Sənədsiz evlərin sahibləri üçün şad xəbər

236

Arxiv sənədlərini ASAN verəcək

Xəbər verdiyimiz kimi, prezidentin imzaladığı fərmanla “ASAN Xidmət”in səlahiyyətləri artırılıb. 

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmana əsasən ASAN xidmətin göstərdiyi xidmətlər sırasına yeniləri əlavə olunub. Bunlardan biri torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsidir. İndiyədək torpaqdan kənarda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun təkrar qeydiyyatı ASAN xidmət vasitəsilə həyata keçirilirdi. Torpaq üzərindəki analoji hüququn qeydiyyatının ASAN-a verilməsi bu sahədə şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezidentin fərmanı ilə ASAN-a verilən daha bir mühüm xidmət “hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi”dir. İndiyədək bu xidməti Milli Arxiv İdarəsi və onun yerli strukturları həyata keçirirdi. Müxtəlif vaxtlarda aparılan araşdırmalar göstərir ki, torpaq sahələrinin sənədləşdirilməsi sahəsində neqativ halların – korrupsiya və rüşvətin əsası da məhz bu prosesdən qoyulur. Belə ki, Bakı və ətraf qəsəbələrdə böyük ərazilər yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara ayrılıb. 1999-cu ilədək – bələdiyyələr formalaşdırılanadək baş verən bu torpaq ayırmalara dair sərəncamların əsli arxiv idarələrinə təhvil verilib.

Ölkə prezidentinin 2013-cü ildə daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində imzaladığı sərəncamla Bakı şəhəri ərazisində rayon icra hakimiyyətləri tərəfindən torpaq ayırlmasına dair imzalanmış sərəncamlar üzrə arayışların verilməsi arxiv idarələrinə tapşırılıb. Bu hüquqdan yararlanan arxiv idarələri isə bir çox hallarda vətəndaşlardan əlavə qazanc əldə etməyə çalışırdılar. Belə ki, adı icra hakimiyyətinin sərəncamında olan vətəndaşa müvafiq arayışlar iri məbləğdə pul müqabilində verilirdi. Eyni zamanda bəzən sərəncamlarda adı olmayan şəxslərə saxta arayışların verilməsi hallarına rast gəlinirdi.

Qeyd edək ki, torpaq ayrılmasına dair sərəncamdan çıxarış olmadan torpaq sahəsinin çizgini, çizgi olmadıqda isə dövlət reyestrindən çıxarışı almaq mümkün deyil. Sənədsiz evlərini rəsmiləşdirmək istəyən şəxslərin isə ilk addımı məhz evlərin yerləşdiyi torpaq sahəsini özəlləşdirmək olmalıdır.

Bütün bunlar göstərir ki, arxiv arayışlarının verilməsi prosesinin ASAN-a həvalə edilməsi sənədsiz evlərin dövlət qeydiyyatına alınması sahəsində ciddi müsbət dönüşün yaranmasına gətirib çıxaracaq bir addımdır. Bu, Bakı şəhərində minlərlə sənədsiz evin dövlət qeydiyyatına alınması prosesini sürətləndirəcək, qanunsuz iddiaları minimuma endirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər