Sumqayıt: Heydər Əliyev ideyalarından rövnəqlənən şəhər

583

Tarixi həqiqətdir ki, cəmiyyətin tərəqqisində, inkişafında şəxsiyyətlərin rolu böyükdür. Xalq özünün taleyüklü problemlərinin həllini həmişə güclü və ağıllı rəhbərin əzmkar fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlayır. Azərbaycan tarixində ən parlaq dövr, ən dinamik inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başlayır. Ulu öndər Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

Heydər Əliyev Azərbaycanın milli inkişaf konsepsiyasını işləyib hazırlamış və onu dönmədən həyata keçirmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərindən ölkənin iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Bu illərdə tariximizin öyrənilməsinə, milli təfəkkürün oyadılmasına xüsusi diqqət verilmişdi. Milli-mənəvi dəyərlərin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, elmin, təhsilin, səhiyyənin səviyyəsinin yüksəldilməsi sahəsində mühüm işlər görülmüşdür.

Atılan ilk mühüm addımlar

Məhz həmin illərdə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt idı. Onun taleyinə heç bir digər şəhərə bənzəməyən, təkrarolunmaz yol keçmək nəsib olmuşdur. Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insan zəhmətinin həqiqətən də xarüqələr yaratdığının bariz ifadəsidir. Bu salnamənin müəllifləri isə Sumqayıtın əsasını qoyan, ucsuz-bucaqsız çöldə gözəl, işıqlı şəhər ucaldan insanlar olmuşdur.

Şəhərin ilk inşaatçılarının qarşılaşdıqları çətinlikləri bir anlığa təsəvvürə gətirək: susuz səhralıq, daş kimi möhkəm torpaq, ətrafda kölgəliyi belə olmayan ərazi. Güclü tikinti texnikasının mövcud olmadığı bir vaxtda insanlara əsasən primitiv əmək alətlərindən istifadə etmək, bütün ağır fiziki işləri öz əlləri ilə görmək lazım gəlirdi. Adi şəraiti olmayan taxta baraklarda yaşayan insanlar sübh tezdən başlayaraq qaş qaralana qədər əzmkarlıqla çalışıraq qurub-yaradırdılar.
Sumqayıt şəhərinin baş planının ilk dəfə 1945-ci ildə tərtib olunmasına baxmayaraq, bu plan işçi sənəd kimi yalnız 1954-cü ildə qəbul edilmişdir. Lakin şəhərdə sənaye kompleksinin sürətlə inkişaf etməsi Sumqayıta əlavə işçi qüvvəsinin cəlb olunmasına səbəb olmuş, nəticədə isə şəhərin perspektiv inkişafına yenidən baxılması zərurəti yaranmışdır. Layihə institutlarında gərgin müzakirələr nəticəsində kağız üzərindəki cizgilərdən başlanan Sumqayıt getdikcə boy atır və sənaye nəhənginə çevrilirdi. Ötən hər gün bu şəhərə möhtəşəm zavod korpusu, gözəl məktəb binası və yaraşıqlı sosial obyektlər gətirirdi. Sumqayıt sürətlə böyüyür və öz simasını dəyişirdi. 1949-cu il noyabr ayının 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta respublika tabeliyində olan şəhər statusu verildi.
Bu tarixdən etibarən şəhərdə yeni müəssisələrin inşası daha geniş vüsət almağa başladı. 1952-ci ildə boru-porokat zavodu, sintez kauçuk zavodu, 1955-ci ildə alüminium zavodu işə salındı. Dünyanın onlarla ölkəsinə Sumqayıt nişanəsi ilə ixrac edilən borular öz keyfiyyəti ilə böyük şöhrət qazanmağa başladı. Zaqafqaziyada ən iri müəssisə olan Sumqayıt Superfosfat Zavodunun məhsulu o vaxtlar Sovet İttifaqının 6000 təsərrüfat ünvanına göndərilirdi. 1960-cı ildə tikintisinə başlanılan və 1966-cı ildə istifadəyə verilən kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu. 1963-cü ildə toxuculuq fabriki, 1964-cü ildə şüşə zavodu istifadəyə verildi, 1966-cı ildə aşqarlar zavodu və sintetik yuyucu tozlar sahəsi işə salındı. 1967-ci ildə polimer tikinti materialları kombinatında respublikada ilk dəfə olaraq linoleum istehsalına başlanıldı. 1968-ci ildən tikinti materialları kombinatında isə quruculuq işlərinin geniş miqyas aldığı Sumqayıtda kərpic istehsal etmək imkanı yarandı.
Beləcə, illər keçdi. Bu gün respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur.
Xarüqələr diyarına çevrilən və gözəl, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçrilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt eyni zamanda, sürətli inkişafın əsas ünvanlarından biridir. Onun sabaha hesablanan inkişaf prosesləri sürətli proqram əsasında aparılır.
Şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir.
Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir.
Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilər minimuma endirilib, ölkəmiz bu maliyyə burulğanından müsbət iqtisadi göstəriciləri ilə çıxıb. Ölkə başçısının imzaladığı sərəncam və fərmanlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasında müstəsna rol oynayıb və bu da imkan verib ki, ölkəmiz qeyri-neft sektorunun hesabına inkişaf etsin. Artıq bununla bağlı həyata keçirilmiş tədbirlər öz müsbət nəticələrini verməkdədir.

Prezident İlham Əliyevin tapşırıqları sumqayıtlılar üçün bir stimuldur

Bu gün Sumqayıtın inkişafı yeni, ümumi inkişaf konsepsiyası əsasında aparılır. Son bir ilin inkişafı şəhərdə həmişə problem yaradan giriş yollarından başlayıb. Şəhərin hər iki istiqamətdə yolları genişləndirilərək yenidən qurulub, yaşıllıq zolaqları salınıb, milli memarlıq üslubunda qala divarları çəkilib.

Şəhərin əsas giriş qapısı olan Sülh küçəsi hər iki tərəfdən iki dəfədən artıq genişləndirilib. Mövcud yolda nəqliyyat vasitələrinin rahat hərəkəti üçün ideal şərait yaradılıb. Giriş yolunun hər iki tərəfində uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalzasiya, kommunikasiya xətləri çəkilib. Həmin ərazidə minlərlə kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 130 mindən çox ağac və dekorativ kollar əkilib. Giriş yolunun ətrafına hasar çəkilib. Sumqayıtda yollarda gecə işıqlandırma sistemləri yaradılıb. Bu, şəhərin bütün yollarını əhatə edir. Artıq onlara nəzarət kompleks şəkildə aparılır. Şəhərin giriş yolunun başlanğıcında əzəmətli Bayraq meydanı yaradılıb. Mikrorayon və məhəllədaxili ərazilərdə, qəsəbə və bağlar massivlərində yollara asfalt çəkilib, həmin yollarda piyada keçidləri yaradılıb. Şəhər planına əsasən digər küçə və yollarda abadlıq və təmir işləri bundan sonra da aparılacaqdır.

Möcüzə kimi görünən Sumqayıt bulvarı

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. Bulvar kompleksində atılan yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaq. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub, işıq dirəkləri quraşdırılıb. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib.
Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib.
Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılıb.
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 1000-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub. Ölkə başçısının Sumqayıt bulvarını möcüzə adlandırması orada çalışanların, bütövlükdə sumqayıtlıların əməyinə verilən ən yüksək qiymətdir.

Parklar simasını dəyişir

Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın əlavə edilməsi deməkdir.

Ulu öndərin adını daşıyan parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.
Şəhərə ötən səfərlərinin birində “Sumqayıt bu gün parklar və bağlar şəhəridir” – deyən Prezident İlham Əliyevin sözləri sumqayıtlıları şəhəri daha da gözəlləşdirməyə ruhlandırır. Parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Bu möhtəşəm mərkəz gənclərin daim toplaşdığı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapacağı məkana çevrilib. Mərkəz eyni zamanda, sumqayıtlı gənclərin ənənələrə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayır.
Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 500 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Bunlardan əlavə, dördüncü mərtəbədə nikah mərasimləri zalı yerləşəcək. Ailə quran hər bir sumqayıtlı gənc üçün ulu öndərin həyat və fəaliyyəti örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu binada yerləşdirilib və nikah bağlanması üçün bütün şərait yaradılıb.
Parkın ərazisində, eləcə də müasir memarlıq üslubunda 1500 kvadratmetr sahəsi olan ikimərtəbəli şahmat məktəbi tikilib. Burada dördmərtəbəli uşaq incəsənət məktəbi də inşa edilib. 2400 kvadratmetr sahəsi olan bu məktəbdə 43 sinif otağı fəaliyyət göstərəcək, 700-dən çox şagird təhsil alacaq və 210 müəllim çalışacaq.

Abadlıq-quruculuq davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıtda mənzil fondunun saxlanılmasına kömək məqsədi ilə imzaladığı sərəncamlara əsasən, ayrılmış vəsait hesabına 350 yaşayış binasının dam örtüyü yenidən qurulub və hazırda bu işlər davam etdirilir. Yaşayış binalarında istismar müddəti ötmüş 200 ədəd lift dəyişdirilərək yenisi ilə əvəzlənib, 100 binanın fasadı yenidən qurulub. Heydər Əliyev və Azərbaycan prospektlərindəki bina aqlay daşları ilə üzlənib, 350 binanın zirzəmisi çirkab sulardan təmizlənib, qəzalar aradan qaldırılıb, zirzəmilər dezinfeskiya olunub, yaşayış binalarının girişləri işıqlandırılıb.

Şəhərin ictimai nəqliyyatını təkmilləşdirmək məqsədilə yeni standartlara uyğun avtobuslar gətirilmiş, sərnişinlərin istifadəsinə verilmişdir. Yaxın gələcəkdə yeni avtobusların gətiriləcəyi gözlənilir.
Bu gün şəhərin elə mikrorayonu, məhəlləsi və qəsəbəsi yoxdur ki, orada abadlıq işləri görülməsin. Həmin yaşayış massivlərində yollar asfaltlanır, zirzəmilər təmizlənir, evlərin dam örtüyü dəyişdirilir. Mədəniyyət müəssisələri əsaslı şəkildə təmir olunur, onların maddi-texniki bazası möhkəmləndirilir. Şəhərdə mədəni-kütləvi tədbirlərin sayı və keyfiyyəti xeyli artıb. Sumqayıt müstəqilliyimizin canlı simasıdır. Bu illər onun tarixinə neçə-neçə gözəl anlar yazıb. Bu şəhər bizimdirsə, onun inkişafına hər birimiz öz töhfəmizi verməli, nümunə göstərməliyik. İllər ötəcək, xarüqələr şəhəri Sumqayıt həmişə dövlət başçısına verdiyi sözə sahib olacaq. Çünki sumqayıtlılar zəhmətkeş və etibarı doğrultmağa çalışan insanlardır. Onların həyat amalı Heydər Əliyevin rövnəqləndiyi ideyalarla və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qoşadır.

Akif ƏLİYEV,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər