SUMQAYITDA DOSTUNU ÖLDÜRƏN ŞƏXS: “ÖMÜRLÜK CƏZA VERSƏLƏR DƏ, CƏZAMI ÇƏKMƏYƏ HAZIRAM”

1717

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Xəyal Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, X.Abbasov Sumqayıtda birlikdə xeyli miqdarda spirtli içki qəbul etdiyi 43 yaşlı Emin Nuriyevi öldürüb.

Belə ki, o, bir uşaq atası E.Nuriyevlə Sumqayıtda parkda 1 litr araq, daha sonra da aptekdən aldıqları 0,5 litr etil spirti içiblər. Daha sonra hər iki şəxs sərxoş olub və aralarında mübahisə yaranıb. Bu zaman onların yanına Post Patrul Xidmətinin əməkdaşları gəlib və ictimai asayişi pozduqlarına görə xəbərdarlıq edib. X.Abbasov polisdən xahiş edib ki, E.Nuriyevi sakitləşdirdikdən sonra oradan uzaqlaşacaqlar.

Polis əməkdaşları getdikdən sonra X.Abbasov E.Nuriyevin yaxasından tutub və onu sürüyərək yolun əks tərəfinə aparıb. E.Nuriyev də onu söyüb. Daha sonra X.Abbasov yemək yeyərkən istifadə etdikləri mətbəx bıçağı ilə ona 8 bıçaq zərbəsi endirib. Nəticədə E.Nuriyev hadisə yerində ölüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə X.Abbasov özünü qismən təqsirli bildiyini söyləyib. O, ifadə verməkdən imtina edib və törətdiyi əmələ görə peşman olduğunu qeyd edib. Vurğulayıb ki, E.Nuriyev əvvəlcə onu, daha sonra isə anasına söyüb və buna görə də onu öldürüb.

Daha sonra prosesdə mərhum E.Nuriyevin hüquqi varisi kimi tanınan atası dindirilib. O qeyd edib ki, oğlu içki içsə də, heç kəslə dava edən olmayıb.

Mərhumun atası söyləyib ki, oğlu öləndən sonra X.Abbasovun ailəsi onlara 300 manat maddi yardım edib. O, təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası da ifadə verib. O bildirib ki, oğlu X.Abbasov hadisədən sonra evə gəlib: “O, eyvanda oturub dizlərinə vururdu. Ondan nə olduğunu soruşanda Emini vurduğunu dedi. Amma mən yenə də inanmadım. Paltarlarını dəyişib evdən getdi. Qayıdanda yanında adamlar da var idi. Xəyal həmin şəxslərin dostları olduğunu söylədi. Lakin onun yalan danışdığını başa düşdüm. Çünki polisləri tanıyırdım. Sonra öyrəndim ki, Xəyal Emini öldürüb. Sizə qurban olum oğlumu cavanlığına, mən anasına bağışlayın”.

Bu zaman X.Abbasov ona verilən cəzanı çəkməyə hazır olduğunu qeyd edib: “Məhkəmə mənə ömürlük cəza versə də, cəzamı çəkməyə hazıram”.

Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.

X.Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər