«Sumqayıt» 21 xalın 13-nü rəqib meydançalarında qazanıb

695

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan futbol çempionatının birinci dəstəsinin debütantı olan «Sumqayıt» futbol komandasının ilk dövrədəki oyunlarının müzakirəsi, qarşıdakı yarışlara hazırlıq və yaxın perspektiv üçün komandanın planları ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan «Azərikimya» IB Həmkarlar Ittifaqı Komitəsinin sədri Vaqif Ömərov Birliyin təşəbbüsü və təşkilatçılığı ilə qısa bir müddət ərzində – futbol üzrə ölkə çempionatının başlanması ərəfəsində yaradılmış «Sumqayıt» futbol klubunun şəhərin adını daşıyan və onun idman şərəfini qorumalı olan yetkin və mübariz bir komanda kimi formalaşması üçün görülən tədbirlər və qarşıda duran vəzifələr barədə jurnalistlərə geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, yalnız Sumqayıtın perspektivli gənc futbolçularından ibarət olan komanda başlanğıcda «böyük futbol» təcrübəsinə malik olmasa da, ilk oyunlardakı bəzi uğursuzluqlara baxmayaraq, gərgin məşqlər sayəsində tədricən qüvvə toplayaraq, təcrübəli komandalara belə üstün gəlməyi bacarmışdır. Maraqlıdır ki, qətiyyətlə və sonadək mübarizə aparmaq vərdişinə yiyələnmiş «Sumqayıt» komandası hətta respublika futbolunda uzun illərdir ki müşahidə olunan «rəqib meydançası» sindromunu qətiyyətlə sındıraraq, qələbələrin əksəriyyətini məhz meydança sahibləri üzərində qazanmışdır. Bu baxımdan «Sumqayıt» meydança sahibləri üçün çətin rəqibə çevrilmişdir. Səfərdə əldə olunmuş qələbələrin «evdəki» qələbələrdən çox olması da komandanın debütant kimi deyil, birinci dəstənin kifayət qədər güclü bir üzvü kimi çıxış etdiyini əyani şəkildə təsdiq edir. Belə ki, komanda birinci dövrədə topladığı 21 xalın 13-nü məhz rəqib meydançalarında özünün mübariz, döyüşkən ruhlu oyunları sayəsində qazanmışdır.
Komandanın baş məşqçisi Baba Əsgərov bildirdi ki, «Sumqayıt» komandası öz qarşısına minimum vəzifə olaraq debütant kimi birinci dəstədə qalmağı yox, maksimum vəzifə – ölkə birinciliyini ilk üçlükdə başa vurmaq məqsədi qoymuşdur. Məhz bu səbəbdən sıraları bu günlərdə daha bir neçə sumqayıtlı, perspektivli gənc futbolçu cəlb edilməklə möhkəmləndirilmiş komandanın təlim-məşq toplanışları hazırda daha intensiv xarakter almışdır.
«Sumqayıt» komandası adını daşıdığı şəhərin futbol şöhrətini yenidən özünə qaytarmaq, Sumqayıt futbolunun 60 illiyinin qeyd olunacağı 2011-ci ildə öz azarkeşlərini yeni qələbələrlə sevindirmək əzmindədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər