Sumqayıt hadisələrinə açar

759

Çox da uzaq olmayan tarixdə Sumqayıtda yaşanan hadisələrdən ikiəlli yapışan, dünyaya yalan ixrac etməkdə mahir olan ermənilərə vəkil Aslan İsmayılovun tutarlı cavabı oldu. Sumqayıt hadisələrində dövlət ittihamçısı kimi çıxış etmiş vəkil A.İsmayılov illər keçdikdən sonra əlindəki sənədlərlə bir “yol xəritəsi” cızaraq “SSRİ-nin süqutunun başlanğıcı – Sumqayıt” kitabını ərsəyə gətirdi.

Nəhayət ki, Akademik Ziya Bünyadovdan sonra Sumqayıt hadisələrinə ən mükəmməl hüquqi-siyasi qiyməti A.İsmayılov verdi. Faciəyə toxunmağın Azərbaycanın ziyanına olacağından çəkinənlərdən fərqli olaraq geniş elmi-siyasi araşdırma aparan, faktları təhlilə çəkən müəllif erməni iddialarının əsassızlığını ortaya qoymaqla həqiqətə və Azərbaycana xidmət etdi. Çox təəssüf ki, kitab yalnız Azərbaycan türkcəsində yüksək çap keyfiyyəti ilə işıq üzü görüb. Azərbaycanın bu faciə fonunda gələcəkdə çox ciddi sınağa çəkiləcəyi şübhə doğurmadığından kitabın Avropa dillərinə tərcümə edilərək yayılmasını təmin etmək daha doğru olardı.

Doğrusu, etiraf edim ki, Sumqayıt faciəsinin təfərrüatı, miqyası, milli münaqişəyə gətirib çıxaran faktorlar barəsində mənim də bilgim yetərli deyildi. Elmi-akademik üslubda, lakin yorucu olmayan tərzdə qələmə alınan, “SSRİ-nin süqutunun başlanğıcı – Sumqayıt” kitabı elə mənim də “yol xəritəm” oldu. Dərin hüquqi savada, təhlil qabiliyyətinə, ictimai-siyasi proseslərin özəyini ortaya qoyma imkanlarına sahib olan Aslan İsmayılovun faciənin səbəbləri üçün bəzən ən kiçik görünən detalın ətrafında qurduğu mühakimələr ancaq peşəkarlara xas olan cəhətdir. 20 il zaman kəsiyində Azərbaycanda və keçmiş SSRİ məkanında baş verən proseslər, Sumqayıt hadisələri ilə paralel Qarabağda baş verən erməni separatizmi kitabda vahid sistem halında təhlilə çəkilir. Kitabda müəllifin apardığı siyasi araşdırma və təhlillər, keçmiş SSRİ rəhbərliyinin milli qırğınlara gətirib çıxaran siyasətinin əksi Sumqayıt faciəsinin açarı kimi təqdim olunur.

Erməni diasporunun bütün dünyaya car çəkdiyi “Sumqayıtda minlərlə erməninin soyqırıma məruz qalıb, ətinin şişə çəkildiyi” iddiası ittiham aktında əksini tapan faktlarla, müəllifin iti mühakimələri, gətirdiyi əsaslı dəlillərlə təkzib edilir və həmçinin bu faciədə qətlə yetirilən 32 nəfərin 6-sının azərbaycanlı olduğu oxucuya çatdırılır. Dövlət ittihamçısı kimi istintaq materialları ilə yaxından tanış olan A.İsmayılov məhkəmə prosesinin hansı istiqamətlərdə aparıldığını qələmə alır və sadaladığı dəlillər kitabın faktoloji material yükünü artırır. Kitabla tanış olduqca bu faciənin kimlər tərəfindən törədildiyi, Sumqayıt hadisələrinin mərkəzində “plaş və xəncər” qiyafəli keçmiş sovet “KQB”-sinin dayandığı və bu işdə vaxtilə dəfələrlə həbs olunan erməni Eduard Qirqoryanın aparıcılıq etdiyi üzərini toz bürümüş həqiqətləri ortaya çıxarır. A.İsmayılov cinayət işinin “Sumqayıt hadisələri” adı altında deyil, “Qirqoryan işi” kimi təvsirini verməklə, bütövlükdə məhkəmə prosesinin mahiyyətinə varır. Kim idi Eduard Qirqoryan? 1959-cu ildə Sumqayıtda anadan olan, milliyyətcə erməni, üç dəfə müxtəlif cinayətlərə görə həbs olunmuş və keçmiş sovet “KQB”nin planlarını həyata keçirərək Sumqayıtda fevralın 27-dən 29-dək milli münaqişənin əsas avtoriteti, aparıcı qüvvəsi. Ancaq müəllif tək istintaq materiallarına söykənmir, məhkəmə prosesi zamanı apardığı qeydlərə, yaddaşına həkk olunan müşahidələrə əsaslanır, bütövlükdə faciənin bütün təfərrüatlarına varır, maraqlı rəyləri qələmə alır. Öz milliyyətindən olanları zorlayan, qətlə yetirən, evlərini yağmalayan Qirqoryanın məhkəmə prosesində özünü hazırlıqlı aparması da dövlət ittihamçısı kimi A.İsmayılovun diqqətini cəlb edir. Qirqoryanın soyuqqanlı davranması, cinayətdə suçlanan azərbaycanlıların qorxaraq həqiqətləri söyləməmələri də bəlli səbəblərdən doğurdu. “Qara plaşlı” keçmiş sovet “KQB”si milli münaqişəyə səbəb olan bu hadisənin Qirqoryan kimi cinayətkar vasitəsi ilə yerinə yetirilməsinin ssenarisini əvvəlcədən cızmışdı, müəllifin yazdığı kimi şəxsiyyəti bəlli olmayan insanlar Qirqoryanla görüşmüş, cinayətkarı təlimatlandırmışdılar.

Kitabın müxtəlif səhifələrində bir-birini əvəzləyən istintaq sənədləri, şahid ifadələri və müəllifin qeydləri faciənin detallı, obyektiv araşdırıldığına şübhə yeri qoymur. Kiçicik boşluqlardan yararlanan ermənilərin kitabdakı əksini tapan faktlara kölgə salması mümkünsüz görünür ki, bu da müəllifin peşəkarlığına dəlalət edir.

Kitabın digər bölümü “Sumqayıta gətirən yol: səbəb və nəticə” adlanır və bu hissədə A.İsmayılov Rusiyanın hüquq-mühafizə orqanlarında işlədiyi dövrdə keçmiş SSRİ rəhbərliyinə yaxın olan insanlarla təmaslarda əldə etdiyi məlumatlar, M.S.Qorbaçovun böyük imperiyanı idarəetmə xüsusiyyətləri, milli münaqişələrə gətirib çıxaran ssenarisi və Azərbaycana qarşı ermənilərin tarixdə oynadıqları rol ustalıqla qələmə alınıb. 1980-ci ilin ortalarından başlayaraq M.S.Qorbaçov və onun xanımının “Erməni məsələsi”nə necə həssas yanaşması, Larisa Qorbaçovanın ABŞ-a rəsmi səfəri zamanı Erməni Mədəniyyət Mərkəzinə səfəri Sumqayıt faciəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin əsası kimi diqqətə gətirilir: “Həmin mərkəzin səfər obyekti seçilməsi də yəqin ki, təsadüfi deyildi. Deyilənə görə, bu obyekt səfər proqramına lap son dəqiqə daxil edilmişdi. L.Qorbaçovanın Erməni Mədəniyyət Mərkəzindən hədiyyə kimi qəbul etdiyi qiymətli əşyalar əhvalatı da bu epizodla bağlıdır. Bu faktın özü DQMV-nin beynəlxalq obyektə çıxarılması tarixinə ciddi “kriminal çalarlar” qatır. Bu faktı kitabın mətninə uyğun şəkildə daxil edən və faktın yerini müəyyənləşdirən A.İsmayılov Stovropol diyarında məhkəmə sədri işlədiyindən mühakimələrində qərəzsizlik nümayiş etdirir. Çünki M.Qorbaçov fəaliyyətinə Stovropol diyarında başlamış, müəllifin yazdığı kimi çalışdığı dövrdə o “Mişa konvertik” adı qazanmışdı. Məhz buna görə də Qarabağ məsələsində “kriminal çalarlar”ın mühüm rol oynadığı müəllif və məlumatlı oxucu üçün təəccüblü, gözlənilməz deyil.

Vətənpərvər ziyalı, hüququn aliliyini Aslan kimi qoruyan A.İsmayılovun ərsəyə gətirdiyi bu kitab Azərbaycan dövlətini və vətəndaşlarını gələcəkdə gözləyən erməni iddialarından qorumaq mahiyyəti daşıyır. Ona görə də erməni yalanları ilə üz-üzə qaldığımız dövrdə bu cür kitabların nəşri olduqca vacibdir. Kitabın tək Azərbaycan türkcəsində deyil, ayrı-ayrı dillərdə nəşr olunub, dünyanın ictimai-siyasi mərkəzlərinə göndərilməsi olduqca önəmlidir.
Akif Aşırlı, şərq qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər