“Sumqayıt işi”nin əsas vəkili vəfat edib

763

esedagha-abdullayev-227-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarının şahidi və proseslərdə vəkil olmuş Əsədağa Abdullayev vəfat edib.

Bu barədə Lent.az-a “Sumqayıt işi”ndə dövlət ittihamçısı olmuş, “Sumqayıt – SSRİ-nin süqutu” kitabının müəllifi Aslan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Əsədağa Abdullayev dünyasını iyulun 3-də dəyişsə də, hadisədən bu gün xəbər tutub: “Əsədağa Abdullayev qədər Sumqayıt hadisələrilə bağlı bilən və bu hadisələrlə bağlı əsl qeyrətli vətəndaş mövqeyi qoyan ikinci adam olmayıb. Mən Əsədağa müəllimi Sumqayıt prosesində işə çıxanda tanıdım, həmin vaxta qədər onu tanımırdım. Həmin prosesdə həm vəkillər, həm müttəhimlər, həm müttəhimlərin qohumları – hamısı işin batırılmasına, ört-basdır edilməsinə çalışırdılar. Yeganə insan Əsədağa Abuddalyev idi ki, belə eləmirdi. O, bir dəfə mənə yaxınlaşdı, “bağrım çatlayır ki, şərəfsizlər bu işi necə batırır” dedi. Sonra da dedi ki, vəkil olduğu üçün mənə kömək edə bilmir. Mən onu kişi kimi, dəyanətli insan kimi tanımışam”.

A.İsmayılov “Sumqayıt – SSRİ-nin süqutu” kitabını yazarkən Ə.Abdullayevi axtarıb-tapdığını da bildirib: “Həmin vaxt gördüm ki, o bərk xəstədir. Maraqlandım, “Sumqayıt işi” ilə bağlı çıxdığı işlərdən danışdı. Sonra da soruşdum ki, bu qədər iş bilir, bəs niyə danışmır? Cavabı “məndən soruşan yoxdur ki, danışım” oldu. Rəhmətlik çox təvazökar adam idi. Mən bu hadisədən sonra bir neçə telekanaldan xahiş etdim ki, bu adam ağır xəstədir və çox şey bilir. Bunu qəzetlərdən də xahiş etmişdim”.

A.İsmayılov bu hadisəni böyük itki adlandırıb: “Sumqayıt işi” ilə bağlı ən yaxşı bilən və bu işi obyektiv şərh edəcək bir Əsədağa Abdullayev idi, bir də mən. O da vəfat etdi”.

Əsədağa Abdullayev “Sumqayıt işi”ndə təqsirləndirilən Qalib Məmmədovun sonradan güllələnməyə məhkum edilən Əhməd Əhmədovun vəkili olub, Bakı və Moskvada keçirilən proseslərdə iştirak edib.

Əsədağa Abdullayevin “40” mərasimi avqustun 10-da Masallı rayonunda keçiriləcək.

Xatırladaq ki, Respublika Baş Prokurorluğu “Sumqayıt işi”lə bağlı cinayət işinin istintaqı davam etdirilir. Prokurorluğun ötən həftə yaydığı məlumatda bildirilirdi ki, hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş iğtişaşların Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və bunun üçün dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının mənfi imicini formalaşdırmaq məqsədilə müəyyən kənar qüvvələr tərəfindən təşkil olunmaqla həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər.

Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq qrupuna müraciət etmələri xahiş olunur…

Pərvin ABBASOV

LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər