Sumqayıtda Etilen-polietilen zavodunda aparılan modernizasiya işləri yekunlaşır -FOTOLAR

2596

SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda aparılan modernizasiya işləri özünün son və əsas mərhələsinə qədəm qoyub

SOCAR-ın neft-qaz emalı zəncirinin önəmli həlqəsi olan “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda 2016-cı ildən, genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində Azərikimya İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə , bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır. Bu ilin üçüncü rübündə layihənin tamamlanması ilə “Azərikimya” İB nin Etilen-polietilen zavodu yenilənmiş müasir formatda fəaliyyətini davam etdirəcəkdir.
Bundan başqa layihənin nəticəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR-POLYMER” MMC müəssisələri dayanıqlı olaraq daha çox miqdarda etilen, propilen, saf hidrogen və digər enerjidaşıyıcılarla təmin ediləcək, Heydər Əliyev adına NEZ-dən təchiz olunan qaz xammallarının iqtisadi baxımından daha effektiv emalı yaradılacaq, mövcud EP-300 qurğusunun istismar dövrünün minimum növbəti 20 ilə kimi uzadılması reallaşacaq və qurğuların istehsal prosesinin etibarlılığı və səmərəliliyi artırılacaqdır.

Qeyd edək ki, modernizasiya çərçivəsində Technip FMC şirkətinin İtaliya və Benilyuks ofisləri tərəfindən bir neçə yeni qurğu inşa olunur, yeni piroliz sobaları quraşdırılır, bir çox köhnə və aşınmış qurğu və avadanlıq tam olaraq yenilənir. Zavodda texnoloji prosesin mövcud pnevmatik idarə edilməsi sistemindən avtomatik sistemə keçilməsi işləri həyata keçirilir. Artıq bu ilin birinci rübündən etibarən baş podratçısı tərəfindən sınaq-sazlama testlərinə (funksional, hidro və pnevmatik testlər) başlanılması nəzərdə tutulur.

Təbii ki, bu qurğuların idarə olunması üçün yeni nəsil mühəndislərə də ehtiyac yaranır. Bütün bunlar nəzərə alınaraq SOCAR “Azərikimya” İB ilə bu sahədə qabaqcıl təcrübəyə malik SOCAR ın Türkiyədəki analoji müəssisəsi Petkim Petrokimya Holding A.Ş. arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Bu razılaşmada məqsəd tərəflərin əməkdaşlarının müasir bilik və təcrübəsindən birgə istifadə etmək və bu təcrübənin öyrənilməsinə şərait yaratmaqdır. Artıq Petkim Petrokimya Holding A.Ş.-nin bir qrup əməkdaşı ötən ilin 3 cü rübündən etibarən “Azərikimya” İB-də bu istiqamətdə fəaliyyətə başlamış və onların təcrübələrindən istər sınaq-sazlama testlərində, istərsə də təhvil-təslim mərhələsində istifadə olunacaqdır.

“Azərikimya” İB tərəfindən isə mərhələli şəkildə bir qrup gənc mühəndis yeni qurğuların texnoloji proseslərini və idarəetmə mexanizmlərini mənimsəmək məqsədilə istehsalçı şirkətlərin təqdim etdiyi təlimlərlə yanaşı 2020-ci ilin 1-ci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün Petkim Petrokimya Holding A.Ş-yə ezam olunacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər