Sumqayıtda çimərlik turizminin inkişafı üçün münbit şərait var

3307

Sumqayıtda reallaşdırılan layihələrdən biri dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasını daha da gözəlləşdirmişdir.
Bulvarın uzunluğu 4,2 kilometrdir, dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. 4,2 kilometr uzunluğunda 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı yaradılıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Yeri gəlmişkən, bulvarın genişləndirilməsi və yaşıllaşdırma işləri davam etdirilir.
Bulvar kompleksindəki yeniliklərdən biri avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaqdır. 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən çox oturacaq qoyulub. Bulvarın ərazisində 50 kölgəlik yaradılıb, fontan inşa edilib, velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb.
Ərazidə Bayraq meydanı tikilib, gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə bu gözəlliyə xüsusi naxışlar qatır.

Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu da salınıb. 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb.
Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün çox iş görülür.
Sumqayıtda turizmin inkişafına təkan verən cəhətlərdən biri də şəhərin sənaye potensialının yenilənməsidir. Başqa sözlə, neçə illərdir ki, Sumqayıtda sovet dönəmində olduğu kimi, zavodların tüstüsü şəhərə buraxılmır, ölkəmizin təmiz havaya malik olan şəhərlərindəndir və tullantısız sənaye mərkəzi kimi fəaliyyət göstərir. Bütün bunlar çimərlik turizminin inkişafına imkan verən amillərdir. Çünki Sumqayıtda dənizin sahilində səhərlər ətrafa yayılan yod qoxusuna görə çimərlik sözünə müalicəvi kəlməsini də əlavə etməliyik. Bundan düzgün istifadə etməklə çimərlik turizmini daha da genişləndirmək olar.
İkinci bir cəhət isə şəhərin dəniz səviyyəsindən yuxarıda yerləşməsidir. Bunun nəticəsi olaraq Sumqayıtda daim külək əsir. İsti yay günlərində əsən külək insana sərinlik gətirir. Çimərlik turizminin inkişafında isə əsas amillərdən biri təmiz havadır.
Şəhərdə çimərlik turizminin inkişafını şərtləndirən cəhətlərdən biri onun təbii mövqeyidir. Sərhədi keçən turist bir neçə saatdan sonra Sumqayıta çatır. Yeni infrastruktur və müasir yaşayış binaları ilə əhatələnən bu şəhərin Corat kəndi var. Turistlərin diqqətini bu kənddə cəlb edən çox şey mövcuddur. Yaşı yüzillərlə ölçülən məsçid, tarixi qala divarları, qədim hamamlar, xan evi və digər xüsusiyyətləri bu turizmin reallaşması deməkdir.
Ümumiyyətlə, ölkə rəhbərinin möcüzə adlandırdığı Sumqayıt bulvarının salınması bir çox yeniliklərin təməlini qoydu. Az bir zamanda ətraf çirkabdan təmizlənib. Sıralanan istirahət mərkəzlərinin, demək olar ki, hamısında təmir işləri aparılıb. Sarıqaya istiqamətində yol təmir edilərək lazımi hala gətirilib.
Sumqayıt şəhər rəhbərliyi yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərdə əhalinin istirahətinin təşkili barədə xüsusi sərəncam imzalayıb. Çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xdmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsinə nəzarət artıb, sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısı alınıb. Bu gün hər kəs dəniz sahilində sərbəst şəkildə istirahət edə bilir. Xidmət haqları bütün təbəqədən olan insanlar üçün müvafiqdir
Yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin lazımi səviyyədə qurulması və tibbi yardımın göstərilməsi üçün də aidiyyəti təşkilatlara tapşırıqlar verilib. Şəhər hüquq mühafizə və səhiyyə müəssisələrinin xidmət komandaları bütün çimərlik boyu bir neçə yerdə növbə çəkir. Dəniz sahilində günvurmadan əziyyət çəkən vətəndaşa yerindəcə yardım göstərilir.
Çimərlik turizmini şərtləndirən cəhətlərdən biri də hotellərdir. Avropalılar hoteldə qalmaqdansa şəxsi evlərə üstünlük verirlər. Yaxınlıqdakı Novxanı və Corat kəndlərində evlərini turistlərə verən yüzlərlə insan var. Deməli, Sumqayıtda təkcə çimərlik deyil, həm də kənd turizmi inkişaf edir.

Yeniliklərdən biri də əhalinin çimərliyə gediş-gəlişini təmin etmək üçün xüsusi marşrutların ayrılmasıdır. Sumqayıt Şəhər Sərnişin Daşıma İdarəsi və “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti çimərlikdən keçən yeni və müasir qurğularla təmin edilmiş avtobuslar ayırıb. İctimai nəqliyyata üstünlük verənlərin əksəri avtomobil sahibidir. Amma isti qumun üstündə piyada gəzməyin də xeyri var.
Bir sözlə, çimərlikdə yerləşən bütün iaşə obyektləri mövsümə hazırlaşıb. Çimərlikdə şirniyyat və isti yeməklərin çeşidlənməsində sellofandan istifadə edilmir. Yay mövsümündə ərazinin təmiz saxlanılması və tullantıların vaxtında daşınmasına ciddi nəzarət edilir. Sumqayıt Şəhər Təmizlik Depatamenti Məhdud Məsuliyyətli Cəmiyyəti və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ərazini gün ərzində bir neçə dəfə yoxlayır, tullantının ərazidən daşınmasını təmin edirlər. Yay mövsümündə fəaliyyətini gücləndirən mərkəzlərdə çalışanların da sayı artır.
Sumqayıtın turist potensialı bir neçə on min nəfərə hesablanıb. Yaxın gələcəkdə bu rəqəm on minlərlə ola bilər. Hazırda bu istiqamətdə işlər davam edir.

Akif ƏLİYEV,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər