Şəxsiyyət kimdir?

4287

905fa0582c34İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı təfəkkürü ilə. Bura, həmçinin, gen, tarixi şərait, müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət daxildir. Məmməd Əmin Rəsulzadə Cümhuriyyətin, Həsənbəy Zərdabi milli mətbuatın, Üzeyir Hacıbəyov musiqinin, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” məktəbinin və s. yaradıcıları kimi şəxsiyyətə çevrildilər. Onları şəxsiyyətə çevirən amillər sırasında tarixi şərait, iradə və yaradıcı qətiyyətlə yanaşı, milli mənsubiyyət və qürur, milli düşüncə və davranış da mühüm rol oynadı. Buna görə də, O.Şmerlinq Azərbaycan xalqının şəxsiyyətinə çevrilmədi – mənsubluq onu xalqın şəxsiyyətinə daxil etmədi. Amma bir fərd kimi, müxtəlif mövqelərdən baxdıqda, O.Şmerlinq də şəxsiyyətdir. Eləcə də, Zori Balayanı şəxsiyyət kimi qəbul etmək bizə görə heç bir məntiqə sığmır. Baxmayaraq ki, o, ermənilərin böyük şəxsiyyətidir. Balayanın həm tarixi fəaliyyətinə, həm mənsubiyyətinə, milli maraqlarına, həm də xarakterinə görə bu qeyri-mümkündür. Lakin psixoloqlara görə, cinayətkarlar da şəxsiyyətdir.

Şəxsiyyəti müəyyən edən amillərdən biri də xarakterlə bağlıdır. Hər bir insanda xarakter onda edilən tərbiyə nəticəsində formalaşır. Düzgün tərbiyə düzgün xarakteri müəyyən edir ki, nəticədə şəxsiyyət olmağa doğru mühüm addımlardan biri atılır. İnsanlara diktə edilən fikirlər, təlqin olunan ideyalar da şəxsiyyət olmağa və ya kimisə şəxsiyyət kimi qəbul etməyə təsir edən amillərdəndir. Stalin şəxsiyyət idimi? Ona edilən “pərəstiş” dövründə Stalin “böyük şəxsiyyət” idi. Stalin bu pilləyə qorxu, təzyiq vasitəsilə qalxmış olsa da. Lakin Stalin, Atatürkdən fərqli olaraq, XXI əsrin şəxsiyyəti deyil. Səbəbi isə, Atatürklə müqayisədə, Stalinin seçdiyi ideya və məqsədlərin məhdud zaman üçün xarakterik olmasıdır. Sosial məqsədlər isə dünyayla, ətrafdakı insanlarla və insanın özü ilə əlaqəsindən asılıdır. Çingiz Mustafayev və Salatın Əsgərovanı cəbhə bölgəsinə aparan da bu məqsədlər və şəxsiyyəti formalaşdıran xarakter, ideya, müstəqillik, cəsarət oldu.

Şəxsiyyət – insanın cəmiyyətdə rolu və funksiyaları ilə bağlıdır. Əlbəttə ki, nəticə varsa və bu nəticə qaneedicidirsə. O, cəmiyyətdə başqalarından psixikasına, xarakterinə, ağlına görə fərqlənir və seçilir, kütlənin psixikasına təsir göstərir. Təbii ki, tarixi şərait şansa çevrilirsə. Misal üçün, 1870-ci il kəndli islahatları H.Zərdabini milli mətbuatın və teatrın banisinə çevirdi. Yaxud, 1905-1907-ci illər inqilabı “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı C.Məmmədquluzadəni şəxsiyyətə çevirdi – tarix şəxsiyyət yetişdirdi, həm də formalaşmaqda olan şəxsiyyət tarix yazdı.

Nəticə

Şəxsiyyət kimdir?

Hüquqşünaslara görə, bu, hüququ olan hər kəsdir.

Yeniyetmə və gənclərə görə, bu, cəsarəti olanlardır.

Romantiklərə görə, bu, insanların bütün həyatı boyu məşğul olmalı olduqları müəmmadır.

Psixoloqlara görə isə, bu, müəmma yox, insanın daxili aləmi, xarakteri, iradəsi, gen ilə bağlı və tədricən formalaşan anlayışdır.

Beləliklə, güclü iradəsi, yaradıcı təfəkkürü, çətin məqamlarda tarixin gedişinə təsir göstərə biləcək cəsarəti, azad düşüncəsi olan, adını tarixə hər hansı bir yeniliyi ilə yazdıran, geniş kütləyə ünvanlanan kəsslər şəxsiyyətdir. Fərd kimi doğulan hər kəs bu imkanlarından istifadə edərək şəxsiyyətə çevrilə bilərlər.

Nuranə ABBASOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rafıq Turabxanoğlu
    İyun 10, 2010 - 00:41

    Qeleme aldığınız meseleye yanaşmaniz meni memnun etdi. Geldiyiniz qerarda ümumini cemlemenizdense sizin şexsi fikrinizde olsa idi nece deyerler olardı xarüqe. Mene göre şexsiyyet -adam kimi adam olmanın mehsuludur. Yeri gelmişken qeyd edim ki meni hemeşe kişilik nedir sualina cavab tapmak maraqlandırırdı. Qazak klassiki Abayda bu suala meni qane eden mentiqi tapdim. O deyir -Kişilik bir işi başlamakdır. Ne kadar dolğun qenaet deyilmi.

  • Oruc Beshirov
    İyun 10, 2010 - 11:59

    Salam! Cox gözəl bir məsələyə toxunmusunuz! Amma yaxşı olardı ki, internet materiallarından deyil öz beynininizin məhsulundan istifadə edəsiniz. İnternet materiallarını yazmaq, heç də məsələyə münasibət bildirmək deyil.

  • Oruc Beshirov
    İyun 10, 2010 - 12:08

    O ki, qaldı şəxsiyyətə pərəstiş məsələsinə. Bu indi də var. İndi də Stalin kimi insanlara pərəstiş, eləcə də məddahlıq var. Stalin deyirdi ki, vəzifə şəxsiyyətin tən yarısıdır.

  • rafiq turabxanoglu abdullayev
    İyun 27, 2011 - 13:43

    MƏNƏ GÖRƏ İNSANLAR EVREMDƏ BAŞ VERƏN PROSESLƏRİN HANSISA BİR ZAMAN KƏSİYİNDƏ ARALIQ MƏHSULU OLDUĞUNDAN EVREMİ ANLAMAQ GÜCÜNDƏ DEYİL.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər