Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib

1337

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında “Mən səninləyəm ana Vətən” adlı bədii-sənədli film təqdim edilib. Film 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundova həsr olunub.

Sənədli film Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə dəstəyi ilə ərsiyə gəlib. Təqdimat mərasimində şəhər rəhbərliyi, Xalq artisti Flora Kərimova, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, teatrın foyesində şəhid Əbdülməcid Axundovun şəxsi əşyaları, fotoları, ona həsr olunan xalça və rəsm əsəri, haqqında yazılan kitab sərgilənib.

Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə keçən mərasimdə filmin prodüseri Xəqani Haşımov yaradıcı heyət, çəkiliş prosesi haqqında məlumat verib. Bildirilib ki, “Mən səninləyəm ana Vətən” adlı bədii-sənədli film Əbdülməcid Axundovun anadan olmasının 25 illiyinə həsr edilib.

Filmin nümayişindən sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Aprel döyüşlərindən və Azərbaycan Ordusunun qazandığı uğurlardan danışaraq bildirib ki, şəhidlər heç vaxt ölmür və heç vaxt unudulmur. Şəhid Əbdülməcidin ailəsi və yaxınları da onunla fəxr etməlidirlər.

Daha sonra şəhid polkovnik Raqub Orucovun xanımı Sevinc Ağazadə şəhid ailələrinin mətin və mübariz olmasının vacibliyini bildirib. Qeyd edib ki, biz göz yaşımızı silməli, Azərbaycana yeni Raqublar, Əbdülməcidlər, Şülanlar, Mübarizlər və bu kimi yeni qəhrəmanlar nəsli yetişdirməliyik.

Tədbirdə müğənnilərin ifasında vətənpərvər mahnılar səslənib.

Sumqayıt Dövlət Dram Teatrının rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Dadaşov şəhid Əbdülməcid Axundova həsr etdiyi portreti anası Ceyran Axundovaya verib.

Ceyran Axundova oğlu ilə bağlı xatirələrini bölüşüb, filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib: “Vətən üçün döyüşmək və şəhid olmaq Əbdülməcidin arzusu idi. O, öz arzusuna çatıb. Onun son arzusunu isə sizlər yerinə yetirdiniz. Sağlığında təntənəli ad günü keçirmək ona nəsib olmasa da, bu gün sizin sayənizdə onun ruhu şaddır”.

Şəhid anası onlara göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Bədii-sənədli filmdə ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər