Sumqayıtda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib – FOTOLAR

1462

Oktyabrın 15-də 2018-ci ilin 9 ayında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Qeyd olunub ki, həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərində əhəmiyyətli irəliləyişlər əldə olunub. Ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz və ya 400 milyon manat artaraq 1 milyard 500 milyon manatdan çox olub.
Sənaye müəssisələrində 935 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz təşkil edir.
Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 8-ə çatmışdır. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 6 müəssisədə 2 mindən çox yeni iş yeri yaradılacağı nəzərdə tutulur.
Hazırda 17 rezidenti olan, istehsalat və tikintidə 8 minədək işçinin çalışdığı parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması planlaşdırılır.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 340 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 3 dəfə və ya 225 milyon manat artım deməkdir.
Nəqliyyat sahəsində göstərilən xidmətlərin həcmi 9,5 milyon manat və ya 100,0 faiz olmuşdur. Rabitə sahəsində ötən ilin 9 ayına nisbətən 10%, yəni 402 min manat çox gəlir əldə olunub. Ticarət dövriyyəsi 240 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 7 faiz artıb.
Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər işaxtaran kimi qeydiyyata alınmış, şəhər icra hakimiyyətinin yaxından köməyi ilə 2294 nəfər işlə təmin olunmuş, 66 nəfərə işsizlik müavinəti təyin edilmiş, 70 nəfər isə peşə kurslarına cəlb edilib.
Vurğulanıb ki, məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 ailənin və Stansiya Sumqayıt yaxınlığında 1000 ailənin köçürülməsi üçün yeni yaşayış binaları inşa edilir.

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, şəhər təsərrüfatının da günün tələbləri səviyyəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşkilatçılığı və qətiyyəti sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri böyük əzmkarlıq və bacarıqla həyata keçirilir.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.
Qeyd olunub ki, hesabat dövründə 100 yaşayış binasında dam örtüyünün metal-kirəmit örtüklə əvəz edilməsi işləri başa çattıb, 95 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparılıb.
Cari ilin 9 ayı ərzində Sumqayıt şəhərinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilib.
Şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz nəqletmə sisteminin təmiri, ayrı-ayrı hissələrin yenidən qurulması, sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş tədbirlər həyata keçirilib.

Mövsüm ərzində əhalinin istiliklə təminatı və xidmətin keyfiyyətini artırmaq məqsədi ilə 5 qazanxanada, həmçinin 70 binanın aşağı paylama sistemlərində təmir bərpa işləri aparılıb. 18-ci mikrorayonda yeni qazanxananın işə salınması istiqamətində işlər yekunlaşdırılır.
Şəhər rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından köməyi sayəsində istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb.
2, 3, 17, 18-ci mikrorayonlarda, 45-ci məhəllədə 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulub. Hazırda digər liftlərin də bu xidmətinə qoşulması istiqamətində işlər aparılır.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Əlavə olaraq 40-a yaxın yeni avtobus gətiriləcək. Müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir.
Hesabat dövründə şəhərin təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, təlim-tərbiyənin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb.
Şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə xeyli iş görülmüş, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılmış, istilik sistemi tam bərpa olunmuş, bütün uşaq bağçaları isti su ilə təchiz edilmiş, ərzaq təminatı ciddi nəzarətə götürülmüşdür. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilmiş, normadan artıq uşaq qəbulu qaydaya salınıb.
Sumqayıt şəhərində 9 ay ərzində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, xəstəliklərin profilaktikası məqsədilə yeni avadanlıqlar alınmış, dərman vasitələri ilə mərkəzləşdirilmiş qaydada təchizat yaxşılaşdırılıb.
2018-ci ilin 9 ayı ərzində mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Vaxtilə şəhərin ən böyük mədəniyyət obyektlərindən olan “Nizami” kinoteatrında əsaslı təmir işlərinə başlanılıb.
Hesabat dövründə idmаnçılаr Respublika və Bеynəlхаlq səviyyəli yаrışlаrdаn 239-u qızıl, 181-i gümüş, 263-ü bürünc mеdаl olmaqla, ümumilikdə 683 mеdаl əldə еdiblər.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, həllini gözləyən problemlər və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər