“Sələf”lərini kölgədə qoyan büdcə sosial layihələr üçün nələr vəd edir? – TƏHLİL

919

Ölkəmizin artan iqtisadi qüdrəti əhalinin sosial problemlərinin həllinə, sosial rifahın yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirməyə imkan verir.
2020-ci ilin dövlət büdcəsi də bu baxımdan nikbinlik yaradır. Belə ki, müstəqillik dövrünün ən böyük büdcəsi olan 2020-ci ilin dövlət büdcəsi sosial xərclər baxımından da “sələf”lərindən daha böyükdür.

Aşağıdakı cədvəldə son 10 ilin büdcə xərcləri və sosial xərclər əks olunur.

 

Aydın olur ki, sosial xərclərin büdcədəki payı 9,5 faizdən 12 faizədək artıb. Doğrudur, iş yerlərinin açılması, sahibkarlığın və özünəməşğulluğun artırılması sayəsində əhalinin aztəminatlı təbəqəsi, işsizlik və yoxsulluq ildən-ilə azalıb. Ancaq dövlət hər bir halda, sosialyönümlü siyasəti davam etdirir. Prezident İlham Əliyev də dəfələrlə bu siyasətin davam etdiriləcəyini bildirib.

Dövlət başçısı oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə 2020-ci ilin büdcəsində də sosial xərclərə xüsusi yer ayrılacağını bildirmişdi: “Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin”.

Ümumilikdə büdcənin 40 faizi sosialyönümlüdür və burada təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitlərdə ciddi artım var. Büdcə xərclərinin böyük hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri 2019-cu ilə nisbətən 31 faiz artaraq 1 milyard 400 milyon manata çatıb.

“Kəmərləri sıxdıq”, ancaq…

2007-ci ilin ortalarında özünü hiss etdirən və 2008-2009-cu illərdə böyüyən iqtisadi böhran dünya bazarında neft qiymətlərinin 2014-2015-ci illərdə 150 dollardan 30 dollar civarına kimi düşməsi ilə daha da dərinləşdi. İqtisadi kataklizmlər iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə daha ciddi böhrana səbəb oldu. Şübhəsiz, qlobal böhran dünya iqtisadiyyatının bir parçası olan və əsas ixrac məhsulu neft olan Azərbaycana da təsirsiz ötüşmədi. Bununla belə, Azərbaycan çevik, mobil siyasət nəticəsində vəziyyətdən minimal itkilərlə çıxdı.

Sosial siyasətin prioritetliliyinin ifadəsidir ki, dünya iqtisadi böhranının ölkəmizə təsirlərinin müşahidə olunduğu illərdə də Azərbaycan sosial xərclərdə ixtisarlara getmədi və “kəmərlərin sıxılması” – başqa sözlə, qənaət rejimi özünü sosial xərclərdə göstərmədi.

Son 16 il

Ardıcıl sosial siyasəti hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.
Son 16 ilin dinamik dəyişiklikləri rəqəmlərdə aydın ifadə olunur:
– Əməkhaqları 8, pensiyalar 10 dəfədən çox artırılıb;
– İşsizlik 50%-dən 5 %-ə, yoxsulluq səviyyəsi isə 5%-ə endirilib;

Həmçinin:

– Regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilib;
– 2 milyondan çox yeni iş yeri yaradılıb və s.

Eyni zamanda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara isə 475 mənzil və fərdi ev verilib. Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər 1998-2018-ci illər ərzində 6155 avtomobillə təmin edilib. Daha 600 avtomobilin təqdim olunması nəzərdə tutulur.

Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır.

Davam etdiriləcək!

Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində prezident İlham Əliyev bu siyasətin ardıcıl olaraq davam etdiriləcəyini bir daha ifadə etdi. Sitat: “Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək. Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib. Belə gözəl binada yaşamaq əlbəttə ki, çox xoş olacaq. Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz”.

Azərbaycan dövlətinin iqtisadi vəziyyəti sosial prioritetlərin həllinə imkan verir. Bu iqtisadi stabilllik və maliyyə artımı isə düzgün, düşünülmüş siyasi kursun nəticəsində əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, sahibkarlığın təşviqi, xarici investisiyaların cəlb olunması istiqamətində ardıcıl tədbirlər nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və büdcə gəlirləri təbii olaraq artır. Bir zamanlar 400 milyon manat ümumdaxili məhsula sahib ölkədə hazırda bu rəqəm 82 milyard manatdan çoxdur. Bütün bunlar isə vətəndaşın sosial problemlərinin həllinə imkan yaradır.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, eləcə də işğaldan əziyyət çəkən soydaşlarımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bu kateqoriyadan olan vətəndaşlara bu il 6 minə yaxın ev və mənzil verilib. Dövlət başçısı qeyd edib ki, şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır və onların da problemləri yaxın 2-3 ildə həllini tapacaq.

Cari lin əvvəlində Prezidentin təsdiq etdiyi və 4,2 milyon insanı əhatə edən, 5,3 milyard manatlıq maliyyə tutumu olan sosial islahatlar paketi, ardınca problemli kreditlərin həlli ilə bağlı qərar, aparılan institutsional və kadr islahatları ilin ən yaddaqalan hadisələri olmaqla yanaşı, dinamik inkişafın təzahürüdür. Daha praktik ifadə etsək, müavinətlər orta hesabla 50 faiz, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Nəticədə, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Ancaq bu, son deyil. Dövlət başçısı məhz bu kontekstdə deyir: “Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə daha da böyük artım olsun. Çünki biz ayağımızı yorğanımıza görə uzadırıq. Biz heç yerdən dəstək almırıq, buna ehtiyac da görmürük. Ona görə öz büdcəmizi elə planlaşdırmalıyıq ki, ölkə qarşısında duran vəzifələr icra edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən layihələr icra edilsin və əldə edilmiş gəlirlər hesabına biz sosial layihələri həll edək. Ona görə ildən-ilə bizim valyuta ehtiyatlarımız artır. Hətta ən böhranlı 2015-ci, 2016-cı illərdə bizim gəlirlərimiz kəskin aşağı düşmüşdü, biz yenə də böyük qənaət paketi təqdim etdik və imkan vermədik ki, valyuta ehtiyatlarımız azalsın. Çünki bu, həm manatın məzənnəsinə müsbət təsir göstərir, eyni zamanda, bizim əsas ehtiyatımızdır”.

Beləliklə, 2019-cu il sosial sahədə inqilabi addımların atıldığı il kimi xarakterizə edilə bilər. Növbəti ilin dövlət büdcəsi, büdcədə sosial xərclərin payı və ən əsası ölkə başçısı səviyyəsində ortaya qoyulan siyasi iradə, yanaşma deməyə əsas verir ki, 2020-ci ildə də bu siyasət konseptual və ardıcıl şəkildə davam etdiriləcək.

Vüsal Məmmədov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər