SÜLEYMAN ALƏMİ, SÜLEYMAN QƏLƏMİ

1333

Uşaqlığın maraq dünyasının həddi–hüdudunu təsəvvür etmək çətindir. Nələr arzulamır, nələr düşünmür…

Ömür zirvələşəndə belə adam öz uşaqlıq, yeniyetməlik dünyasını həyəcansız xatırlaya bilmir. Məni bu gün kövrəldən belə xatirələrdən biri Süleyman Rəhimovla bağlıdır.
Onun adını ilk dəfə otuzuncu ilin ortalarında IV sinifdə oxuyarkən ilk müəllimlərindən biri, həmkəndlisi Bəhlul Rəcəbovdan eşitmişdim. Deyirdi ki, rayonumuzda yazıçılıqla məşğul olan ilk adamdır. Hekayələr yazır. Onun «Şamo» adlı romanı da vardır. Onu görmək arzusu da qəlbimdə məhz həmin vaxt baş qaldırmışdı. Ancaq bu arzuya çatmağın mənə nə zaman nəsib olacağını heç təsəvvürümə gətirə bilmirdim.
Otuzuncu illərin sonunda eşitdim ki, Əyin kəndində pioner düşərgəsi açılacaqdır. Buraya ancaq əlaçı uşaqlar göndərilir. O zaman bizim düşərgə haqqında təsəvvürümüz yox idi.
Dərs ilinin sonunda düşərgəyə getməli olan şagirdlər müəyyənləşdi. Bu şərəfin nəsib olduğu şagirdlərdən biri də mən idim.
Əyin kəndi bizim kənddən 90–100 kilometr aralı məsafədə yerləşir. Bir–birinə gediş–gəlişi çox olan kəndlər deyildi. Ancaq mənim bu kənddənolan müəllimim bizim kənddən qız almışdı. Bacısı da bizim kəndli ilə ailə həyatı qurmuşdu. Buna görə də kəndlərimiz arasında əlaqə yaranmışdı. Bu, S.Rəhimova olan marağımı daha da artırmışdı. Məndə belə bir ümid var idi ki, düşərgəyə gedəndə onu görə biləcəyəm. Deyirdilər ki, hər yay ailəsi ilə kəndə gəlir. Buna görə düşərgənin başlanmasını intizarla gözləyirdim.
Nəhayət, 1940 –cı ilin iyul ayında məni düşərgəyə apardılar. S.Rəhimovun özündən başqa, ailə üzvləri buraya yay istirahətinə gəlmişdilər. Uşaqları, xüsusən Oqtay və Şamo tez–tez düşərgəyə gəlib əyləncəli tədbirlərdə iştirak edirdilər. Yaxşı şahmat oynayırdı. Şahmatın ilk gedişlərini də mənə o öyrətdi. Şamo çox mehriban, səmimi, həmyaşıdları ilə ünsiyyət saxlamağı bacaran bir oğlan idi. S.Rəhimov haqqında xatirəmi ona görə Şamo ilə başladım ki, o mənə «Şamo» romanının qəhrəmanı olan adaşı ilə bir rəmzə çevrilmişdi.
Çox təəssüf ki, həmin yay S.Rəhimov kəndə gəlmədi. Ancaq onun atası Hüseyn əmini, qayınatası Şirin əmini, qayınanası Gülzar xalanı, ömür–gün yoldaşı Qələm xanımı, bacısı Səriyyəni, baldızları Şüşəni, Zərifi, Azadəni, bacanağı İsmayıl müəllimi, qayını Əliheydər müəllimi (pedaqoji elmlər doktoru, professor) və yaxın–uzaq bir çox qohum–əqrəbalarını yaxından tanıdım.
1941–ci ildə məni yenə də düşərgəyə göndərdilər. Bu dəfə Əyinə «köhnə sakin» kimi gəlmişdim. Yenə də ilk arzum S.Rəhimovu görmək idi. O zaman «Şamo»nun yeni çapının birinci cildini oxumuşdum. Öz aləmimdə düşünürdüm ki, romanı oxuduğumu demiş olsam, yəqin məndən razı qalmış olacaqdır. Bu isə mənə əvəzsiz və əziz bir töfhə olardı. Ancaq müharibə düşəndən bir həftə sonra məni bir sıra həmyaşıdlarımla bərabər elə düşərgədən səfərbərliyə alıb Bakıya, texniki peşə məktə¬binə göndərdilər.
Bir dəfə Bakıda yaşayan həmyerlilərimizlə görüşdüm. Onunla söhbət edə–edə indiki «Azərbaycan» küçəsi ilə S.Vurğun küçəsinin kəsişdiyi yerdən keçəndə:
– Bax, Süleyman əminin evinin balkonu odur, – deyə əlini altıncı mərtəbəyə tərəf uzatdı. Sonra dəniz istiqamətində bir skamya göstərib:
– Bax, çox zaman bu skamyada oturub dənizi seyr edir, – deyə əlavə etdi.
Bu isə mənə muştuluq kimi oldu. Onu görmək ümidi ilə imkan tapan kimi bura gəlirdim. Nəhayət, 1946 –cı ilin bir bahar günündə neçə illərdən bəri onu görmək arzuma çatdım. Doğrudan da, o həmin yerdə oturmuşdu. Sıxıla–sıxıla ona yaxınlaşıb salamlaşdım və özümü təqdim etdim. Oqtaydan, Şamodan hal–əhval tutdum. Düşərgədə olarkən necə tanış olduğumu söylədim. Ali məktəbdə oxuduğumu eşidib çox məmnun qaldı. Bir sıra tövsiyələr verib: – Hə çətinliyin olsa, mənə müraciət edərsən, – deyə institutu müvəffəqiyyətlə qurtarmaq üçün mənə xoş arzularını bildirdi.
Onun sadəliyi, göstərdiyi səmimiyyət məni xeyli ruhlandırdı. Fəxr edirdim ki, respublikamızın görkəmli bir sənətkarını görüb tanış olmuşam. Hətta qrup yoldaşlarımın yanında bununla öyünürdüm də!
Sonralar komitə sədri işləyərkən şəxsi işimlə əlaqədar olaraq, APİ–nin 25 illiyi münasibəti ilə keçirilən ədəbi–bədii gecədə görüşdüm. Küçədə təsadüfən görüşlərimiz də az olmamışdı. İnstitutu qurtarıb Qubadlıya işə qayıdandan sonra elə vaxt olmadı ki, rayona gələndə onunla görüşməmiş olam. Onun anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq Qubadlıda keçirilən bütün görüşlərin iştirakçısı olmuşam. S.Rəhimov əsası Qori seminariyasının müdavimi, Zəngəzurun mütərəqqi ziyalılarından olan Həsən bəyin açdığı Qubadlı rus məktəbində təhsil almışdı. Onun inqilabdan əvvəl oxuduğu həmin məktəbin pedaqoji və şagird kollektivi, habelə keçmiş müdavimləri ilə keçirilən görüşünü çox kövrəkliklə xatırlayıram.
1964–cü ildə Naxçıvan MR–in 40 illiyi ilə əlaqədar Zəngilan–Qubadlı–Laçın rayonlararası «Kənd Həyatı» qəzetinin redaktoru kimi nümayəndə heyəti ilə birlikdə yubiley şənliklərində iştirak edərkən mehmanxanada onunla bir yerdə qalmış, şəhər orta məktəblərinin birində keçirilən görüşdə, «Şərq qapısı» qəzetinin redaktoru yazıçı H.İbrahimovun evindəki qonaqlıqda iştirak etmişəm. Burada bir söhbəti indi də xatırlayıram. Əli Vəliyevlə zarafat edirdilər. Birdən üzünü mənə tutub dedi:
– Əgər Qubadlıya xəbər yayılsa ki, Əli Qara oğlu Süleymana ot yoldurub, bunu hoydu–hoyduya salmayın.
Onun nəyə işarə etdiyini başa düşə bilmədim. Təəccübləndiyimi görüb əlavə etdi:
– Dünən Əli ilə Sisyana getmişdik. Elə yerlərə apardı ki, ayağım yerdə durmurdu. Hər dəfə sürüşəndə əl atıb topaldan tuturdum. Ağır adamam, topal davam gətirməyib qopub əlimdə qalırdı. Allah bilir nə qədər topal yoldum. Çox eşitmişdim ki, bəzi adamlar bir–birinə deyərdi ki, sənə ot yolduraram. Əli də mənə beləcə ot yoldurdu.
Yubiley vaxtı naxçıvanlıların hər iki yazıçıya olan dərin ehtiramlarının şahidi olmuşam. Onlar bu ehtiramı vaxtilə Naxçıvanda (Ə. Vəliyev «Şərq qapısı» qəzetinin redaktoru, S.Rəhimov isə Şərurda, Şahbuzda RPK–nin katibi) işlərkən qazanmışlar.
1967–ci il fevral ayı idi. Həyat yoldaşı Qələm xanımla Xocahan kəndində bacanağı Bəylər müəllimin qonağı idi. Bunu eşidib Zəngilandan onun görüşünə gəldim. Çox səmimi görüşüb söhbət etdik. Onunla müxtəlif görüşlərdə çəkdiyim şəkilləri komplektləşdirib gətirmişdim. Bu şəkilləri çox məmnuniyyətlə qəbul edib ikimizin birlikdə çəkilən bir şəklin arxasına və «Mehman» povestinə avtoqraf yazıb mənə verdi. Bu gün ona təəssüf edirəm ki, bu söhbəti lentə yazıb saxlamaq mümkün olmamışdı. Bununla belə xatırladığım məqamlar bu gün onun necə bir şəxsiyyət olduğu haqqında məndə daha aydın təsəvvür yaradır.
Bir dəfə əlimə S.Rəhimovun evində iş otağı, əl yazıları ilə tanış olmaq imkanı düşdü. Ona baxıb öz–özümə düşünürdüm ki, görən adi adamın bu əl yazmalarının surətini sadəcə köçürməyə ömrü və fiziki qüvvəsi çata bilərdimi?! Mübaliğəsiz deyərdim ki, çox çətin.
Bütün bu görüşlər ona dağ vüqarlı, dağ əzəmətli bir sənətkar adı verib, yaradıcılığını «Həyat nəhri» adlandıranlar nə qədər haqlıdırlar. Onun vüqarı, sadəliyi və təvazökarlığı ilə son dərəcə ahəngdarlıq təşkil edirdi. Qəddi–qamməti, fiziki sağlamlığı, mənəvi zənginliyi, kişi bütövlüyü bir–birini elə tamamlayırdı ki, buna ancaq qibtə etmək olardı. Mənim nəzərimdə o, fiziki sağlamlıq, mənəvi saflıq mücəssəməsi idi.
Onun gəncliyi gənclər üçün, ahıllığı ahıllar üçün göstərməyə layiq olmuşdur. Nurani–pirani görkəminə baxanda isə düşünürsən ki, kaş adam qocalanda da belə qocala. O, şam kimi yanıb ərisə də, 83 yaşında ölən gününə kimi əli qələm tutmaqdan, ürəyi isə yazıb–yaratmaqdan qalmamışdır. Heyrətlənirsən ki, yaradan ona gör necə böyük həyat eşqi veribmiş!
Çoxlarımız elə adamlar tanıyırıq ki, bir kitabçası çıxanda az qalır hamını özünə pərəstiş etdirə. S.Rəhimovla oturub–duranda isə adama elə təsir bağışlayır ki, elə bil cild–cild əsərləri yazan heç o deyildir. Halbuki L.N.Tolstoy Rusiya üçün necə bir şəxsiyyətdirsə, o da Azərbaycan üçün elə bir şəxsiyyətdir. S.Vurğun onu əbəs yerə nəsrimizin uzaqvuran artilleriyası adlandırmamışdır.
O, əsərlərində hər biri öz şəxsi xarakteri ilə yaddaqalan ümumiləşdirilmiş zəngin obrazlar qalereyası yaratmışdır. Bunu təsəvvür etmək üçün Şamonu, Qəməri, Saçlını, Mehmanı, Qaloşu, Murtuzovu, Alonu, Safonu, Sübhanverdizadəni, Dəmirovu, Salavatovu və onlarla başqa obrazları xəyala gətirmək kifayətdir. Son illər artmış cinayətkarlıq istər–istəməz hüquq mühafizə orqanları işçilərindən Mehman qətiyyəti, Mehman cəsarəti tələb edir. Adamlar istəyirlər ki, əyriyə aman, doğruya zaval olmaması üçün onlar Mehman kimi nümunə göstərsinlər. Respublikamızın müstəqilliyi uğrunda mübarizədə xalq özünə Şamo kimi mətin, qeyrətli oğullar, «Şamo daş qoyan yerə Qəmər baş qoyar» – deyən Həcər timsallı qızlar istəyir.
S.Rəhimov əsrimizin yaşıdı olduğu kimi, yaradıcılığı da onun yaddaşıdır. Əsrimizin ictimai–siyasi hadisələri onun əsərlərində öz əksini hər tərəfli tapmışdır. Məşhur ədəbiyyat tənqidçisi Z.Kedrina «Həyat nəhri» məqaləsində dediyi bu sözlər çox səciyyəvidir: «Çox sürətlə axan çayın kənarında dayanıb baxanda insan istər–istəməz düşünür: suyu, qüvvəti və inadkarlığı bu çay haradan alır? Bu zaman insan həmin çayın başlandığı ilk bulaq haqqında, bütün yolboyu ona qoşulan, onun suyunu bollaşdıran qollar haqqında düşünməli olur. M.Auezovun «Abay» roman–operasını, A.Unitin «Yaşıl yarpaq» yaxud S.Rəhimovun «Şamo» əsərlərini oxuyarkən insan təxminən öelə hisslər keçirir».
Vaxtilə S.Rəhimlvun dediyi bu sözlər indi atalar sözünə çevrilib: «İstedad birdirsə, zəhmət yüzdür, bəlkə mindir…» Oda taleyin bəxş etdiyi istedadın zirvəsinə məhz uzun illər çəkdiyi zəhmətlə yüksəlmişdir. Ona görə özünü «ədəbiyyatımızın fəhləsi» adlandırmağa mənəvi haqq qazanmışdır.
Həyatımızda son illər baş verən ictimai–siyasi dəyişikliklər nəticəsində bəziləri Süleyman kimi sənətkara sırf totalitar rejim prizmasından baxaraq onun yaradıcılığına tünd gölgə salmağa çalışırlar. Ancaq kim hansı dərəcəli bucaq altından, hansı prizmadan baxırsa-baxsın, onun yaradıcılığı Azərbaycan xalqının XX əsrdə keçdiyi yolun salnaməsidir.

Mürsəl Qocayev, “İki sahil” qəzeti, 1996-cı il.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər