Sumqayıtda direktora qarşı 3 milyonluq İTTİHAM - Bəxtiyar Məmmədov nə cavab VERDİ?

1960

“AMEA-nın Polimer Materialları İnstitutu Əlibala Ağayev haqqında lazımi ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edəcək”. 

“Report”un məlumatına görə, bunu AMEA Polimer Materialları İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Məlum olduğu kimi, AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi Əlibala Eldar oğlu Ağayev müxtəlif kütləvi informasiya vasitələrində İnstitutun və Akademiyanın rəhbərliyinə qarşı heç bir əsası olmayan, böhtan xarakterli məlumatlar yayıb. Həqiqəti əks etdirməyən, tamamilə əsassız məlumatlardan ibarət yazıların institutumuzun, eləcə də AMEA-nın nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirdiyi üçün bu açıqlamanı vermək məcburiyyətində qaldım. Əvvəla onu qeyd edək ki, 2014-cü ildə Əlibala Ağayev müvafiq sahədə təcrübəsi olmadığı halda keçmiş rəhbərlik tərəfindən Laçın rayonundan məcburi köçkünlüyü, dörd övlad atası olması nəzərə alınaraq Kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. Əlibala Ağayev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını və məhkumluq həyatı keçirməsini işə qəbul olunan zaman kadrlar uçotunun şəxsi qeydiyyat vərəqəsində və tərcümeyi-halında göstərməyib”, – o qeyd edib.

B.Məmmədov vurğulayıb ki, AMEA Polimer Materialları İnstitutu aidiyyəti qurumların araşdırmasından sonra belə bir məzmunda məlumat alıb: “Belə ki, Polimer Materialları İnstitutunun Kadrlar şöbə­sinin rəisi, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş Əlibala Ağayev qulluq mövqeyindən sui-istifadə etməklə işə yeni qəbul olunan, əmək müqavilələri uzadılan şəxslərdən müəyyən təmənna gözləyib, qeyri-qanuni sənədləşmə aparıb, eləcə də qadın əməkdaşlara qarşı münasibətdə etik davranış qaydalarına riayət etməyib. Bu hallar da sosial narazılığın yaranmasına zəmin yaradıb. Ə.Ağayev işlədiyi müddətdə də “dələduzluq” fəaliy­yətindən əl çəkməyib, vətəndaşları aldadaraq “borc” pul alıb, borcu ödəməkdən imtina edib və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57saylı, 16.12.2015-ci il icra sənədi ilə həmin borcun onun əmək haqqından tutulması qət olunub. Laçın Rayon Məhkəməsi yaranmış məhkəmə zərurəti ilə əlaqədar Ə.Ağayev haqqında məlumat (17.10.2016 tarixli 1/96 saylı müraciət məktubu) istəyib. Bundan əlavə, vətəndaşların belə səpgidə qeydiyyata alınmayan çoxsaylı şifahi müraciətləri olub. İşlərində yol verdiyi ciddi nöqsanlara görə Ə.Ağayevə PMİ-nin Elmi Şurası tərəfindən xəbərdarlıq edilib (30.03.2017 tarixli iclasın qərarı ilə) və AMEA prezidentinin sərəncamı ilə (№191, 07.04.2017) töhmət verilib. Bütün bu qeyd edilənlərlə əlaqədar olaraq, Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin rəisi Ə.Ağayev ilə bağlanmış 10 may 2016-cı il tarixli əmək müqaviləsinə, müqavilənin müddətinin qurtarması ilə əlaqədar 30 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib, yəni o, qanuni əsaslarla işdən azad edilib. Lakin Ə.Ağayev iddia edir ki, o, bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib və guya ona deyilib ki, işdən çıxarılmasına dair tapşırıq AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevdən alınıb. Bildirirəm ki, Ə.Ağayevin işdən çıxarılması ilə bağlı Fətəli müəllimdən heç bir “tapşırıq” gəlməyib. İddiasının Ali Məhkəmədə baxılmasına qərar verildiyinə baxmayaraq,  Ə.Ağayev AMEA-nın və Polimer Materialları İnstitutunun rəhbər işçiləri barədə əsassız ittihamları internetdə müxtəlif saytlarda yerləşdirib, dövrü mətbuatda “ictimailəşdirmiş” və bu yönümdə Polimer Materialları İnstitutunun direktoruna “xəbərdarlıq” və müəyyən mənada “hədə” məktubu ilə müraciət edib”.

“Ə.Ağayev Polimer Materialları İnstitutunun təmiri üçün üç milyon manat ayrıldığına və vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair yalan məlumat yayıb. Bu da onun ictimai rəyi çaşdırmağa yönəlmiş növbəti cəhdindən başqa bir şey deyil. Belə ki, 2013-cü ildən, yəni Fətəli Abdullayevin AMEA-da çalışdığı müddətdə instituta əsaslı təmir üçün heç bir vəsait ayrılmayıb. “Sumqayıt” Mənzil Tikinti Kooperativindən mənzil alınması məsələsinə gəldikdə isə onu ictimaiyyətin nəzərinə çatdırırıq ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi Akademiyanın və İnstitun mənafeyinə ziyan gətirə biləcək qanun pozuntusuna yol verməyib. AMEA Polimer Materialları İnstitutu nüfuzlu dövlət müəssisəsidir və 52 ildir fəaliyyət göstərir. İnstitutda 89 elmi işçi, o cümlədən 12 elmlər doktoru, 40 kimya üzrə fəlsəfə doktoru və AMEA-nın 5 müxbir üzvü çalışır. Polimer Materialları İnstitutunun rəhbərliyi İnstitutun nüfuzuna xələl gətirilməsinə, İnstitut alimlərinin, eləcə də AMEA-nın rəhbər işçilərinin ünvanına yalan və böhtan xarakterli əsassız ittihamlar irəli sürülməsinə yol verə bilməz. Bununla əlaqədar olaraq yaxın zamanlarda AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi vətəndaş Əlibala Ağayev haqqında lazımi ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edəcək”, – professor bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər