haqqınızı halal edin. Oğlum demək olar ki, bütün rayonlarımızın azad olunmasında yaxından iştirak edib. Torpaqlarımız azad olunduqca çox sevinirdi. Həmin vaxt bildirirdi ki, televizora baxın, Ali Baş Komandan müjdəli xəbər verəcək”.

Şəhidin anası M.Həsənquliyevanın sözlərinə görə, oğlu şəhid olanda hiss edib: “Ali Baş Komandan Şuşanın işğaldan azad olunması xəbərini verəndə nə qədər sevinsəm də, bir tərəfdən də çox narahat idim. Hiss edirdim ki, oğluma nəsə olub. Həmin gün gedib iki ayrı bağlamada şokolad aldım. Dedim ki, onun bir hissəsini elə indi qələbə münasibəti ilə qonum-qonşuya paylayacam, bir hissəsini isə oğlum sağ-salamat evə geri dönəndə paylamaq üçün saxlayım. Amma bunları etmək qismət olmadı. Təki Vətən sağ olsun! Biz igid, Vətəninə bağlı bir oğul böyütmüşdük. Azərbaycan oğulları qanları, canları bahasına 30 il işğal altında olan torpaqlarımızı azad etdilər. Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan isə şəhidlərindən ibarətdir. Hər birinin ruhu şad olsun, Allah bütün şəhid yaxınlarına səbr versin! Onlar hər zaman qəlbimizdə əbədi yaşayacaqlar”.
Qeyd edək ki, S.Həsənquliyev Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Foto: Vüqar Xanlarov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər