Sumqayıtda həvəskar velosipedçilərin ilk veloyarışı keçirildi

689

Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü ilə iyunun 25-də bu şəhərdə həvəskar gənc velosipedçilər arasında yarışlar keçirilmişdir. Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş tədbir Azərbaycan Silahlı Qüvvələri Günü bayramına həsr edilmişdir. 150-yə yaxın gənc velosipedçi ümummilli lider Heydər Əliyevin abidəsinin yaxınlığında toplaşmışdı. Həvəskar velosipedçilər arasında ilk yarışa burada təntənəli şəkildə start verilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Yarışların açılış mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak etmişdir. Şəhər rəhbəri jurnalistlərlə söhbətində qeyd etmişdir ki, son vaxtlar Sumqayıtda gənclərin idman yarışlarına marağı nəzərəçarpacaq dərəcədə artmışdır. Yaşayış massivlərində keçirilən görüşlərdə şəhər sakinləri də bu faktı tez-tez vurğulayırlar. Veloyürüş əslində sağlam həyat tərzinin və idmanın bu növünün gənclər arasında təbliği deməkdir. Eldar Əzizovun sözlərinə görə, bütün bunları nəzərə alaraq keçirilən yarışlar gələcəkdə ənənəvi olacaqdır.
Yarış iştirakçıları Sumqayıtın əsas küçələri ilə hərəkət etmişlər. Təşkilatçılar iştirakçılara müxtəlif rəngli idman maykaları və şlemlər paylamışlar. Yol polisi əməkdaşları velosipedçilərin şose boyunca təhlükəsiz hərəkətini təmin etmiş, təcili tibbi yardım briqadaları bütün marşrut boyunca veloyürüşün iştirakçılarını müşayiət etmişlər. Finiş xəttinə hamıdan tez 9-cu mikrorayonun sakini Tural İsgəndərov, onun ardınca 3-cü məhəllədə yaşayan Elmar İlyasov çatmışdır. İnşaatçılar qəsəbəsinin nümayəndəsi Emin Rüstəmov 3-cü nəticə göstərmişdir.
Elə həmin gün qaliblər təltif edilmişlər. Yarışda ilk 3 yeri tutan velosipedçilərə pul mükafatları verilmiş, veloyürüşü uğurla başa çatdıran daha 7 velosipedçiyə hədiyyələr təqdim edilmişdir. Təltif edilənlərin hər birinə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları verilmişdir.
Xatırladaq ki, Sumqayıtda Velosiped İdmanı Klubu keçən il yaradılmışdır. Hazırda 70-ə yaxın həvəskar velosipedçi, o cümlədən veloyürüşün qaliblərinin hamısı bu klubun fəal üzvüdür.

AzərTac, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər