Sumqayıtda “Danışan liftlər” və intelektual idarəetmə mərkəzi – REPORTAJ

2558

Liftdə qalmağın hər kəs üçün gərgin və sıxıntılı, klaustrofobiyalı insanlar üçün qorxulu olduğu hər kəsə məlum olan həqiqətlərdən biridir. Hər il dünyada xeyli sayda insanın lift qəzalarında dünyasını dəyişdiyi, yaxud şikəst olduğu da kimsəyə sirr deyil. Bu baxımdan çoxları hesab edir ki, hardan, hansı bucaq altından baxılmasından asılı olmayaraq, liftdə qalmağın gözəl, əyləncəli və təhlükəsiz tərəfi yoxdur və ola da bilməz. Əgər siz də belə düşünürsünüzsə, tezliklə yanıldığınızı anlayacaqsınız. Çünki bu dəfə sizə elə bir şəhərdən, elə liftlərdən və bu liftlərin elə özəlliklərindən bəhs edəcəyik ki, bu tanışlıqdan sonra əmin olacağınız yalnız bir həqiqət olacaq: əgər bu şəhərdə liftdə qalmısınızsa, deməli, həqiqətən də bəxtiniz gətirib! Ona görə ki, bu şəhərdə liftdə qalmağın heç bir sıxıcı, təhlükəli və riskli tərəfi yoxdur. Burada sizi yalnız və yalnız xoş ovqat və maraqlı ünsiyyət gözləyir. Əgər siz bir qədər romantik və yumor hissinə malik insansınızsa, bunu sözün həqiqi mənasında macəraya çevirə bilərsiniz. Necə?  Bu araşdırmada  biləcəksiniz…

Nəhəng lift təsərrüfatı və mükəmməl idarəetmə sistemi…

Sumqayıtın lift təsərrüfatı öz miqyas və böyüklüyü ilə diqqət çəkir. Bu təsərrüfatın nə qədər böyük və əhatəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edək ki, bu gün Sumqayıtda mənzil fondunun balansında olan 594, səhiyyə müəssisələrinə məxsus isə 11 binada lift mövcuddur.  Hansı ki, bu liftlərdən 452-si tamamilə yenidir. Bu isə bütün liftlərin 76%-ni təşkil edir. İstifadədə olan digər liftlər də tam işlək vəziyyətdədir və istismar müddətlərini başa vurmayıblar.

Şəhərin lift təsərrüfatı üçün səciyyyəvi olan xüsusiyyətlərdən biri də çevik və səmərəli idaraetmə sisteminin yaradılması ilə bağlıdır. 2018-ci ilin fevral ayından etibarən “Lift-Servis” Birliyində intellektual idarəetmə sistemi fəaliyyətə başlayıb ki, bu sistem mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsi ilə idarə olunur. Bu isə 24 saatlıq iş və nəzarət sistemi deməkdir.

Bu sistem sadəcə liftlə bağlı problemləri müəyyənləşdirmir, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.

Bu liftlər heç kimi “əsir almır”, təbii, kimsə “əsir düşmək” istəmirsə…

Sumqayıt şəhərindəki liftlərin üstün özəlliklərindən biri də  onların yüksək keyfiyyətə malik olması, texniki nasazlıq və  s. kimi halların nadir hallarda baş verməsi ilə bağlıdır. Liftlərlə bağlı aparılan araşdırmaların təhlili göstərir ki, bu liftlər kimsəni “əsir almır”. Liftdə qalma kimi hallar nadir hallarda müşahidə edilir ki, bu da əsasən istismar qaydalarının pozulması nəticəsində baş verir. Başqa cür desək, vətəndaşların bəzi hallarda istismar qaydalarına düzgün əməl etməməsi elektron sistemin bloklanmasına səbəb olur. Lakin bu zaman da liftdə qalan şəxs üçün hər hansı təhlükə və problem yaşanmır. Liftdəki “sehirli düymə”yə toxunan şəxs bu düymənin  köməyi ilə də üzünə bağlanan qapıların açılmasını təmin edir. Hansı ki, bu “sirli düymə” haqqında  aşağıda daha geniş bəhs edəcəyik.

“Danışan liftlər” və intelektual idarəetmə mərkəzi

Sumqayıtın nəhəng lift təsərrüfatı ilə bağlı diqqət çəkən ən mühüm faktlardan biri, bu təsərrüfata rəhbərlik edən “Lift-Servis” Birliyi tərəfindən intellektual idarəetmə mərkəzinin yaradılması ilə bağlıdır. Məhz intellektual idarəetmə sistemi vətəndaşa 24 saat ərzində yüksək səviyyədə xidmət göstərməyə, onun hər bir istək və arzusunu adekvat reaksiya verməyə imkan verir.

Bu sistemin ən mühüm üstünlüklərindən biri də ehtiyac yarandıqda liftdəki şəxslə birbaşa təmasın yaradılmasını təmin etməkdir. Belə ki, liftdə hər hansı problemlə qarşılaşan şəxs sadəcə bir düyməyə toxunmaqla mərkəzi dispetçer xidməti ilə əlaqə yarada, ondan anındaca yardım ala bilir. Başqa sözlə desək,  problemlə onun həlli yolu arasında sadəcə “sehirli düymə” dayanır.

Növbətçi dispetçer, növbətçi avtomobil və 5 dəqiqəlik məsafə uzaqlığındakı kömək

Sumqayıt “Lift-Servis” Birliyində vətəndaşlara yüksək keyfiyyətli xidməti təmin etmək üçün çevik iş rejimi mövcuddur. Günün bütün saatlarında “Lift-Servis” Birliyində növbətçi dispetçer, növbətçi mexanik, növbətçi avtomobil fəaliyyət göstərir. Bu isə istənilən liftdə baş verən mümkün problemə 5-10 dəqiqə ərzində müdaxilə etməyə imkan verir. Heç şübhəsiz, xidmətin bu şəkildə təşkili “Lift-Servis” Birliyinin vətəndaşa verdiyi dəyərin göstəricisidir.

Onu da qeyd edək ki, “Lift-Servis” Birliyi üçün yeni inzaibati binanın tikintisi ilə bağlı planlar da mövcuddur ki, bu planın yaxın gələcəkdə icrası nəzərdə tutulur.

Pifaqor üslublu “müalicə”, yaxud  bağlı qapılar arxasındakı romantika…

Sumqayıtdakı liftlərin daha bir özünəməxsusluğu bu liftlərdə vətəndaşların mənəvi-psixoloji rahatlığının da nəzərə alınmasıdır. Lift kabinalarında ilin fəsillərinə uyğun olaraq həzin musiqilərin səsləndirilməsi məhz buna xidmət edir.

Liftdə səsləndirilən bu musiqilər sakinlərin arzu və istəkləri də nəzərə alınmaq şərti ilə məxsusi olaraq seçilir. Qapıların bağlanması ilə səslənməyə başlayan bu musiqilər insanda romantik əhval-ruhiyyənin formalaşmasına səbəb olur, habelə ona mənəvi-ruhi rahatlıq bəxş edir.

Əslində “Lift-servis” Birliyi tərəfindən düşünülən bu addımı həm də insanların ruhi-mənəvi müalicəsi kimi də dəyərləndirmək mümkündür. Necə ki, vaxtiylə böyük mütəfəkkir Platon musiqinin müalicədəki rolu haqqında demişdir: “Ən yaxşı dərman musiqi, gözəllik və mahnıdır”.

Bu məntiqlə yanaşsaq, liftlərdəki musiqinin göründüyündən daha artıq təsir gücü və faydaya malik olduğu şübhəszidir.

Məhəllənizdə toy var? Musiqi sifariş etmək istəyirsiniz? “Lift-servis” Birliyinə zəng edin!

Sumqayıtda vətəndaşlara göstərilən lift xidməti ilə bağlı maraqlı faktlardan biri də liftdə səslənən musiqilərin insanların günlük yaşamı ilə bağlı olmasıdır. Belə ki, “Lift-servis” Birliyi ilə yaxından təmas quran vətəndaşlar adıçəkilən quruma zəng edərək musiqi ilə bağlı arzu və istəklərini bildirir, həmin istəklər qeydə alınaraq təmin edilir. Bəzi hallarda məhəlləsində toy olan sakinlər də “Lift-Servis” Birliyinə zəng edərək həmin gün üçün məxsusi mahnılar sifariş edir ki, bu da bina sakinlərinin əhval-ruhiyyəsinə xoş ovqat əlavə edir. Odur ki, əgər Sumqayıtda yaşayırsınızsa və məhəllənizdə toy varsa, onun musiqi sifarişini “Lift-Sevis” Birliyinə ünvanlaya bilərsiniz. Əmin ola bilərsiniz ki, bu xahişiniz vətəndaş məmnunluğunu hər bir işində rəhbər tutan “Lift-Servis” Birliyinin zəhmətkeş kollektivi tərəfindən məmnuniyyətlə yerinə yetiriləcək.

“Onun yanaşması əsl mütəxəssis yanaşmasıdır”

Özünün 70 illik ildönümünə hazırlaşan Sumqayıtda həyata keçirilən bütün işlər kimi, lift təsərrüfatında gerçələşdirilən yeniliklər prezident İlham Əliyevin  adı ilə bağlıdır. Ölkə başçısının lift təsərrüfatına mühüm diqqət yetirdiyini bildirən “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev icra başçısının da bu sahəyə böyük qayğı göstərdiyini vurğuladı:

“Sumqayıtın lift sistemində həyata keçirilən yeniliklər ölkə başçısının şəhərimizə olan diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin səyi nəticəsində şəhərimiz və eləcə də onun lift sektoru sürətlə müasirləşməkdə, inkişaf etməkdədir. Bu məsələdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun da böyük əməyi var. Z.Fərəcov şəhərimizdə icra başçısı kimi fəaliyyət göstərdiyi son üç il ərzində mühüm yeniliklərə imza atıb. Şəhərimizdəki liftlərin 62%-i, yəni 367-si  məhz son iki ildə yenilənib ki, bu da icra başçısının bu sahəyə olan diqqətinin nümunəsidir. Zakir müəllim 23 fevral 2018-ci ildə “Lift-Servis” Birliyində də olmuş, intellektual idarəetmə sisteminin fəaliyyəti ilə tanış olmuşdur.

Z.Fərəcov uzun müddət mənzil-kommunal sektorunda fəaliyyət göstərdiyi üçün bu sistemə, lift təsərrüfatına da yaxşı bələddir. Təsadüfi deyildir ki, o, lift sistemi ilə bağlı məsələlərə sadəcə icra başçısı kimi deyil, sözün həqiqi mənasında əsl mütəxəssis kimi yanaşır. Odur ki, həm prezidentimizə, həm də Zakir müəllimə göstərdikləri diqət və qayğıya görə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk”.

Göründüyü kimi, Sumqayıtın lift təsərrüfatında həyata keçirilən yeniliklər sadəcə inanılmazdır. Dünyanın heç bir yerində 2 ildə 367 lift quraşdırılması, 374 liftin isə isə təmir edilməsi kimi heyrətamiz bir statistika mövcud deyil. Bu möcüzənin tək ünvanı məhz Sumqayıtdır.

Oğrular! – Sizi “görürük!”

Suqmayıtda lift təsərrüfatının yenilənməsi və intellektual idarəetmə sisteminin fəaliyyətə başlaması cinayətkarlıqla mübarizə baxımından da mühüm töhfələr verməkdədir. İlk baxışdan nə qədər qəribə görünsə də, hər bir hərəkəti qeyd edən mərkəzlşdirilmiş dispetçer xidməti  gecə saatlarında liftlərdəki şübhəli hərəkətləri də qeyd edir, ehtiyac yarandıqda bununla bağlı əlavə tədbirlər həyata keçirir.

Dispetçer xidməti kənar şəxslərin maşın zalına icazəsiz daxil olmaq cəhdlərini də qeyd edir.

Başqa sözlə desək, Sumqayıt binalarındakı liftlər sakinlərin təhlükəsizliyini ən  müxtəlif aspektləerdən təmin edir, oğurluq cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayır.

Eletrik kəsildi və siz liftdəsiniz? Narahat olmayın, liftiniz hərəkətdən qalmayacaq….

Şəhərdə istismara verilən yeni liftlərin daha bir üstünlüyü onların elektrik enerjisini 5 saat özlərində saxlamaq xüsusiyyəti ilə bağlıdır. Yəni elektrik enerjisi hər hansı səbəbdən kəsilərsə, o zaman liftlər öz hərəkətlərini 5 saat ərzində davam etdirə bilir. Başqa sözlə desək, elektrikin kəsilməsi nəticəsində nəinki liftdəki şəxs içəridə köməksiz vəziyyətdə qalmır, onun elektrik probleminin mövclduğundan belə xəbəri olmur. Bu isə o deməkdir ki, siz liftdə olan zaman enerji təminatında hər hansı problem baş verərsə, liftiniz əsla hərəkətindən qalmayacaq və sizi istədiyiniz ünvana çatdıracaqdır.

25 ildir “qapısını” bədbəxt hadisələrin üzünə bağlayan xidmət sektoru

Sumqayıtın lift sektoru öz təhlükəsizliyinə görə də ilk pillədə qərarlaşıb. Təsadüfi deyildir ki, son 25 ildə Sumqayıt liftində bir dəfə də olsun bədbəxt hadisə yaşanmayıb. Buna səbəb liftlərin yenilənməsi, köhnə liftlərin müasir liftlərlə əvəzlənməsi ilə yanaşı, həm də “Lift-Sevis” Birliyində çalışan insanların öz işlərinə məsuliyyətli yanaşmasıdır.

İnsanların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinin, 25 ildir ki, heç bri bədbəxt hadisənin baş verməsini önləməsinin nəticəsidir ki, “Lift-Servis” Xidməti Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən fəxri diplomla təltif edilib.

Bir sözlə, bu şəhərdə son 2 ildə yaradılan çoxsaylı möcüzələrdən biri də lift sektoru ilə bağlıdır. Və heç şübhə yoxdur ki, nəinki Qafqazda, bütövlükdə MDB məkanında analoqu olmayan bu möcüzə bundan sonra da minlərlə insanı heyrətləndirməkdə, onların lift haqqındakı ənənəvi düşüncələrini kökündən dəyişməkdə davam edəcək.

Seymur ƏLİYEV, moderator.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər