Sumqayıtda “Həyatı bizimlə sevin” adlı rəsm sərgisi keçirilib

1755
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində “Həyatı bizimlə sevin” adlı rəsm sərgisi keçirilib. Tədbirin məqsədi uşaqlara bayram əhval-ruhiyyəsi yaşatmaq, özlərini günün qəhrəmanları kimi hiss etmələrinə vəsilə olmaqdır.
Tədbirdə Niderland krallığında Hollandiya-Azərbaycan evinin sədri Elxan Mirhəşimli, Sumqayıt Şəhər Olimpiya İdman Mərkəzini direktoru Məmməd Eyvazov, Təfəkkür liseyinin direktoru Qonca Səftərova, Serhədçi istirahet mərkəzinin rəisi Kənan Cəfərov, Tərəqqi medallı iqtisadçı ekspert, Prezident yanında Beynəlxalq Humanitar Yardım Şurasının üzvü  İndira Şəmsivari, Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti, yazar-publisist Hümbət Quliyev, Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Mətləb Məhərrəmov, Sumqayıt şəhər 5 saylı Mənzil Kommunal İstismar İdarəsinin keçmiş rəisi Məhəmməd Fərəcov, eləcə də Sumqayıt şəhər “Qara Qarayev” adına bir nömrəli musiqi məktəbinin müəllim və uşaq kollektivi iştirak edib. Musiqi məktəbinin tələbələri tədbir boyu fortepiano və skripkada maraqlı kompozisiyalarla çıxış ediblər.
Tədbirin təşkilatçısı və rəssam Nigar Arif tədbir iştirakçılarını salamlayaraq, uşaqları bu özəl gündə yalnız buraxmayan bütün qonaqlara öz təşəkkürünü bildirib:
“Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Tədbirimizin məhz bu gün təşkil edilməsi heç də təsadüfü deyil. İstədim gözəl balaları elə bu gün, onların özəl günündə bir araya toplayım. Uşaqlar bizim gələcəyimizdir. Biz onlara hər zaman dəstək olmalıyıq. Onların özgüvənini artırmalı və cəmiyyətimizə faydalı şəxsiyyət kimi yetişmələrinə şərait yaratmalıyıq”
Niderland krallığında Hollandiya-Azərbaycan evinin sədri Elxan Mirhəşimli də uşaqların bayramını təbrik edərək, onlara hər zaman özlərinə güvənmələrini, istedadlarından istifadə eməklə daim zirvələrdə olmağı arzu edib.
Tədbirdə 4-16 yaş qrupu arasında uşaqların təxminən 87 rəsm əsəri və 40 yaxın şüşə, taxta, balıqqulağından hazırlanan maraqlı dekorativ əl işləri sərgilənib. Ümumilikdə 56 balaca istedadlı uşaqların iştirak etdiyi sərgidə nümayiş etdirilən əsərlər qonaqları heyrətləndirib.
Balaca fidanların hər biri öz rəsm əsərinin yanında dayanaraq onlara məxsus olan kompozisiyalarını qonaqlara təqdim ediblər.
Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etdiyini deyən rəssam Nigar Arif,  bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə etdiyini diqqətə çatdıraraq bir vətəndaş kimi gələcək nəsilin davamçıları ilə qürur duyduğunu bildirib.
Tədbirin sonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı uşaqların musiqi alətlərində  hazırladığı kiçik maraqlı kompozisiyalar təqdim edilib. Qəhrəman personajları, mahnılar, rəqslərlə müşayət edilən tədbirin sonunda sərgi iştirakçılarına təşəkkürnamə və sertifikatlar paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər