Sumqayıt: Çağdaş tərəqqi ünvanı

2481

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi tanınır. Ölkə rəhbərliyinin uğurlu idarəetmə təcrübəsi, balanslaşdırılmış daxili və xarici siyasət kursu, əhalinin güzəranının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar ilbəil özünün gözəl bəhrələrini verir. Dünyanı iqtisadi böhran bürüsə də, ölkəmizdə möhtəşəm layihələr həyata keçirilir. Bu siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərində də əhəmiyyətli uğurlara nail olunur. 
Sumqayıtın sosial-iqtisadi inkişaf göstəriciləri şəhərin yüksəliş dinamikasından soraq verir. Prezident İlham Əliyev Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıtın inkişafına xüsusi qayğı göstərir. Dövlət başçısının buraya intensiv səfərləri möhtəşəm yeniliklərlə müşayiət olunur, şəhərin şöhrətini artırır, xeyir-bərəkət timsalına çevrilir. Sosial-iqtisadi inkişaf proqramları sayəsində Sumqayıtın da önəmli proseslərdə rolu durmadan artır. Uğurla reallaşdırılan quruculuq və abadlıq tədbirləri sayəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt indi çağdaş tərəqqi ünvanı olmasıyla öyünə bilər. Burada məhz sabaha hesablanan inkişaf prosesi yüksək peşəkarlıqla davam etdirilir.

İlin əvvəlindən Sumqayıtda ümumi daxili məhsul istehsalı 36 faiz artaraq 1 milyard 500 milyon manatdan çox olub. Bunun üçdə-biri sənaye müəssisələrinin payına düşür. Dövlətin birbaşa maliyyə dəstəyi ilə yerli istehsalın artırılması istiqamətində uğurlu layihələr icra edilir, nəhəng müəssisələr yaradılır. Ölkə rəhbəri iyul ayında İtaliya prezidenti Sercio Mattarella ilə Sumqayıt Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin polipropilen istehsalı zavodunun açılışında iştirak etmiş və həmin müəssisənin fəaliyyətə başlamasını çox əlamətdar hadisə adlandırmışdır. Kanada və Avstriya texnologiyası əsasında il ərzində 180 min ton məhsul istehsalı qabiliyyətinə malik zavodda 450 nəfər işlə təmin edilmişdir.
Hazırda ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin, istehsal gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunun, illik gücü 650 min ton olan azot gübrəsi istehsal edəcək “Karbomid” zavodunun, Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı müəssisəsinin, Avstriya texnologiyası əsasında ildə 6 milyon kubmetr həcmində fibro sement lövhələr istehsalı müəssisəsinin, Cənubi Koreya texnologiyası əsasında ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı müəssisəsinin, İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti qatqısı istehsalı müəssisəsinin, 7 milyard ədəd siqaret istehsal edəcək tütün fabrikinin, “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin tikintisi davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 8-ə çatmışdır. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 6 müəssisədə 2 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 rezidenti olan, istehsalat və tikintidə 8 minədək işçinin çalışdığı parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması planlaşdırılır. Sumqayıtda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 340 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 3 dəfə artım deməkdir.
Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər işaxtaran kimi qeydiyyata alınıb, şəhər icra hakimiyyətinin yaxından köməyi ilə 2294 nəfər işlə təmin olunub. Məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıtdakı qaçqınlar üçün 12-ci mikrorayonda 936 ailənin, şəhərətrafı ərazidə isə 1000 ailənin köçürülməsi üçün yeni yaşayış binaları inşa edilir.
Fərəhli haldır ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində mühüm işlər görülür. Dövlətin qayğısı, şəhər rəhbərliyinin təşkilatçılığı və qətiyyəti sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri böyük əzmkarlıqla həyata keçirilir.
İlin əvvəlindən yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar, Ağa Quliyev, M.İbrahimov, 20 Yanvar, Üzeyir Hacıbəyli, Mehdi Hüseynzadə, Natəvan, Nəriman Nərimanov və Koroğlu küçələrində 170 min kvadratmetr, mikrorayon və məhəllələrin ərazisində isə 120 min kvadratmetr asfalt örtüyü döşənib. Qeyd etmək fərəhlidir ki, şəhərin tarixinin heç bir mərhələsində qısa müddətdə bu qədər asfalt işi görülməmişdi. Eyni zamanda, 35 min kvadratmetr asfalt örtüyü cari təmir edilib, 38 min poqonmetr səki daşı dəyişdirilib və rənglənib, 58 kanalizasiya quyusu bərpa edilib, küçə və prospektlərə 459 ədəd ünvan lövhəsi vurulub.
“Bağlar massivi” yolunda 16 kilometr uzunluğunda, 17 min kvadratmetr sahə asfaltlanıb. Metallurq Yəhya Məmmədov küçəsi abadlaşdırılıb, “Acıdərə” kanalının böyük bir hissəsi iri diametrli borulara salınıb, yol genişləndirilib və asfalt örtüyünün döşənməsinə başlanılıb.
Nizami, Koroğlu, Məhəmməd Əsədov küçələrində, Heydər parkı və Nəsimi parkında, Nizami meydanında abadlıq işləri aparılaraq 3200 kvadratmetr tamet plitə döşənib. Nəsimi parkı ərazisində voleybol meydançası təmir edilib, yüzlərlə kvadratmetr yaşıl qazon salınıb.
Şəhərin 9, 10, 11, 12, 13, 18-ci mikrorayonlarında və 1-ci məhəllə ərazisində yerləşən 100 yaşayış binasında dam örtüyünün metal-kirəmit örtüklə əvəz edilməsi işləri başa çatdırılıb, 95 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparılıb. Bundan başqa, 163 binanın zirzəmisi məişət tullantılarından, 125 zirzəmi çirkab sularından təmizlənib. Məhəllələrdə 4 binanın fasadı aqlay daşlarla üzlənib, ayrı-ayrı ərazilərdə 6 binanın fasadı rənglənib, 3 binada isə bu işlər davam etdirilir. Altı mikrorayonun və iki məhəllənin yaşayış binalarında 102 pilləkən qəfəsi təmir olunub, 930 kvadratmetrlik pəncərələr şüşələnib, 140 girişdə dəmir qapı qoyulub. 1395 yaşayış binasının zirzəmisi və pilləkən qəfəsi ziyanvericilərə qarşı dezinfeksiya edilib. Bu işlər tərtib olunmuş cədvələ əsasən mütəmadi davam etdirilir. Şəhərin 41, 41a, 42, 45-ci məhəllələrində, 5-ci, 13-cü mikrorayonların ərazilərində küçə işıqlandırılması işləri yekunlaşdırılıb.
Sumqayıtın ayrı-ayrı ərazilərində uşaq şəhərcikləri və idman meydançalarının tikilməsi, sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması əhali tərəfindən razılıqla qarşılanır. Bu il altı məhəllənin və yeddi mikrorayonun ərazisində belə şəhərciklər və meydançalar düzəldilərək ətrafına səki daşları düzülüb, 24 ədəd kölgəlik, 960 ədəd oturacaq təmir edilib və quraşdırılıb, “Abad məhəllə”lər yaradılıb.
Bakı-Quba yolunun abadlaşdırılmasına da diqqət yetirilir. Orada 6500 kvadratmetrlik hasar, 300 kvadratmetrlik dəmir darvaza rənglənib, 4 kilometr uzunluğunda yolun hər iki tərəfində torpaqlama-landşaft işləri görülüb, 10 min ədəddən çox tezböyüyən leylandra ağacı, 20 min müxtəlif növ dekorativ kol əkilib, 4500 kvadratmetrlik yaşıllıq sahəsi salınıb, 5 kilometrdən artıq əraziyə su xətti çəkilərək damcılı suvarma sistemi quraşdırılıb.
Şəhər ərazisinin də yaşıllaşdırılması davam edir. 17 min ağac, 150 min dekorativ, 76 min mövsümi gül, 4 min dekorativ kol əkilib. 12 min poqonmetr yeni suvarma xətti çəkilib, 2200 kvadratmetr yaşıllıq salınıb. 1000-dən çox qurumuş və təhlükə yaradan ağac kəsilib, 11 minədək ağac budanıb.
Cari ilin əvvəlindən Sumqayıtın 162 transformator məntəqəsində cari, 16 transformatorda isə əsaslı təmir işləri aparılıb, 5 məntəqədə əlavə olaraq 2-ci transformator quraşdırılıb, ayrı-ayrı ünvanlarda güclər artırılıb.
Corat qəsəbəsində, Betonzavod, Yaşıldərə, Kimyaçılar, İnşaatçılar, Tuqzavod, Stansiya Sumqayıt yaşayış massivlərində, 76-cı məhəllədə, “Metallurq” bağlarında 40 kilometrədək yüksək gərginlikli hava elektrik verilişi xətləri dəyişdirilib, o cümlədən yeni istismara verilmiş alternativ “Külək enerjisi” mənbəyindən Yaşma bağlarına uzunluğu 3,5 kilometr olan hava elektrik xətti çəkilib. Eyni zamanda, müxtəlif ünvanlarda 81 kilometr SİP tipli kabel xətti quraşdırılıb. Abonentlərin sayı 2062 vahid artaraq, 120 minə çatıb və 7 minədək sayğac qoyulub. Payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəza hallarının vaxtında və operativ həlli məqsədilə də zəruri tədbirlər davam etdirilir.
Şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz nəqletmə sisteminin təmiri, ayrı-ayrı hissələrin yenidən qurulması, sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş tədbirlər müntəzəm həyata keçirilir. 76-cı məhəllə, S.Vurğun, Çerkassı küçələri, Kimyaçılar, Novxanı bağları yaşayış massivlərində, Hacı Zeynalabdin qəsəbəsində, Şüşə zavodu ərazisində 12 min poqonmetrdən artıq müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Payız-qış mövsümü ərəfəsində 15 ədəd qaztənzimləyici təmir olunub, daşıyıcı qaz kəmərlərinin kiplik və möhkəmlik sınaqları aparılıb. 2093 ədəd smart tipli qaz sayğacı quraşdırılıb, 3325 ədəd mexaniki sayğac smart tipli sayğaclarla əvəz edilib.
Əhalinin içməli su təchizatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, 190 binanın zirzəmisində 1593 poqonmetr su xətti təmir olunub, 4156 poqonmetr müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib. Məhəllədaxili su şəbəkələrində isə 7400 poqonmetr su xətti təmir edilib və ya yenisi ilə əvəzlənib. 35 min poqonmetr kanalizasiya xətti maşınla yuyulub, 3262 quyu mexaniki üsulla təmizlənib, 9850 su sayğacı quraşdırılıb.
Mövsüm ərzində əhalinin istiliklə təminatı və xidmətin keyfiyyətini artırmaq məqsədilə 5 qazanxanada, həmçinin 70 binanın aşağı paylama sistemlərində təmir-bərpa işləri aparılıb. 18-ci mikrorayonda yeni qazanxananın işə salınması üzrə hazırlıq tədbirləri yekunlaşdırılır.
Sumqayıtın çoxmərtəbəli binalarında yaşayan sakinlər lift təsərrüfatının yenilənməsindən məmnundurlar. Şəhər rəhbərliyinin xahişi ilə Prezident İlham Əliyevin yaxından köməkliyi sayəsində istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunub, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb. Bir neçə ərazidə olan 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulub və hazırda digər liftlərin də bu xidmətə qoşulması istiqamətində işlər aparılır.
Şəhərin təhsil ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşılaşdırılması gündəmdən düşməyən məsələlərdəndir. Bütün məktəblərin ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işləri davam edir, vaxtaşırı iməciliklər keçirilir, ağac, gül kolları əkilir, budama işləri aparılır, həyətyanı sahələr bellənir. Payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər təhsil müəssisələrində icra olunur, istilik sistemləri, elektrik təsərrüfatı və digər sahələrdə yoxlamalar aparılaraq mövcud nasazlıqlar aradan qaldırılır. Elə Sumqayıtın bütün məktəblərinin sentyabr ayında yeni dərs ilinə tam hazır vəziyyətdə başlaması bu sahəyə göstərilən daimi diqqətin nəticəsidir.
Yeri gəlmişkən, bütün bunlar şəhərdə tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bu il ali təhsil ocaqlarına qəbul imtahanlarında iştirak edən sumqayıtlı abituriyentlərin 77,1 faizi uğurlu nəticə göstərərək tələbə adını qazanıb ki, bu da ölkə üzrə ən yüksək göstəricisi sayılır. Qəbul imtahanlarında 211 abituriyent 600-dən yuxarı bal, o cümlədən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 2 məzunu 700 bal toplayıb.
Gənclik şəhərində məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə də xeyli iş görülüb, təchizat yaxşılaşdırılıb. Bir uşaq bağçasında əsaslı təmir aparılıb, digərlərində isə cari təmir işləri görülüb. Bütün uşaq bağçalarında istilik sistemi tam bərpa olunub, isti su daimi verilir, ərzaq təminatı ciddi nəzarətə götürülüb. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilir, normadan artıq qəbul məsələsi də qaydaya salınıb. Sevindirici haldır ki, sahənin inkişafına özəl bölmə da öz töhfəsini verir. Bu yaxınlarda şəhərin 6-cı mikrorayonunda açılan müasir tipli “Kaspi” uşaq bağçası olduqca nümunəvi şəraiti ilə seçilir.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin xəttilə təşkil olunan tədbirlər gənclərin dünyagörüşünün formalaşmasına, motivasiya və vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə xidmət edib. Təkcə bu ilin əvvəlindən baş idarə aidiyyəti qurumlarla birgə 447 tədbir keçirib. Sumqayıt idmançıları respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 239-u qızıl, 181-i gümüş, 263-ü bürünc olmaqla, ümumilikdə 683 mеdаl qazanıblar.
Şəhərin ictimai fəal gəncləri də nümunə göstərirlər. Ötən ay Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Təmiz sahil, sağlam həyat” devizi altında Sumqayıt Bulvarının dənizkənarı sahilində növbəti təmizlik aksiyası keçirilib. Aksiya maarifləndirmə xarakteri daşımaqla, şəhərin təmizliyinə və ekologiyasının qorunmasına xidmət edib.
Onu da deyək ki, şəhər Ağsaqqallar Şurası da öz növbəsində “Sumqayıt doğma evimizdir, onu daha da nümunəvi şəhərə çevirmək hər birimizin borcudur” mövzusunda ayrı-ayrı kollektivlərdə görüş-söhbətlər təşkil edib. Şəhər icra hakimiyyətinin dəstəyi ilə ərazilər üzrə, həmçinin idarə və təşkilatlarda, ictimai qurumlarda, bir sözlə, 10-dan çox ünvanda keçirilən həmin maarifləndirici tədbirlərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən son üç ildə yüksək vüsət alan abadlıq və quruculuq işləri diqqətə çatdırılıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə birmənalı şəkildə yüksək önəm verməsi və göstərdiyi müstəsna xidmətlər xüsusi vurğulanıb.
Sumqayıtın gözəlliyi ilə haqlı olaraq həm onun sakinləri fəxr edir, həm də şəhərin qonaqları burada görülən işləri ürəkdən təqdir edirlər.
Şəfiqə Məmmədova, Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı:
– Sumqayıt şəhərinin qısa müddətdə füsunkar şəkildə dəyişməsi, gözəlləşməsi insanda qürur hissi yaradır. Şəhərin küçələri, aparılan abadlıq işləri, yeni tikilən binalar, teatr binasının təmiri, dənizkənarı bulvar məni, sözün əsl mənasında, heyran etdi.
Vaqif Nəzirov, monumentalçı rəssam, Əməkdar incəsənət xadimi:
– Mən 77 illik ömrümün 47 ilini Sumayıtda yaşayıb-yaratmışam. Bu şəhərdə bir sıra abidələrin müəllifiyəm. İki il öncə şəhər ictimaiyyətinin əksər nümayəndələri mənim fərdi sərgimdə iştirak etdi, icra başçımız Zakir Fərəcov haqqımda xoş sözlər söylədi. Sumqayıtın özü onu qurub-yaradanların möhtəşəm bir abidəsidir. Bu şəhərin hər bir uğuru bizim sevincimiz, fərəhimizdir. Son illərdəki möhtəşəm inkişaf qəlbimizi qürurla döyündürür.
Gələn il Sumqayıtın 70 yaşı qeyd ediləcək. Bu, tarix üçün qısa zaman kəsiyidir. Amma bununla bərabər, Sumqayıtın əldə etdiyi uğurların miqyası genişdir. Ötən hər il şəhərin simasını daha da cazibədar, gözəl edir. Bu baxımdan son üç ili şəhərin tarixində əsl intibah dövrü adlandırmaq olar. İnanırıq ki, inkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini daha böyük nailiyyətlərlə qeyd edəcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər