Şəhid Vüsal Allahverdiyevin xatirə lövhəsi açılıb

670

Sumqayıtda şəhid Allahverdiyev Vüsal Tahir oğlunun xatirə lövhəsinin açılışı olub. Əvvəlcə Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının nümayəndələri şəhərdə yerləşən Şəhidlər xiyabanında olub, şəhidin məzarına ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində şəhidin yaşadığı evin yanında xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, icra hakimiyyətinin məsul işçiləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan və işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Qeyd edilib ki, Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı Vətən müharibəsində canından və qanından keçərək öz adlarını tarixə yazdılar. Onlardan biri də igid qəhrəmanımız Vüsal Allahverdiyevdir.

Natiqlər şəhidin həyatından, döyüş yolundan danışıblar. Bildirilib ki, Vüsal 1988-ci il avqustun 16-da Qubadlı şəhərində anadan olub. 2006-cı ildə şəhər 2 saylı tam orta məktəbi bitirərək Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olub. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci ildə – Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə müraciət edib və qeydiyyata alınıb. Oktyabrın 1-də könüllü olaraq Vətən müharibəsinə yollanıb, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə iştirak edib.

Dördgünlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxarmağa müvəffəq olub. Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşüb. Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıblar.

Vüsalın son döyüşü oktyabrın 30-da Xocavənd istiqamətində olub. Şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Sonda çıxış edən şəhidin atası Tahir Allahverdiyev şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Vüsal Tahir oğlu Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər