Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa – “Ocaq” (FOTOLAR)

706

Sumqayıt Dövlət Dram Teatrında  görkəmli yazar Turgut  Özakmanın  “Ocaq” əsərinə daxili baxış keçirilib. Əsərin səhnə yozumu  çox maraqla qarşılanıb. Bir ailənin iztirab və  təbəddülatları konteksində cəmiyyətin  müxtəlif  sosial  və  yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin  (əməkdar artistlər Fəranə  Musayeva  və Növrəstə  Həşimova)  xidmətçi  çağırışı ilə başlayan  tamaşada  bir neçə  dəqiqədən  sonra məlum olur ki, özünü  paşa  arvadı zənn edən nənə xəyal  buludlarının üstündə qanad  çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla  nənə  üçün oynayır.  Rejissor  əməkdar  artist  Firudin  Məhərrəmov oyun  içində oynu  məharətlə qurub. Ata (əməkdar  artist Rauf Ağakişiyev) çarəsizlik dənizində boğula-boğula  saman çöpü axtarır, amma anlaya bilmir  ki, saflığı və xəyalpərəstliyi  onu  uçuruma aparır. Əməkdar  artist  Rauf  Ağakişiyev  psixoloji  nüansları ustalıqla  təqdim edir. Ana  ( Xatirə  Süleymanova  və Sədaqət Nuriyeva ) rejissor  tərəfindən hər kəsi birləşdirməyə  çalışan , pərəm-pərəm düşmüş ailəni uçurumdan qoruyan  güclü obraz olaraq göstərilir. Böyük oğul- Nihat ( əməkdar artist Cəəlal Məmmədov ) vecsizin  biridir. Ortada yeyib qıraqda gəzir, saxta qayğıkeşliyini tez-tez  nümayiş etdirir. Ortancıl oğul- Fazil işləyir, mənəvi  və fiziki  əziyyətlərin girdabında vurnuxur, amma acı həqiqəti  söylədiyindən heç kimə  xoş gəlmir. İstedadlı  aktyorlar Oktay Mehdiyev və Habil  Xanlarov  Fazilin daxili iztirabları  ilə zahirdən acidil olmağının vəhdətindən doğan  faciəni məharətlə  tamaşaçıya çatdırır Üçüncü oğul  Özcan  da hərdəmxəyal və vecsizdir. Obrazı  canlandıran Şəmistan  Süleymanlı və Amil  rolun öhdəsindən  gəlirlər.  Evin qızı – Sevda  ( Şəhla Məmmədova  və İlahə  Səfərova)  fiziki qüsurludur. Evin sıxıntısından  bezən  qız sevgini  çöldə  arayır. Lakin yalnış seçim qızın xoşbəxtliyi  tapmasına  mane  olur.  Finalda nənə  pərdəni  açıb “paşam  gəldi”  sevinci ilə qışqırır. Bu xəbəri eşidən hər kəs sükut heykəli kimi yerində donur.  Məhz burda  quruluşçu rejissor – Firudin  müəllimin rejissor traktovkası  bəlli  olur. Ümüdsüz olmayın,  ümüdsüz yaşamaq  düzgün  deyil. Və “hər  gecənin bir  sabahı, hər qaranlığın bir işiğı  var”  mesaji  verilir.
Qeyd  edək  ki, əməkdar  artist Firudin Məhərrəmovun  quruluşunda “Ocaq”  tamaşası  yeni  mövsümdə  tamaşaçılara  nümayiş  etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər