Sumqayıtda idmançını öldürən şəxs danışdı: Başıma sillə vurdu

1434

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.İsmayılov özünü təqsirli bilmədiyini, oğlu R.İsmayılov isə qismən təqsirli bildiyini söyləyib.

Daha sonra R.İsmayılov sərbəst ifadə verərək deyib ki, hadisədən əvvəl “PES” klubda mərhum Rasif Həbibovla mübahisə edib:

“Mən uşaqlarla klubda “playstation” oynayırdım. Telefonum isə “zaryatka”da idi. Bu zaman Rasif kluba daxil olub, mənim telefonumun “adapter”ini çıxarıb, öz telefonunu “zaryatka”ya qoydu. Ondan səbəbini soruşanda başıma sillə ilə vurub, yaxşı etdiyini söylədi. Sonra Rasif məni söyüb, döydü. Bizi orada uşaqlar ayırdı, ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu yuxudan oyadıb, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünki Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla Rasiflə görüşməyə getdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rasifin yanında bir neçə şəxs olub:

“Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də özünü maşına soxdu. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, “Ramil uşaqlıq edib”. Hər atam Rasifə sual verdikcə Samir özünü ortaya soxurdu. Sonra maşını kənara çəkib, yerə düşdük. Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, sonra hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik”.

R.İsmayılov bildirib ki, bıçağı hadisədən sonra dənizə atıb.

Proses dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində baş verib.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər