Sumqayıt gənclərinin zirvə yolu haqqında yeni kitab

1743

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin maliyyə dəstəyilə çap edilmiş “Sumqayıt gəncləri” kitabı Musa Həsənovun təsisçisi olduğu Gənc İstedadlara Dəstək Fondu tərəfindən hazırlanmış eyni adlı 3-cü nəşrdir.

Əvvəlki nəşrlərin məntiqi davamı olan bu kitabda son beş il ərzində Sumqayıtın keçdiyi inkişaf yolu, həyatın ən müxtəlif sahələrində təmsil olunan ictimai fəal gənclərin doğma şəhərin tərəqqisinə önəmli töhfələri əksini tapıb. Elə kitaba yazdığı ön sözdə də M.Həsənov qeyd edir ki, Sumqayıtın şöhrətinin daha da artırılmasına şərəfli bir məsuliyyət hissi ilə yanaşan gənclər öz nailiyyətlərini durmadan artırırlar. Daim şəhərin ab-havasına yenilik qatan gənc sumqayıtlılar yüksəlişin ən dinamik və hərəkətverici qüvvəsi sayılırlar. Xüsusilə, 2015-ci ildən başlayaraq, Sumqayıtda baş verən möhtəşəm dəyişikliklərdə onların da böyük rolu olub.

Məhz 2 Fevral Azər­baycan Gəncləri Günü ərəfəsində oxuculara təqdim etdiyimiz kitabın üstün cəhətlərindən biri məlumat xarakterli yığcam mətnlərin fonunda yüzlərlə rəngarəng fotoşəklin verilməsidir. Həqiqət bundan ibarətdir ki, həmin fotolar kitabın poliqrafik baxımdan nəfisliyi ilə bərabər, reallıqları da daha dolğun və inandırıcı şəkildə sərgiləyir.

Hər zaman gənclərə böyük qayğı və diqqətlə yanaşan Azərbaycan Prezidenti
İlham Əliyevin gənclik şəhəri Sumqayıta son səfərləri, buradakı bir sira sosial-mədəni obyektlərin açılışında iştirakı kitabda hədsiz minnətdarlıq duyğuları ilə xatırlanır. Heydər Əliyev Mərkəzi, park-bulvar kompleksi, kimya müəssisələri ilə yanaşı, Paralimpiya və Olimpiya idman kompleksinin, Sumqayıt Gənclər Evinin, şahmat məktəbinin, Uşaq İncəsənət Məktəbinin, Bayraq Muzeyinin tikilib istifadəyə verilməsi, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, Sumqayıt Dövlət Dram Teatrının, “Kimyaçı” Mədəniyyət Sarayının, Lüdviqshafen parkının tamamilə yenidən qurulmasını və bu obyektlərin fəaliyyətinə şəxsən dövlət başçısının xeyir-dua verməsini gənclər ən unudulmaz anlar kimi xatırlayırlar.

Fərəhlidir ki, Sumqayıt gəncləri onlara göstərilən diqqətə yeni-yeni nailiyyətləri ilə cavab verirlər. Kitabı vərəqlədikcə, bunun bir daha şahidi oluruq. Müəlliflər qeyd edirlər ki, son beş ildə Sumqayıtın istedadlı gəncləri mədəniyyət, incəsənət, elm və idman sahələrində uğurları ilə seçilib, zirvə yollarında inamla irəliləyiblər. Belə ki, son beş ildə onlarca sumqayıtlı gənc elmi dərəcə alıb, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş 45 tələbə Prezident təqaüdünə layiq görülüb. Beynəlxalq bilik olimpiadalarından qələbə ilə qayıdan sumqayıtlı gənclər də az olmayıb. İdmançılar isə dünya və Avropa yarışlarında 615 medal qazanıblar ki, bunun da 244-ü qızıl, 166-sı gümüş və 205-i bürünc əyarlı olub. Paralimpiyaçı-cüdoçu Rövşən Səfərov 2016-cı ildə Rio-de-Janeyro olimpiadasında bürünc medal qazanaraq, Sumqayıta gətirilən olimpiya mükafatlarının sayını 9-a çatdırıb. Adlı-sanlı idmançılar – boksçu Elvin Məmişzadə, karateçi Rafael Ağayev və paralimpiyaçı İlham Zəkiyev 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında qalib gəliblər, Səbinə Abdullayeva isə gümüş medala sahib olub. Dünya və Avropa çempionu olan neçə-neçə sumqayıtlı idmançı və onların məşqçiləri uğurlarına görə “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunub, fəxri adlara layiq görülüblər.

Kitabda qeyd olunduğu kimi, gənclik şəhəri Sumqayıt bu gün özünün vüsətli inkişaf dövrünü yaşayır. İdarəetmə sahəsində böyük təcrübəsi olan, özü də gənc yaşlarından taleyini Sumqayıtla bağlayan və burada pillə-pillə ucalan icra hakimiyyətinin hazırkı başçısı Zakir Fərəcov göstərilən etimadı doğrultmaq səylərində gənclərin qüvvəsinə daha çox arxalanır. Sumqayıtın sosial-iqtisadi inkişafında, şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirlərində, mədəni tərəqqidə onların potensialından lazımınca istifadə olunur. Bir çox sumqayıtlı gənc şəhər icra hakimiyyətində məsul işə cəlb edilib, idarə və müəssisələrdə rəhbər vəzifələrə irəli çəkilib. Təkcə son bələdiyyə seçkilərində 8 sumqayıtlı gənc özünüidarə orqanına üzv seçilib.

Uğur salnaməsi kimi dəyərləndirilməyə layiq olan yeni kitabla tanışlıqdan da göründüyü kimi, Sumqayıt gəncləri nailiyyətlərini ilbəil artırır, bir-birindən fərəhli nəticələr əldə edirlər. “Sumqayıt gəncləri” kitabı isə öz bayramları ərəfəsində onlara sanballı töhfədir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər