Sumqayıt QHT-sinin rəhbərliyi ilə Ruminiyaya səfər olacaq

706

Səfər proqramına «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» ictimai birliyi rəhbərlik edəcək
Bu təcrübə mübadiləsindən QHT-lərə Dövlət Dəstəyi Şurası da faydalanacaq
«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» ictimai birliyinin rəhbərliyilə region QHT-ləri Rumınıniyaya səfəri təşkil ediləcək. Bu layihə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçiriləcək. Səfər proqramı QHT-lərin bilik və bacarıqlarının artırılması, seçki sahəsində təcrübələrinin genişlənməsi, beynəlxalq seçki təcrübələrinə yiyələnməsi məqsədilə təşkil ediləcək. Layihə təcrübə mübadiləsi xarakteri daşıyır və səfər çərçivəsində Rumıniya QHT-lərinin iş prinsipləri, onların cəmiyyətin inkişafına təsiri, QHT və medianın seçki proseslərindəki rolu ilə yaxından tanışlıq və bir sıra görüşlər nəzərdə tutulur. Səfərdə Sumqayıt, Gəncə və Lənkəran şəhərlərindən QHT nümayəndələri iştirak edəcək. Bu təcrübə mübadiləsindən QHT-lərə Dövlət Dəstəyi Şurası da faydalanacaq. Rumıniyaya səfər edəcək heyətin tərkibində Şuranın nümayəndəsi də olacaq və məqsəd yeni yaranmış qurumun vətəndaş cəmiyyətinə dəstək istiqamətində beynəlxalq təcrübənin öyrənilməsidir.
Layihə çərçivəsində həmçinin, QHT nümayəndələrinin iş təcrübəsini inkişaf etdirmək, bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etmək məqsədilə adları çəkilən 3 bölgədə yaradılmış «Vətəndaş Cəmiyyəti Məktəbi» fəaliyyətini davam etdirəcək. Əsasən gənclərin cəlb ediləcəyi məktəb üzvlərinin liderlik potensialı yüksələcək və 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd kimi fəal iştiraka yönəldiləcəklər. Məktəbin fəaliyyət müddətində QHT fəlsəfəsi, QHT-lərin yaradılması və dövlət qeydiyyatı, İctimaiyyətlə əlaqələr, Layihə təklifinin hazırlanması, Strateji planlaşdırma, Fandreyzinq, Maliyyə idarəetməsi, İnsan hüquqları nədir?, Ədalətli cəmiyyət, Hüquq bərabərliyi, Ayrı seçkilik, Yaşamaq hüququ, Azadlıq və şəxsi toxunulmazlıq hüququ, Fikir, vicdan, və din azadlığı hüququ, Nikah hüquq, Sərbəst toplaşmaq hüququ, Seçki hüququ, Təhsil hüququ, Qadın hüquqları, Uşaq hüquqları, Sağlam ətraf mühitdə yaşamaq hüququ, QİÇS problemi, Münaqişələrin yaranması səbəbləri, Sülh mədəniyyəti, Liderlik bacarığının artırılması, İnsan hüquqları üzrə beynəlxalq hüquqlar, İnsan hüquqları üzrə milli mexanizimlər, Demokratiyaya gedən yol mövzuları üzrə təlimlər keçiriləcək.
Təşkilat həmçinin həftəlik “Yüksəliş Naminə” qəzetinin nəşrini davam etdirəcək. Qəzet ölkədə və regionda baş verən ən son ictimai və siyasi hadisələrə nəzər salacaq və QHT-lər barədə verilmiş yeni qanunvericilik haqqıda məlumatları çatdıracaq. Qəzet daha çox mətbuat azadlığı və vətəndaş cəmiyyəti üçün digər mühüm məsələlərə üstünlük verərək ölkədəki cari hadisələri, ictimai siyasi vəziyyəti nəzərdən keçirəcək. 2010-cu ildə qəzet parlament seçkilərinə xüsusi diqqət ayıraraq seçkilərin idarə olunduğu şərtləri, namizədlərin fikir və təkliflərini araşdıracaq və seçkilər barədə xəbərləri və araşdırmaları əks etdirəcək.
Gəncə, Sumqayıt və Lənkəranda fəaliyyət göstərən QHT-lərin fəaliyyətlərini əks etdirən Azərbaycan türkcəsində «Gəncə, Sumqayıt və Lənkəran QHT-lərinin Məlumat Kitabçası» adlı rüblük kitabça əlavə dəyişikliklərlə çap etdiriləcək və ölkədə fəaliyyət göstərən donor təşkilatlarına, xarici ölkə səfirliklərinə və həmin təşkilatların özlərinə paylanacaq. Burada region QHT-ləri, onların telefonları, ünvanları, əlaqəli şəxsləri və həyata keçirdikləri layihələr haqqında məlumat dərc ediləcək. Bununla da cəmiyyət region QHT-lərinin nə iş gördükləri, hansı problemləri həll etdikləri haqda məlumata malik olacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər