Sumqayıt təhsilinin daha bir uğuru: məktəblimiz dünya olimpiadasında qızıl medal qazandı -FOTO

2450

Çox sevindirici bir xəbər: COVİD-19 pandemiyası ilə əlaqədar onlayn keçirilmiş Dünya Biologiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 1 qızıl və 3 gümüş medal qazanmaqla böyük uğura imza atıblar.

Sumqayıt şəhər 15 saylı tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı QIZIL,

Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Asiman Ziyyədinov GÜMÜŞ,

Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sədiyar Qafarov GÜMÜŞ,

Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov GÜMÜŞ medala layiq görülüblər.

Müsabiqədə ilk 3 yeri hər biri 3 qızıl 1 gümüş medal qazanmaqla Rusiya, Çin və ABŞ məktəbliləri tutublar. Azərbaycan komandası 1 qızıl 3 gümüş medalla Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşırlar.

Bu qələbə münasibətilə əziz şagirdlərimizi, onların valideynlərini və komandanın hazırlığında böyük zəhməti olan müəllimləri, o cümlədən bütün təhsil ictimaiyyətini təbrik edirəm.

Məlumat üçün qeyd edim ki, Beynəlxalq Olimpiadalar Təhsil Nazirliyinin fəaliyyətinin prioritetlərindən biridir. İstedadlı şagirdləri daha erkən yaşlarda müəyyən etmək məqsədilə hər il müxtəlif fənlər üzrə fənn müsabiqələri təşkil olunur. Fənn müsabiqə qalibləri ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış Beynəlxalq Olimpiada Mərkəzlərində xüsusi hazırlıq proqramlarına cəlb edilir.

1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla 194 medal qazanılmışdır ki, bu da bütün medalların təxminən 40%-ni təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər