“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər təyin edildi

1319

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin iki törəmə şirkətinin baş icraçı direktoru dəyişib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, Nazim Məmmədov “STP Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. O bu vəzifədə Levent Kurukalıpı əvəzləyib.

Tamerlan Kurkiev isə “STP Global Cable” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. T.Kurkiyev bu vəzifədə Abdurrahman Gungoru əvəzləyib.

N.Məmmədov bundan öncə zavodun kommersiya direktoru idi.

Tamerlan Kurkiev STP-nin baş maliyyə inzibatçısı idi.

Qeyd edək ki, bundan öncə STP-nin daha bir şirkətinin rəhbəri dəyişdirilmişdi. “STP-AH” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Konuralp Yurter vəzifəsindən azad edilərək onu, Selman Celik əvəz etmişdi.

Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir, şirkətin hüquqi adı “STP Polymer” MMC-dir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.

PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir.

Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir.

Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.

Sumqayıt Texnologiyalar Parkı “SOCAR Polymer” zavodunun tikintisi üçün 5000 ton metal konstruksiya, qaynar sinkləmə, sendviç panel, müxtəlif növ kabel və digər məhsullarla təchiz edib.

“STP Global Cable” (Kabel Zavodu) – regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında – Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir.

STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər